safları sıklaştırın cocuklar
bu kavğa faşizme karşı
bu kavğa hürriyet kavğasıdır.
Bilənlər bilir, bilməyənlərə də agah olsun – bu misralar bu gün doğum günü olan Böyük şairin – ustad Nazim Hikmətin misralarıdır. Və bu misralar nə vaxt, harada, niyə yazılmasından asılı olmayaraq indi – bizim zamanda və məkanda illərdir bitməyən həmin o qovğanın unudulmaz nəğməsi kimi səslənir. Başqa bir Böyük Şair – Pablo Neruda isə deyirdi: “Nəğmələr əbəs yerə oxunmur”. Haqlıdır. Nəğmələr əbəs yerə oxunmurlar və sonda mütləq nəğmələr qalib gəlirlər.
Hanı yüz illər, min illər öncənin zülm rüzgarı əsdirən zalım tiranları, amansız kralları, şahları?! Hanı hakimiyyət, sərvət uğrunda insan ömürlərini ucuz xərcləyən despotlar?! Yoxdular. Amma həmin o yüzillər, minillər öncənin nəğmələri hələ də yaşayır, hələ də oxunur, ən əsası isə əbəs yerə oxunmur.
Elə indi onlardan biri düşür yadıma:
Okuttuğun tutmaz oldu alimler
Kalmadı adalet arttı zulümler
Terlemeden mal kazanan zalimler
Can verirken soluması zor imiş
Dadaloğlunun yüzillər öncə əlindən fəryad etdiyi “terlemeden mal kazanan zalimler” yoxdur, çoxdan tarixin kirli, tozlu səhifələrində heçliyə məhkum olunublar, Dadaloğlunun özü – nəğməsi isə var, oxunur və oxunacaq.
Xədicə də mənim üçün bütün zamanlarda oxunacaq bir nəğmədir. Elə bir nəğmə ki: sözləri – Vicdanın, musiqisi – Azadlığın!
Elə bir nəğmə ki, indi valideynlərinin onu qaralamaq, onu “vətən xaini” çıxarmaq, onu yox etmək kampaniyasına qoşulmaq bahasına qazandığı çörəklə böyüyənlər də gələcəkdə bu nəğməni mütləq zümzümə edəcəklər. Mütləq!
Fərq etməz indi Xədicə hardadır – dəmir barmaqlıqlar ardındadır, ya deyil, fərq etməz, biz onun və bütün vicdanlı, ləyaqətli dostlarımızın uğrunda mübarizə apardığı idealların qələbəsini görəcəyik, ya görməyəcəyik, fərq etməz arzuladığımız dəyərlərin təntənəsini yaşamaq bizə qismət olacaq, ya olmayacaq, amma bu birmənalıdır: Xədicə bir nəğmə kimi daim oxunacaq.
Bu gün doğum günü olan Nazim Hikmət nəğməsi kimi:
cebin para-para
dolacaq deyə
ruhun pare-pare olmasın!
Nazim Hikmət sağlığında basqıların, təzyiqlərin ən ağırını yaşadı, yolu həbsxanalardan düşdü, “vətən xaini” elan edildi, canından çox sevdiyi məmləkətindən didərgin salındı və ömrünün sonunadək bu ayrılığın acısı ilə şeirlər söylədi. O şeirlər, o nəğmələr hələ də oxunur, həmişə də oxunacaq, bəs cibini pul-para ilə doldurmaq naminə ruhunu paramparça edənlər – Nazimi daşlayanlar, Nazimi dışlayanlar, Nazimi aşağılamağa, yox etməyə çalışanlar hanı?! Nə adları qaldı geriyə, nə amacları – sanki lap başından bəri yox imişlər kimi!
Şərlə dostluğun, yalana xidmətin, həqiqəti daşlamanın, ədaləti dışlamanın bədəlini onlar indi məhz bu cür ödəyirlər: həqiqətə qazdıqları quyuya gömülməklə və bir daha oradan çıxa bilməmək şərti ilə!
Nazimin doğum günündə onun şeirlərini öz sözü, öz nəğməsi kimi oxuyan Xədicəyə buradan qucaqdolusu salamlarımı göndərir və sonda ona axır aylarda yaşadıqlarımızdan sonra hər nə qədər ovqatımla uyuşmasa da, elə Nazimin misraları ilə xitab etmək istəyirəm:
düşmezse düşmesin
bizim yakamızdan ölüm
bizim üstümüze
güneş doğacak, gülüm
gülüşüne
bir kurşun sıksa da ölüm
unutma ki umuta
kurşun işlemez, gülüm!
Öpülürsən, əziz Xədicə, əziz dost, əziz nəğmə!