Obama və Kemeron birgə bəyanat verdi; Avropa Birliyi isə yeni sanksiyalara hazırlaşır
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron “The Times” qəzetində birgə məqalə ilə çıxış edib. Məqalənin dərci onların Ağ Evdə görüşü ilə eyni vaxta təsadüf edib.
“Biz azadlıq səsini boğmağa imkan vermərik. Dəyərlərimizə və həyat tərzimizə təhlükə yaradanlara müqavimət göstərmək üçün birgə fəaliyyət göstərəcəyik”, – ABŞ prezidenti və Britaniya baş nazirinin birgə məqaləsində vurğulanır.
Müəlliflər qeyd edir ki, kimliyindən asılı olmayaraq, ekstremistlərdən qorxub çəkinməyəcəklər: “Biz əvvvəlki kimi Rusiyanın Ukraynadakı aqressiv hərəkətlərini cəsarətlə qarşılayacağıq. Əgər insan hüquqlarının belə maneəsiz pozulmasına imkan versək, hamımız qeyri-stabillikdən əziyyət çəkəcəyik. Münaqişəni diplomatik yolla həll etmək üçün əvvəlki kimi Rusiyaya təzyiq göstərəcəyik. Həmçinin Ukraynaya dəstəyi də davam etdirəcəyik”.
Bu arada, Avropa Parlamenti də yanvarın 14-də Rusiyanı kəskin ittiham edən 2 qətnamə qəbul edib. Qətnamələrdən birində Rusiya qonşu dövlətə qarşı təcavüzkar siyasət yürütməkdə ittiham olunur.
Avropa Parlamenti eyni zamanda, Avropa Şurasını Rusiyaya qarşı qəbul edilmiş tədbirləri dəyişməməyə çağırıb.
Avropa Parlamentinin saytında yerləşdirilən press-relizdə deyilir ki, Rusiya təcavüzkar hərəkətlərindən əl çəkənə, Donbasdan ordusunu çıxarana və separatçılara dəstəyini dayandırana qədər sanksiyalar qüvvədə qalmalıdır.
Avropa Parlamenti həmçinin Rusiyanın müxalifət fəalı Aleksey Navalnı və qardaşının əsassız ittihamlarla məhkum edilməsini kəskin pisləyən qətnamə də qəbul edib.
Qətnamədə deyilir ki, korrupsiyaya qarşı mübarizə aparan müxalifət fəalının işi siyasi məsəyə oxşayır və məhkəmə prosesi bu cür müdaxilələrdən kənar, azad olmalıdır.
Bundan başqa, avropalı deputatlar Avropa Birliyini Rusiyanın enerji sektoruna qarşı da sanksiya tətbiq etməyə çağırıb. Həmçinin Rusiya təşkilatlarına qarşı əlavə maliyyə sanksiyalarının tətbiqi təklif olunub.
İnformasiya şöbəsi



