2 qəpiklik piar, yoxsa…?

2 qəpiklik piar aksiyası, yoxsa qaş düzəltmək istəyənlərin vurub göz çıxarması?

Hökumət mətbuatı və sosial şəbəkələrdəki yandaşları bir az sevincək, bir az da xalqa minnətlə Tarif Şurasının benzinin qiymətinin 2 qəpik qaldırılması haqda qərarını dövlət başçısının ləğv etdirməsindən bəhs edirlər. Bununla əlaqədar bir neçə məqama diqqətinizi cəlb etmək istəyirəm:
 
– Neftin qiymətinin aşağı düşməsindən sonra hökumətin anons etdiyi qiymət artımları arasında ən az olanı benzinin qiymətinin 2 qəpik artırılması idi.
 
– Heç şübhəsiz ki, xalqa edilən bu “2 qəpiklik” güzəşt də İlham Əliyevin öz istəyilə edilməyib. Bu xırda güzəşt qiymət artımına hələlik sosial şəbəkələrdə ifadə olunan ümumxalq narazılığını sakitləşdirmək cəhdidir.
 
– Dövlət başçısının bu göstərişindən istifadə edib, “qiymət artımını Tarif Şurası özbaşına edibmiş, dövlət başçısı xəbər tutan kimi tədbir gördü” təbliğatı çox bayağı və səviyyəsizdir. Tarif Şurası prezidentin yanında olan icra qurumlarından biridir. Və rəsmən prezidentin siyasətini həyata keçirir.
 
– Təsdiqləndi ki, dövlət başçısı son bir ay ərzində elan olunmuş digər qiymət artımlarına etiraz etmir. Maşının, qızılın və digər zərgərlik məmulatlarının, siqaretin, spirtli içkilərin və sairin qiymətlərinin artmasına, əhalinin banklardakı əmanətinə vergi qoyulmasına, mənzil və torpaq vergilərinin artırılmasına da dövlət başçısının heç bir etirazı yoxdur.
 
– Etiraf olundu ki, Tarif Şurasının son illərdə həyata keçirdiyi bütün qiymət artımları İlham Əliyevin iradəsi ilə baş verib. Ən azı dövlət başçısı həmin qərarları ədalətli sayıb və ləğvini istəməyib. İndi isə hər kəs Tarif Şurasının bu qəbildən olan saysız–hesabsız qərarlarını yada sala bilər. Bir neçəsini mən yadınıza salım: Tarif Şurası 2007-ci ildə elektrik enerjisinin qiymətini birdən-birə üç dəfə, benzinin qiymətini orta hesabla 50 faiz qaldırmışdı. 2009-cu ildə qazın qiyməti 2 dəfədən artıq, 2011-ci ildə dəmir yolunda qiymətlər 2-3 dəfə artırılmışdı. 2013-cü ilin dekabrında isə benzinin litrinin (markasından asılı olaraq) qiyməti 2 yox ha, 15-20 qəpik artırılmışdı. Qalan qiymət artımlarını da özünüz xatırlaya bilərsiniz.
 
Nəhayət, onu qeyd etmək istəyirəm ki, “2 qəpiklik” qərar üzərindən İlham Əliyevin təbliğatını qurmaq cəhdi hakimiyyətin düşünə bilən, savadlı, məlumatlı insanlardan artıq əlini üzdüyünü göstərdi.
 
Hakimiyyət onları öz tərəfdarına çevirməyə heç çalışmır da. Elə primitiv təbliğat aparılır ki, savadlı və məlumatlı insanların buna inanmayacağı aksiomadır. Bir dəfə bu barədə ətraflı yazmışdım. Hökumət təbliğatının əsas hədəf qrupu əhalinin ən az məlumatlı və sadəlövh təbəqəsidir. Ona görə də savadlı və məlumatlı insanlar kömək etməlidirlər ki, məlumatsız həmvətənlərimiz vicdansızcasına aldadılmasınlar.