İŞİD-dən Azərbaycana təhdid

Təşkilatın daxili işlər naziri Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb

“Iraq Şam Islam Dövləti”nin (IŞID) daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan yaraqlıları bir yerə toplayaraq onları tərifləyib və Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb. Bu barədə “Another Western Dawn News” adlı Avropa nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, IŞID artıq Yaxın Şərqə ayaq açıb.

Bu səbəbdən də kəşfiyyatçı-ekspertlər neftlə zəngin Qafqaz regionunu gözlənilən təxribat təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa çağırırlar. Artıq dəqiq məlumdur ki, IŞID keçmiş SSRI respublikalarında, o sıradan Bəşər Əsəd tərəfdarlarına qarşı döyüşlərdə iştirak etmək üçün yüzlərlə vətəndaşının Suriyaya yollandığı Azərbaycanda mövcud sabitliyi pozmaq üçün konkret planlar hazırlayır. Abdul Vahid Xudayar Əhməd öz çıxışında Bakının əfsanəvi neft yataqlarından danışıb və xatırladıb ki, Ikinci Dünya müharibəsi vaxtı Hitler Almaniyası da ona sahib olmağa çalışıb: “Biz Bakını, Islamın ən qiymətli şəhərlərindən birini xilas etməliyik. Heç şübhəsiz, Azərbaycanın və onun təbii sərvətlərinin Islam dünyasındakı yeri bərpa olunacaq”.
Nəşr onu da iddia edir ki, Islam cihadçılarını yönləndirən və maliyyələşdirən Səudiyyə milyonçuları hələ 1998-ci ildən etibarən Azərbaycanda gizli radikal mücahidlərin hazırlanmasına və formalaşdırılmasına başlayıblar. Məlumatda vurğulanır ki, sonradan Suriyaya yollananlar məhz həmin dəstələrdə hazırlıq keçənlərdir.
 
IŞID-in qolu Azərbaycana da uzanıb
 
Maraqlıdır ki, bu ərəfədə Tükiyənin “Yeni Çağ” qəzeti “Islam Dövləti” (IŞID) terror qruplaşmasının Azərbaycanda fəaliyyətini gücləndirdiyinə dair məqalə dərc edib.
Məqalədə IŞID-çilərin 90 faizinin Suriyaya Türkiyə üzərindən keçdiyi göstərilir. Qəzet yazır ki, müxtəlif ölkələrdən öz sıralarına radikalları cəlb edən qanlı təşkilat IŞID-in qolu Azərbaycana da uzanıb. Təşkilat Azərbaycandan topladığı gənclərə təlim keçdikdən sonra onları ailələri ilə birlikdə Türkiyə üzərindən Suriyaya keçirir. Dönmək istəyən ailələr isə “Azərbaycanda sizi həbs gözləyir” deyə qorxudulur.
Məqalədə deyildiyinə görə, IŞID nə qədər itki versə də, öz sıralarına yeni döyüşçüləri cəlb etməkdə çətinlik çəkmir. Terror təşkilatı Türkiyə, Yaxın Şərq, Avropa və Rusiyadan sonra döyüşçülər toplamaq üçün yeni “hovuzu” Azərbaycan olub.
 
MTN-in IŞID əməliyyatları
 
Bildirilir ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi IŞID-ə qatılanlara qarşı tez-tez əməliyyatlar keçirir. “IŞID son zamanlar Azərbaycanda fəaliyyətini gücləndirib. Qanlı təşkilat tələyə saldığı gənclərdən evli olanları arvadları ilə birlikdə təlim keçib Suriya və Iraqdakı müharibəyə cəlb edir. IŞID geri dönmək istəyənləri ”qayıtsanız, cinayət törətdiyiniz üçün 15 il həbs cəzası alacaqsınız” deyə qorxudur. Qayıtmalarına icazə verilənlər isə Azərbaycana yox, Ukraynaya göndərilir”- deyə qəzet yazır.
“Yeni Çağ” onu da yazır ki, yanvarın 12-də Türkiyənin baş naziri Əhməd Davudoğlunun Berlinə səfərindən əvvəl Almaniyanın daxili kəşfiyyat xidmətinin rəisi Hans-Gorg Maasen Türkiyəni radikalı qrupların öz ərazisindən Suriyaya keçməsini əngəlləməyə çağırıb (Virtualaz.org).
 
“İŞİD ən ağlasığmaz addımlara gedə bilər”
 
IŞID-in mövqeyini şərh edən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini, dini məsələlər üzrə ekspert Elçin Əsgərov burda üç yanaşmanın olduğunu bildirib: “Ilk olaraq, bunun fiksiya olduğunu deyə bilərik. Əvvəla, IŞID-in Suriya və Iraqda olduğu kimi Azərbaycanda hərəkət etməsi mümkün deyil. Çünki ümumi sərhəd yoxdur, arada azı 2 ölkə var. Azərbaycana gəlmək üçün IŞID əvvəlcə Iraqın hamısını, sonra ya Iranı, ya da Türkiyəni işğal etməlidir. Bu da mümkün deyil. Ikincisi, Suriya və Iraqda ciddi məğlubiyyətlə üzləşdiyi və geri çəkildiyi bir dövrdə IŞID-in hər hansı bir ölkədə üçüncü cəbhə açması son dərəcə müşkül məsələdir. Üçüncüsü, Suriya və Iraqda IŞID-in qol-qanad açmasına imkan yaradan şərait Azərbaycanda yoxdur”.
Lakin ekspert IŞID-in ən ağlasığmaz addımlara gedə biləcəyini istisna etməyib.
 
 
İlham İsmayıl: “İŞİD Azərbaycanda da terror törədə bilər”
 
IŞID rəsmisinin dedikləri nə dərəcədə realdır? Paris terroru hansısa formada Bakıda reallaşa bilərmi? Bu sual ilə təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıla müraciət etdik.
 
Ekspert vurğuladı ki, IŞID daxili işlər nazirinin verdiyi bəyanat real təhlükə deyil. Ən azı coğrafi baxımdan IŞID-in Azərbaycanda neft yataqlarını tutması qeyri-mümkündür. IŞID-in Azərbaycandakı hakimiyyəti devirmək məsələsinə gəlincə, I.Ismayıl vurğuladı ki, bu da reallıqdan uzaqdır: “Amma IŞID Azərbaycanda da terror törədə bilər. Bunun üçün IŞID-in rəhbərləri Azərbaycana gəlməyəcək. Terror təşkilatının vaxtilə Suriyada və başqa yerlərdə vuruşan üzvləri var. Onların bir qismi Azərbaycana dönüblər. Onlardan hələ də nəzarətə düşməyib, həbs olunmayıb. Və ya konkret məqsədlə həmin adamları Azərbaycana göndərə bilərlər. IŞID Azərbaycanda terror törədə bilər. Amma bu nə hakimiyyətin devrilməsinə, nə də neft yataqlarının ələ keçirilməsinə gətirib çıxara bilər. IŞID Avropanın ən güclü təhlükəsizlik sistemləri olan yerlərdə belə terror törədir. Düşünürəm ki, MTN Azərbaycanda bu istiqamətdəki situasiyaya nəzarət edir”.
Xəyal