Əliyevin ad qoyduğu illər

2015-ci il kənd təsərrüfatının son ili ola bilər

Hökumətimizin dediyinə görə, Azərbaycan sürətlə inkişaf edir. Hətta hökumət bu sürətli inkişafı illərə bölüb və hər ilin öz inkişaf sahəsi var. Belə ki, ölkə başçısı Ilham Əliyevin sərənacamı ilə “Idaman ili”, “Turizm ili”, “Gənclər ili”, “Sənaye ili” və digər belə illər elan edilib. 2015-ci il isə prezidentin sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan edilib. 

Əvvəlcə yuxarıda sadaladığımız “inkişaf illəri”nə qısa ekskurs edək.

2007-ci ildə “Gənclər ili” elan olundu və hakimiyyət təmsilçiləri hər yerə car çəkdilər ki, bu il gənclərin həyatında əhəmiyyətli dəyişiklik olacaq. Amma “Gənclər ili”ndən 8 il ötür və 8 il öncə nə baş verdiyini heç kim xatırlamır. Əksinə, bu ildən sonra gənclər arasında işsizlik, evsizlik səviyyəsi artdı. Təhsil haqları artırıldı, kriminal hadisələrin əsas iştirakçısı gənclər oldu. Xaricdə təhsil alan gənclər ölkəyə qayıtmaqdan imtina etməyə başladılar. Ölkənin ən işıqlı, intellektual, vətənpərvər gəncləri şərlənərək həbs olundu və hələ də bu gənclər zindan həyatı yaşayırlar. Gənclərlə bağlı dövlət proqramı imzalandı və yalnız hakimiyyətin mədhi ilə məşğul olan bir qrup təşkilatlar bu imitasiyadan bəhrələnə bildi. Nəticə isə ondan ibarətdir ki, ali təhsilli gənclər kütləvi şəkildə fəhləlik edir. Əyalətlərdə olan gənclər Rusiyanın çöllərində dolanışıq axtarırlar. 

2010-cu il “Ekologiya ili” elan edildi və bu ildən etibarən ekoloji vəziyyət daha da kəskinləşdi. Hər gün müxtəlif məkanlarda ağacların kəsilməsi, havanın çirklənməsi, suyun tərkibinin standartlara cavab verməməsi ilə bağlı xəbərlər eşitdik. Şəhərin hər yerində “narahatlığa görə üzr istəyirik” plakatları vuruldu və hər tərəf toz-duman içində oldu. Bu proses hələ də davam edir. Ümumiyyətlə, Azərbaycanda ekologiya olduqca bərbad vəziyyətdədir və çirkab sular “meydan sulayır”.

2011-ci il “Turizm ili” elan olundu. Amma reallıq onu göstərdi ki, nəinki xaricilər, yerli vətəndaşlar da ölkədəki istirahət məkanlarından üz çevirdilər. Statistik məlumatlara görə, 100 minlərlə vətəndaş istirahət üçün Gürcüstana, Türkiyəyə və digər ölkələrlə üz tuturlar. Çünki, ölkədəki turizm məkanlarında qiymətlər fantastik həddə çatıb. Üstəlik, hansısa sıravi sahibkarın turizm sektorunda irəliləyişi mümkünsüzdür. Çünki, vergilər və digər qeyri-rəsmi ödənişlər sahibkara sərf etmir. Nəticədə turizm sektoru da məmurların nəzarətində qalır. Yəni “Turizm ili”  Azərbaycanı turizm sahəsində önə çıxara bilmədi. Hansısa 5 ulduzlu hotelin tikilməsi, süni şəlalə düzəldilməsi turizmin inkişafı kimi təqdim edilə bilməz.

2014-cü il “Sənaye ili” elan olundu. Bu il də hansısa sənaye sahəsinin inkişaf etdirilməsinin şahidi olmadıq. Nə yüngül, nə də ağır sənayedə inqilab baş verdi. Ümumiyyətlə, Azərbaycanın dünya bazarına çıxaracağı hansısa sənaye məhsulu yoxdur. Bu ölkədə lenti kəsilən obyektlər içərisində zavod və fabrik sonuncu yerləri tutur. “Sənaye ili”ndə onun şahidi olduq ki, 17 zavodu özündə birləşdirən Sumqayıt Texnologiyalar Parkı hakim ailənin nəzarətinə keçdi. Yəni “Sənaye ili” prezidentə aid oldu.

Belə “inkişaf illəri”ni çox sadalamaq olar. Indi də “Kənd təsərrüfatı ili” elan edilib. Azərbaycanda Kənd təsərrüfatının hansı vəziyyətdə olduğu heç kimə sirr deyil. Ötən il sahədəki bərbad vəziyyət hökumətin öz dili ilə də etiraf olundu. Bu sahədəki yeyintilər, “Aqrolizinq”dəki milyonluq korrupsiya faktları, subsidiyalarla bağlı problemlər üzə çıxdı. Ekspertlər bildirdilər ki, kənd təsərrüfatı məhsullarının tərkibinə zərərli maddələr vurulur və bəzi məhsullarla bağlı əhaliyə xəbərdarlıq da edildi. Ümumiyyətlə, Azərbaycan vətəndaşları kənd təsərrüfatı məhsullarına olan təlabatının böyük hissəsini idxal hesabına ödəyir.

Dünya Bankının hesabatında bildirilir ki, məhsuldarlığı aşağı, artımı az olan kənd təsərrüfatı Azərbaycanda ən çox iş verən sahədir: “Burda bütün işləyənlərin 37 faizi çalışır. Bu qədər adamın işlədiyi kənd təsərrüfatı ölkənin Ümumi Daxili Məhsulunun cəmi 5 faizini təşkil edir.

Digər tərəfdən, mədən sənayesi ÜDM-in 40 faizini verir, ancaq burda bütün ölkədə işləyənlərin cəmi 1 faizi çalışır”-deyə Dünya bankının hesabatında bildirilir.  

Bəli, kənd təsərrüfatının ÜDM-də payı 5 faizdir və hökumət qeyri-neft sektorunun inkişafından danışır. Yəni bu sahədə vəziyyət bu qədər pis olduğu halda kənd təsərrüfatı naziri Ismət Abbasovun vəzifəsi artırıldı və o, baş nazirin müavinidir. Onun əvəzinə isə bu sahəyə aidiyyəti olmayan Heydər Əsədov gətirildi və əvvəlki dövrlə fərqli hər hansı müsbət tendensiya hiss olunmur. Deməli, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi də, həmişəki kimi yalnız ilə ad qoymaqdan ibarət olacaq.

Ona görə də ümidlənməyə dəyməz. Siz, özünüzü “qoyun ili”nə kökləyin ki, sonradan məyus olmayasınız.

Akif