AXCP siyasi məhbuslarla bağlı kampaniyaya başladı

AXCP siyasi məhbuslarla bağlı kampaniya başlayıb.Müxtəlif sosial şəbəkələr üzərindən təşkil edilən kampaniyaya 13 yanvardan start verilib. Partiya ilk olaraq kampaniyaya  #FreeKhadija, #Xediceniazadet haştagı ilə, həmçinin aşağıdakı fotonu və Xədicə İsmaılın araşdırmalarını, çıxışlarını facebook, tvitter kimi sosila şəbəkələrdə həftə ərzində paylaşmaqla, Kürdəxanı təcridxanasına – Xədicə xanıma məktublar yazmaqla start verib. Artıq müxtəlif sosila şəbəkələrdə yüzlərlə istifadəçi kampaniyaya qatılıb. Bu haqda məlumat partiyaya məxsus “facebook” səhifəsində yerləşdirilib. Həmin məlumatı təqdim edirik.

“Azərbaycanda siyasi məhbusların hər birinin ittiham olunduqları maddələrə görə yox, sifarişlə həbs edildikləri bəllidir. Jurnalist Xədicə İsmayılın işində isə bu həqiqət çılpqalığı ilə üzə çıxdı. Xədicə İsmayılın həbsinə səbəb kimi Tural Mustafayev adlı bir gəncin şikayəti əsas götütülmüşdü. Guya Xədicə xanım onu intihar həddinə çatdırıbmış. Lakin sonradan Tural Mustafayev şikayətini geri götürdüyünü bəyan etdi və bu bəyanatı verən kimi həbs olundu. Bu hadisənin üstündən artıq 1 aya yaxındır vaxt keçir, amma Tural Mustafayevin həbsi, harada saxlandığı haqda heç bir rəsmi məlumat verilmir. Onu faktiki olaraq yoxa çıxarıblar. Xədicə İsmayılı isə hələ də həbsdə saxlayırlar.

Tural Mustafayevin bəyanatı və faktiki oğurlanaraq gizlədilməsi ilə Xədicə İsmayıla qarşı qurulan əməliyyat tamamilə ifşa olunub. Azərbaycan hökuməti etiraf etməsə də, bununla göstərdi ki, Xədicə İsmayılı əslində hakim ailə və birbaşa ölkə başçısı İlham Əliyevlə bağlı apardığı korrupsiya araşdırmalarına görə həbs edib. 

Azərbaycanın və dünyanın demokratik ictimaiyyəti israrla Xədicə İsmayılın azadlığa buraxılmasını tələb etsə də, hakimiyyət özünün rüsvayçı ifşası müqabilində belə, inadından dönmür.Həbsxanadan da Əliyevin avtoritar rejiminə meydan oxuyan, prinsipial mövqeyindən dönmədiyini nümayiş etdirən bu cəsur xanıma dəstəyini davamlı şəkildə bildirmək, onun həbsinin əsassızlığını gündəmdə saxlamaq hər birimizin borcudur. AXCP bunu nəzərə alaraq qarşıdakı günləri Xədicə İsmayıl həftəsi elan edir. AXCP ölkənin sosial şəbəkə istifadəçilərini, hər kəsi Xədicə İsmayılın müdafiəsi naminə bu kampaniyaya qoşulmağa çağırır. Siz də bu kampaniyaya qoşulun, #FreeKhadija, #Xediceniazadet haştagı ilə, həmçinin aşağıdakı fotonu və Xədicə İsmaılın araşdırmalarını, çıxışlarını facebook, tvitterdə bir həftə ərzində paylaşmaqla, Kürdəxanı təcridxanasına – Xədicə xanıma məktublar yazmaqla dəstək olun!”

Partiyadan verilən məlumata görə, kampaniya siyasi motivlərlə həbs olunan başqa məhbuslarla bağlı da  davam edəck.