YAP iqtidarının əsl mahiyyəti

Yaxud hakimiyyət Dərbənddəki olaylara niyə reaksiya vermir?

Azərbaycan hakimiyyəti hələ də Dərbənddə baş verənlər barədə susur. Xatırladaq ki, bir neçə gün əvvəl Dərbənddə Nizami Gəncəvinin heykəli yandırılıb. Dərbənd sakinlərinin sözlərinə görə, parkda aparılan təmir işləri ilə əlaqədar şairin heykəli ağ materiala bükülübmüş. Naməlum şəxslər yanvarın 8-də gecə saatlarında heykələ od vurublar.

Sakinlər baş verənlərlə əlaqədar Dərbənd rəhbərliyi və şəhər məclisinin sədri Imam Yaraliyevi günahlandırırlar.

Bu, Dərbənddə ilk vandal hərəkət deyil. Daha əvvəllər də Nizaminin heykəli qırmızı rəngə boyanmışdı. Bir qədər əvvəl isə Dərbənddə Sovet Ittifaqı Qəhrəmanı, azərbaycanlı Şamsulla Əliyevin də heykəli dağıdılmışdı. 

Sakinlər buna etiraz olaraq yanvarın 10-da aksiya keçirib.

Oxşar hadisə hansısa Avropa ölkəsində olsaydı, Azərbaycan hökuməti dərhal buna reaksiya verərdi. Biz bunun doğru addım olmadığını demirik. Biz deyirik ki, belə bir hadisə hansı ölkədə olursa-olsun buna rəsmi səviyyədə sərt reaksiya verilməlidir. Amma nədənsə hakimiyyət yalnız ABŞ-ı və Avropanı Azərbaycana düşmən görür. Hətta bu ABŞ və Avropa  Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağın işğalında onların hər hansı rolu olmasa belə, hakimiyyət hesab edir ki, Qərb ölkəmizə düşməndir. Amma məsələn, Azərbaycana 20 yanvar, Xocalı faciəsi kimi acılar yaşadan Rusiyanın ölkəmizin maraqlarına zidd hərəkətlərinə heç bir reaksiya verilmir. Səbəb aydındır. Azərbaycan iqtidarı bütün məsələlərə hakimiyyət marağından yanaşır. ABŞ və Avropa Azərbaycan hakimiyyətindən öz xalqına hörmət etməyi, vətəndaşların hüquqlarını tanımağı tələb edir. Ona görə də onlar düşməndir. Amma Rusiya belə tələbdə bulunmur. Bu baxımdan hətta bu ölkənin ərazisində dahi Nizaminin heykəli təhqir olunsa belə, buna göz yumulmalıdır. YAP iqtidarının mahiyyəti bax budur.

Akif