Səkinə xalanın sevgi zəngləri

Təxminən bir ildir feysbuk səhifəmdəki paylaşmalardan savayı heç nə yaza bilmirəm. Amma kim soruşsa, səmimi-qəlbdən: “”Azadlıq"a köşə yazıram", deyə lovğalanıram. Son günlər isə həm də “Azadlıq”dan ayrı düşməyimin xiffətini çəkirəm. Bu axşam yenidən davam etmək üçün keçmişdən başlamaq istədim. Gördüm ki, bu ölkədə ən təzə şey elə keçmişdir…   

Mətləbə birbaşa keçə bilməməyim həmişə ən çox əsəbiləşdiyim şeydir. Demək istəyirəmsə, o vaxtlar camaatın “kooperativ” adlandırdığı dükandan savayı ictimai tikilisi, fermanın südünü daşıyan lafetli traktordan başqa nəqliyyat növü olmayan ucqar bir kənddə böyümüşəm, mütləq gedib 70-ci illərin sosial problemlərinə çıxasıyam. Sovet dövrünün müsbət-mənfi, ziddiyyətli xüsusiyyətlərini izah etməyə çalışasıyam. Allah şahiddir ki, belə olmağımdan zəhləm gedir. Amma neyləyəsən ki, istəsək də, istəməsək də artıq nağıla dönmüş bütün bunlar bizim nəslin yaşadıqlarıdır. Illər keçdikcə “rəhmətlik filankəs belə deyərdi”, sərlövhəli söhbətlərlə bizlərin də nağıl dövrü yetişəcək. 

Hələ rəhmətlik olmasam da, mən öz nağılımı başlayıram…

Biz ikimiz eyni evdən çıxıb sovet dövrünün xırda bir kəndindəki ibtidai məktəbə gedirdik. On yaş məndən böyük müəllim qardaşım və şagird mən. Demirəm ki, məktəb adlanan o köhnə tikilidə bizə əməlli-başlı dərs keçirdilər. Demirəm ki, artıq rəhmətə getmiş qardaşım və bibim oğlundan ibarət “pedaqoji kollektiv2in işi-gücü yalnız bizə bilik verməkdən ibarət idi. Etiraf edim ki, məktəbimizin xadimə ştatında oturub əslində bizə tərbiyəçilik edən rəhmətlik Səkinə xala bu işə daha çox vaxt sərf edərdi. Biz müəllimlərimizi də, Səkinə xalanı da çox sevərdik, onların hər sözünə cidd-cəhdlə əməl edərdik. Səkinə xalanın eyvandakı ağır dəmiri döyəcləyib zəngi vurmağının hər hansı dərs və tənəffüs anlayışı ilə əlaqəsi yox idi. Eləcə bizə olan qayğısından əmələ gəlirdi ki, uşaqlar yaddan çıxıb sinifdə qalmasınlar. Çünki müəllimlərimiz bizə tapşırıq verib kənd əhlinin yığışdığı balaca meydana – bizim atalarımızın, böyük qardaşlarımızın yığışdığı yerə gedərdilər. Kəndimizin bütün problemləri məktəbin çəpərinə bitişik həmin yerdə həll olunardı. Bu məsələdə bizə düşən sinifdə müəllim oldu-olmadı, dərsimizi oxumaqdı. Ibtidai siniflərimiz pedaqogikaya uyğun gəlməsə də, təhsilmizi davam etməyə getdiyimiz böyük kəndlərin böyük məktəblərində biz həmişə ən seçilmişlərdən olurduq. Gəldiyimiz o balaca məktəbdə Səkinə xala daxil üç nəfərlik doğma kollektivin bizi yalnız təbii üsulla yetişdirdiyini danışsaq belə, kimsə inanmazdı. Xüsusən, bizə təmənnasız sevməyi öyrədən istiqanlı Səkinə xalanı oraların rəsmiyyətçi xadimələriynən müqayisə etmək sadəcə gülməli olardı.

Böyük kəndlərin böyük məktəblərində həmişə hər şey yağ kimi getmirdi. Ən azı ona görə ki, oralarda hər an daha sərt qaydalarla rastlaşırdıq. Bu da bizim kimi sərbəstliyə alışmış yarımvəhşi uşaqlar üçün əsil sürgün idi. Həm də yad mühitə asanlıqla alışacaq yaşda deyildik axı… Yəqin elə bu üzdən də vaxtaşırı əl-ələ tutuşub kəndimizə qaçmağa uğursuz cəhdlər edərdik.

O vaxt ürkək-ürkək yaxınlaşıb dost olmağa çalışdığım sinif yoldaşlarım barədə düşünmək qarşılaşdığım bəzi səhnələrə baxmayaraq həmişə xoşdu. Məsələn, gənc müəllimimizin qərib uşaq olduğuma görə mənə diqqqət göstərməsi, heç demə, ondan xoşlanan parta yoldaşım qızın güclü qəzəbinə səbəb olubmuş. Indi sadəcə xatirəyə çevrilmiş bu əhvalat ucbatından o vaxtlar günlərlə ağlamışdım. Hərçənd yaşıdım olan bir uşağın bunca məkrli olduğunu həzm etmək onda da, indi də mümkünsüzdü. Amma həqiqətdi. Onun “danos”uyla heç nədən cəzalandırılanda göz yaşlarıma məhəl qoymayan məktəb direktorunun əlinə bir həftədən sonra həmin qızın həmin müəllimə yazdığı “sevgi” məktubu keçmişdi. Yalnız bundan sonra könlümü almaq üçün direktor məni yanına çağırtdırdı. Bütün sinfin qarşısında “məktəbliyə yaraşmayan hərəkətə” görə “linç” ediləndən sonra onun mərhəməti ürəyimi elə bulandırdı ki, qəfil “bəraət”dən heç sevinmədim də.

Bu, mənim aldığım ilk möhtəşəm həyat dərsi idi. Bu günə qədər davam edən sonrakı haqsızlıqlar isə gündəlik həyat tərzimə çevrilib. Məlum, vətəndaşı olduğumuz məkanda bunun əksi mümkün deyil. Deyirlər, mənimlə eyni partanı bölüşən həmin qız isə ölkədəki mövcud “qanunlar” əsasında əlverişli mövqe tutaraq indi öz əhatə dairəsinin qaymaqlarındandır. Olsun, mənim gerçəyim felin bütün zamanlarında heç bir çərçivəyə sığmayacaq qədər azad, hərdən də körpə qəlbindən vurulan həmin o günahsız qızcığaz kimi kövrəkdir. 

Əslində, bu gerçəklik mənə özümdən və özündən savayı bir şey verə bilmədi. Amma biz bir yerdə əzab-əziyyətlərdən keçərək sevə-sevə öz azadlığımızın, sevincimizin, kədərimizin, hətta xəcalətlərimizin hekayətini yazdıq. Bu romantik fikirlərin fonunda maymaq görünə bilərəm. Amma inanın, çox rahatam…