Sabitlik kölələri

Ətrafımızda xeyli qəribə hadisələr baş verir. Demək olar ki, bütün neqativ tendensiyaları yaşadığımız ölkədə müşahidə edirik. Hesab edirəm ki, bu illər ərzində ən ağır zərbəni mənəvi baxımdan almışıq. Yəni itkilərimiz yalnız maddi sərvətlərimizin talanmasından ibarət olmayıb. Düşüncəmiz, təfəkkürümüz “liliput”laşıb. Mənən boy atmaq əvəzinə, yerin dibinə “köç” etmişik. Bizim üçün “hakimiyyət” anlayışı yol çəkilməsi, bina tikilməsi, park salınması ilə məhdudlaşıb. Biz beynimizin bir küncünə həkk etmişik ki, hakimiyyət “tikinti briqadası” deməkdir.

Düşüncəmizin əhatəsi o qədər daralıb ki, bütün pislikləri “sabitlik” adlanan məfhuma qurban vermişik. Cəmiyyətdə bir qrup insan var ki, istənilən neqativ faktın qarşısına “əsas odur ki, ölkədə sabitlik var” arqumenti ilə çıxırlar. Yəni ölkədəki korrupsiyanı, hüquqsuzluğu, sosial problemləri, ədalətsizliyin pik həddini, qeyri-insani addımları görürlər. Amma bu qənaətə gəlirlər ki, bütün bunlara sabitlik xatirinə dözmək olar. Görəsən, dünyada belə düşünən nə qədər insan var? 

Əvvəla, bu adamlara sual edirəm. Doğrudan da bütün pisliklərə sabitliyə görə dözmək olarsa, şəxsi həyatınızda bunu niyə təsdiqləmirsiniz? Satıcı pulunuzun qalığını qaytarmayanda, naşı sürücü maşınınızı əzəndə, qonşunuz sizi təhqir edəndə də susun. Sabitlik naminə bu məşəqqətlərə biganə qalın. Evinizə oğru girəndə özünüzü yatmışlığa vurun və bütün varidatınızı qurban edin. Niyə etmirsiz? Axı özünüzü Dədəq Qorqud kimi aparıb, cəmiyyətə məsləhət verirsiniz ki, “əsas odur ki, ölkədə sabitlik var”.

Seçkidə səsinizin oğurlanmasına dözürsünüzsə, evinizdəki oğurluğa da səssiz qalın. 

Sabitlik pisliklərə haqq qazandıra bilirsə, o zaman Avropa vətəndaşları kölə olmalıdır. Çünki, bu gün dünyanın əksər ölkələrində sabitlik hökm sürür və bu ölkələr bütün parametrlər üzrə Azərbaycanı dəfələrlə qabaqlayır. Deməli, Fransada, ABŞ-da, Almaniyada, Norveçdə, Kanadada insanlar yaltaq, qorxaq, kölə olmalıdılar. Çünki, ölkədə müharibə getmir və yüksək əmək haqları var. 

Cənablar, ortaya çıxan nəticə budur ki, sizin “sabitlik sevginiz” səmimi deyil. Yəni sizlər bunu dərk etdiyiniz üçün söyləmirsiniz. AzTV-lərin yalan informasiyalarının təsiri altında, qorxunuzun girovuna çevrilərək söyləyirsiniz.  

Əvvəla, intiharların pik həddə çatdığı, atəşkəs dövründə minlərlə əsgərin həlak olduğu, yüzlərlə vicdanlı vətəndaşın şərlənərək həbs edildiyi ölkədə, SABITLIKDƏN söhbət gedə bilməz.

Sabitlik, ölkədə güllə səslərinin eşidilməməsi deyil, insanların haqq səsinin eşidilməsidir. Sabitlik o deyil ki, Bakıya erməni raketi düşmür. Sabitlik odur ki, Bakıda vətəndaşın mülkiyyətinə məmurun gözü düşməsin. Sabitlik odur ki, vətəndaşın kürəyini çevirə biləcəyi hüquq sistemi olsun. 

Əslində, atəşkəs müqaviləsi ölkədə sabitlik yaratmaq yox, sabitlik kölələri yetişdirmək üçün imzalanmışdı. Hakimiyyət bu sabitlikdən istifadə edərək dövləti böyütmədi, əksinə, vətəndaşı kiçiltdi. Insanların təfəkkürünə zorla həkk edildi ki, sabitliyə görə taleyinizi də qurban verməlisiniz.

Təbii ki, heç bir normal insan ölkəsində qarşıdurmaların, kataklizmlərin, dağıntıların olmasını istəməz. Amma heç bir normal insan ölkəsində hüquqsuzluğun, ədalətsizliyin, yaltaqlığın olmasını da istəməz. Bu neqativ hallara etiraz etmək sabitliyi pozmaq deyil. Əksinə, sabitliyi əbədi, dövləti monolit etməkdir.

Dünyada heç bir “sabitlik” ədaləti arxa plana keçirə bilməz. Daha dəqiq ifadə etsək, bizim mübarizəmiz sabitlik yaratmağa hesablanıb. Bu ölkədə bütün bəşəri dəyərlərin sabitliyi pozulub. Və “sabitlik kölələri” çoxaldıqca, bu pozğunluq davam edəcək.

Özünüzü qeyri-sağlam düşüncələrdən xilas edin ki, sabit insan ola biləsiniz.