Neft ucuzlaşa-ucuzlaşa gedir, yaptokratlar isə narahatçılığa heç bir əsas görmürlər, deyirlər, bunun bizə heç bir mənfi təsiri olmayacaq, ümumiyyətlə, dünyada nə qədər istəyir böhran baş versin, bunun Azərbaycana bir dəxli, isti-soyuğu yoxdur, çünki bizim öz yolumuz var.
Mən bu cür açıqlamaları tam ciddi qəbul edirəm, inanmayana lənət! Çox sadə səbəbdən: ölkənin bugünkü idarə olunma tərzinə və təfəkkürünə baxanda, 21-ci yüzillikdə hansı zehniyyətlə və necə yaşadığımızı görəndə adama doğrudan da elə gəlir ki, biz dünyadan tamamilə qopmuş vəziyyətdəyik, hətta ola bilsin, Azərbaycan özü ayrıca dünyadır, xüsusi bir planetdir, yeri gəlsə, heç Günəşi-zadı da hərləyib eləmir, onun ətrafında dövr eləməyi də özünə sığışdırmır. Lap dərinə getsək, bəlkə Günəş elə Azərbaycan özüdür, böyüklü-kiçikli bütün planetlər də bizim ətrafımızda fırlanır.
Əlbəttə, kimlərsə gülə, deyə bilər ki, əgər Günəş Azərbaycan özüdürsə, bəs biz 6000 dərəcə istidə niyə yanıb külə dönmürük?! Bu sualın cavabı elmə çoxdan məlumdur, əgər bəzi cahillər, nadanlar indiyədək bu haqda eşitməyiblərsə, onların problemidir, öyrənmək isə heç vaxt gec deyil. Buyurun, oxuyun və öyrənin. Bir Sovet lətifəsində hər şey dərin elmi dəqiqliklə izah edilib:
Brejnev bir qrup kosmonavtı yanına çağırır və deyir:
– Yoldaşlar, amerikalılar Aya uçdular, biz Günəşə uçmalıyıq.
– Biz yanarıq axı, Leonid Iliç!
– Qorxmayın, partiya hər şeyi düşünüb – gecə uçacaqsınız.
Indi başa düşdünüzmü, ölkə niyə zülmətə qərq edilir, işıq gələn hər yerə əski tıxanır, işıqlı nə varsa hamısını üstündən xətt çəkilir, gecənin qaranlıq ruhu hər yerə hakim kəsilir? Axı Günəşdə başqa necə yaşayasan?!
Vaxtilə ekologiya naziri Hüseynqulu Bağırov deyəndə ki, “cənab prezident, biz çalışacağıq bu il havalar yaxşı keçsin” – çoxları gülürdü. Axı doğrudan da bizim belə bir qüdrətimiz vardır. Təbiət özü belə qarşımızda acizdir. Bizim Azərbaycan dünyamızda, bizim Azərbaycan planetimizdə hər şey ancaq bizim iradəmizdən asılıdır, hər şey yalnız bizim icazəmizlə, istəyimizlə baş verə bilər. Istəyərik yayın ortasında qar-boran qopar, istəyərik qışın ortasında alça, ərik çiçəkləyər. Istəyərik dağları marten sobasında əridib düzə çevirərik, istəyərik Binəqədi rayonunun icra başçısı Xaləddin müəllim kimi, harda kefimiz istədi orada dağ tikərik. Araz aşığımızdandır, Kür topuğumuzdan. Iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heç kim burnunu bizim daxili işlərimizə soxa bilməz. Bizə belə yaxşıdır, bundan başqalarına nə?! Minirlər məni minirlər, soyurlar məni soyurlar, bəs ingilisin, almanın, fransızın qarnını ağrıdan nədir? Mənə bu cür xoşdur. Mən heç soruşuram ki, sizdə niyə camaatı minmirlər, sizdə niyə camaatın cibinə girmirlər?! Soruşmuram. Bəs sizə nə düşüb, soruşursunuz?! Siz özünüzü nə hesab edirsiniz? Kimsiniz axı siz?! Şair də yaxşı deyib: “Öz içimin oduyla alışıb, yanıram mən, Bu gedişlə özümü bəxtəvər sanıram mən. Bu dünyanın içində dünyanı danıram mən, danıram mən. Öz balaca dünyam var, öz balaca dünyam var”. Bəs sizin nəyiniz var, ay allahın ingilisi, almanı, fransızı?!
(Yeri gəlmişkən, “balaca dünyam” sözünə etiraz edirəm, məncə, şair burada nahaq yerə təvazökarlıq etmişdir. Bizim dünyamız çox böyükdür, hətta bizim dünyamıza sığar iki cahan, amma biz bu cahana sığmazıq).
Düzü, arada adam heyrətlənir ki, necə olur, bizim neftimiz də başqalarının neftinə qoşulub ucuzlaşır. Axı başqalarından bizə nə?! Ona qalsa, başqalarında sərbəst toplaşmaq, ədalətli seçki, azad söz kimi abırsız işlərdən çıxırlar, bizim milli-mənəvi dəyərlərimizə zidd əməllərlə məşğul olurlar, indi neyləyək, gərək biz də bunlara icazə verək?!
Ona görə də yaxşısı budur, neftimiz ağlını başına yığsın, ucuzlaşmaqdan əl çəksin. Bizimlə heç kim ultimatum dilində danışa bilməz. Biz indi onun nazı ilə çox oynayırıq, amma bizim səbrimiz də sonsuz deyil. Çox ucuzlaşar, “Azəri-Çıraq-Günəşli”ni tutub basarıq Kürdəxanıya, ağlı başına gələr.
P.S.Qarabağ problemində olmasa da, neft məsələsində səbrimiz tükəndi və dünən Tarif Şuramız yanacağın qiymətini daha 2 qəpik artırdı.