Deyilənə görə, 70 ilə qədər yaşayan qartallar var. Ancaq onlar bu yaşa çatmaq üçün 40 yaşlarındaykən çox ciddi və çətin bir qərarı vermək məcburiyyətində qalırlar.
Qartalın yaşı 40-a çatdığında pəncələri sərtləşib elastikliyini itirir və bu səbəbdən də o, ovlama qabiliyyətindən məhrum vəziyyətə düşür. Hələ bununla da bitmir: dimdiyi uzunlaşır və sinəsinə doğru qıvrılır, tükləri qartlaşır, qalınlaşır və qanadlarına ilişməyə başlayır. Artıq qartalın uçması tam olaraq çətinləşmiş hala gəlir. Bu durumda qartalın iki seçimdən birini etməsi lazımdır. O ya ölümü seçməli, ya da yenidən doğuşun ağrılı və əziyyətli müddətinə sinə gərməlidir. Bu yenidən doğuş prosesi 150 günə qədər sürür. Belə qərar verdiyi zaman qartal bir dağın təpəsinə uçur və orada bir qaya divarda, artıq uçmasına ehtiyac olmayan bir yerdə yuvasında qalır. Bu uyğun yeri tapdıqdan sonra o, dimdiyini sərt bir şəkildə qayaya vurmağa başlayır. Ən sonunda qartalın dimdiyi yerindən sökülür və düşür. O bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxdıqdan sonra da bu yeni dimdiklə pəncələrini yerindən söküb çıxarır. Yeni pəncələri çıxınca da köhnə qartlaşmış tüklərini yolmağa başlayır. 5 ay sonra qartal, özünə 20 il və ya daha uzun davamlı bir həyat bağışlayan yeni doğuş uçuşunu etməyə hazır vəziyyətə gəlir…
Bu hekayətlə həmişə Azərbaycanın durumunu xatırlayıram. Təkcə xəritədəki qartal formasına görə yox, təbii. Həm də yüz illərdir bu ölkənin qartalın həyat mücadiləsində olduğu kimi, yenidən doğuş ağrıları çəkdiyinə görə. Elə bizim yetmiş ilin imperiya əsarətindən sonra şahidi olduğumuz, onunla bərabər yaşadığımız yenilənmə sancılarına görə. Bu ağrı-acılar artdıqca, artır, böyüdükcə böyüyür, dərinləşdikcə, dərinləşir, on illərdir bitib tükənmək bilmir ki…
Yeni ilin ilk ongünlüyünə də eyni ab-havayla başladıq – siyasi motivli həbslə. Gənc cəbhəçi fəal Elvin Abdullayevi universitet imtahanından çıxdığı zaman sorğu-sualsız maşına oturdub aparıblar. Bəlkə özü fürsət tapıb FB səhifəsində saxlandığını yazmasaydı, ailəsi iki gün can çiləsi çəkəcəkdi. Ssenari əvvəlkilərə bənzədiyinə görə, cavab da özünü çox gözlətmədi. Məhkəmə 234-cü maddə (narkotika ittihamı) ilə ona dörd aylıq həbs cəzası kəsdi. Həbsin Elvinin siyasi fəaliyyəti və sosial şəbəkələrdəki fəallığı ilə bağlı olduğunu hər kəs bilir, şübhəsiz. Biz də artıq alışmış kimiyik belə orijinal həbslərə. Amma insan cavabsız suallardan yorulur bir yerdə. Heç bitməyəcəkmi, insanlar daha hara qədər boyun əyməyi düşünürlər bunca zülmə?
Yetmiş illik əsarətin sonunda qan töküb, istiqlaliyyətini qazandığımız bu ölkə üçün gözəl xəyallar qurmuşduq. Azad, hüzurlu, zəngin ölkəmiz olacaqdı. Əl-ələ verib güclü, hüquqi, modern bir dövlət quracaqdıq. Gecə-gündüz çalışıb-vuruşub yüz illərdən bəri yarımçıq qalmış ideallarımızı gerçəkləşdirəcəkdik. Övladlarımız yüksək təhsil səviyyəsi verən məktəblərdə oxuyacaq, əsl insan, əsl vətəndaş kimi yetişəcəkdi. Nə yazıq, olmadı. Köhnənin qalıqlarından qurtula bilmədik. Qocalmış beyinlər, patriarxal düşüncələr, sovetsayağı üsul-idarəçilik buraxmadı yaxamızı. Amma biz də xəyallarımızdan vaz keçmədik, ümidimizi söndürüb qaranlıq köşələrə çəkilmədik. Bu haqq davası, qanunçuluq, ədalət davası bir gün belə durmadı. Ədalət öz yerini alıncaya qədər durmayacaq da. Bunu haqq davasında bütün əzabları gözə alan insanların mərdliyi deyir. Doğru yoldan azmadığı üçün məhbəslərə atılan onlarla qəhrəmanımızın səsi deyir. Bunu hazırda dustaqxanalara sığmayan neçə-neçə cəsur Elvinimizin hayqırtısı deyir. Bunu biz deyirik. Bu ölkədə hökmən haqq qalib gələcək, haqlı qazanacaq. Biz qazanacağıq!