Əliyevdən “bəlkə bir az yavaşlayaq” tapşırığı

Ölkə başçısı  İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra  məqamlara toxunub. Bundan əvvəlki müşavirələrdə olduğu kimi, bu müşavirədə də etiraflar, özünütəkziblər bol olub.  
Belə ki, İlham Əliyev neftin qiymətinin düşməsi ilə əlaqədar ölkəyə daxil olan vəsaitlərin azalacağını bildirdi və dövlət qurumlarına vəsaitlərin qədrini bilmələrini tapşırdı:"Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar".-deyə İlham Əliyev bildirib.
Çox “prinsipaial” tapşırıqlardı. Ölkə başçısı məmurların nəzərinə çatdırıb ki, heç olmasa indiki dövrdə bir az qənaət edin. Deməli, bugünə qədər dövlət strukturlarındakı talançılıq, israfçılıq ölkə başçısının  nəzarətində imiş. Sadəcə olaraq neftin qiyməti düşdüyünə görə bu “proses”in yavaşlanması zərurətini hiss edib və öz reaksiyasını verib.  Başqa maraqlı məqam budur ki, israfçılıq, talançılıq niyə aşağı strukturlardan başlamalıdır?  İsrafçılıq ən çox yuxarı strukturlarda təşəkkül  tapmayıbmı?
Digər tərəfdən bu israfçılığa “yaşıl işıq” yandıran YAP hakimiyyəti olub və bu “siyasət” yüksələn xətt üzrə davam edir.  Eyni zamanda dünyanın 4 tərəfində milyonluq layihələr həyata keçirən, xeyriyyəçilik adı altında məktəblər, parklar, muzeylər təmir etdirən də aşağı strukturların nümayəndələri deyil.  Özünə şəxsi təyyarə alanlar da, müxtəlif ölkələrdə villalar tikdirənlər də sıravi dövlət işçiləri deyil.  Bugün hansı tikilinin, hansı layihənin altını qaldırsan  hakimiyyətin yuxarı pilləsində oturanların adı çıxacaq. 
Heç kimə sirr deyil ki, israfçılıq mövcud hakimiyyət üçün prioritet məsələdir. 
O da məlum oldu ki, neftin qiyməti düşməsəydi  İlham Əliyev dövlət strukturlarına belə mesaj ünvanlanmayacaqdı.  
Biz illərdi yazırıq ki, bu hakimiyyəti xalqın taleyi qətiyyən maraqlandırmır.  Əks halda israfçılıq, rüşvət, süründürməçilik kimi hallara son qoyulardı və ölkə vətəndaşı bu mərəzdən xilas olardı. İndi isə neftin qiyməti düşür və hökumətin cibinə daxilolmalar azalır. Üstəlik, yarımçıq qalan layihələri tamamlamaq üçün də milyonlar lazımdır. Yəni, israfçılğa qarşı savaş açmaq vətəndaşın rifahı üçün yox, hakimiyyətin maraqlarının təmini baxımından gündəmə gəlib. Ən böyük israfçılıq isə  Olimpiya yarışlarına milyardlarla vəsait xərcləməkdi. Əhalisi sosial problemlərin məngənəsində yaşayan bir ölkənin, özünü reklam etmək üçün milyardlar israf etməsi  yolverilməzdir.
Göründüyü kimi İlham Əliyev  vəsaitlərin qədrini bilməkdən danışsa da, vəsaitləri havaya sovurmağın ənənəsini yaradıb.
Bir daha təsdiqləndi ki, “neftin qiymətdən düşməsi bizə təsir etməyəcək” proqnozu da yalnız təsəllidir.  Ölkə iqtisadiyyatı neftin üzrənidə bərqərar olanda, regionun lider dövləti “ağ bayraq” qaldırmalı olur.
Doğurdan da neft Azərbaycan üçün bəlaya çevrilib.  Hakimiyyət neftdən o qədər güc alıb ki, xalqı bütün hüquqlardan məhrum edib. İndi, bu güc sarsılır və buna görə islahatlardan danışılır.
 
S.Novruz