Yasamal məhkəməsinin rüsvayçı standartları

Gültəkin Hacıbəylini dələduzluqda, hədə-qorxu ilə əmlak tələbində ittiham etmək cinayət deyil, insan alverçisinin saxlanıldığı demək cinayətdir?

Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal rayon məhkəməsində növbəti iclas keçirilib. Xatırladaq ki, Gültəkin xanıma qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış keçmiş baldızı Aynur Mehdiyeva bu bir neçə ay əvvəl insan alveri və əməyin istismarı kimi cinayətlərə görə məhkum olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu cinayətlərinə görə ona 8 il 6 ay şərti həbs cəzası verilib.

Aynur Mehdiyevanın əməliyyat tədbiri nəticəsində saxlanılması, tutulması məlumatlar da bir neçə media orqanında məhz Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayılıb. Həmin media orqanlarının rəhbərləri məhkəməyə bunu təsdiq edən yazılı arayışlar təqdim ediblər.

Lakin barəsində qanuni qüvvəyə minmiş, dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlər heyətinin qarşısına çıxmış Aynur Mehdiyeva iddia edir ki, onu heç kim saxlaya bilməzdi. Maraqlıdır, o saxlanılmayıbsa, öz işi üzrə ibtidai istintaq və məhkəmə dövrü üçün barəsində seçilmiş “başqa yerə getməmək haqqında qətimkan tədbiri” necə seçilmişdi? Əgər saxlanılmayıbsa, məhkəmənin seçdiyi həmin qərar ona harada elan olunub?

Aynur Mehdiyeva onun saxlanılması barədə məlumatı yayan mediadan təkzib istəmir, bu xəbəri üç ay sonra müsahibələrinin birində qeyd edən Gültəkin Hacıbəylini hədəf alıb. Iddia edir ki, Gültəkin Hacıbəyli Daxili Işlər Nazirliyinin yaydığı bu xəbərin yalan olduğunu bilməyə borclu idi.

Yeri gəlmişkən, Aynur Mehdiyeva Gültəkin Hacıbəyliyə qarşı iddiası üzrə məhkəmə prosesində əvvəllər bir neçə dəfə barəsində cinayət işi başlanması, qətimkan tədbiri seçilməsi barədə məlumatları təkzib edirdi. Halbuki, bunlar fakt idi. Və deməli, məhkəmədə yalan ifadə verirdi. Amma nədənsə, hakim Sərdar Mehrəliyev onun yalan ifadələrinə, məhkəmədə dəfələrlə qarşı tərəfi və onun vəkilləri təhqir, təhdid etməsinə göz yumaraq, onu məsuliyyətə cəlb etməyib.

Qeyd edək ki, Aynur Mehdiyeva ilə yanaşı, qardaşı Mahmud Mehdiyev də keçmiş həyat yoldaşı olan Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Məhkəmənin 26 dekabr tarixli iclasında Mahmud Mehdiyevin sübut kimi təqdim etdiyi diskin boş olduğu üzə çıxdı. Məlum oldu ki hakim diskə baxmadan işi məhkəmə baxışına təyin edib və ekspertizaya göndərib. Bu məhkəmə iclasında Mahmud Mehdiyev məhkəməyə yeni disk və faktiki olaraq yeni sübut təqdim etdi və diskə baxış keçirildi. Halbuki, ittiham tərəfinin prosesin yekunlaşdığı bir mərhələdə yeni sübut təqdim etməsi ciddi prosessual pozuntudur və qanunsuzdur.

Diskə baxış daha böyük rüsvayçılıqları üzə çıxardı. Məlum oldu ki, Mahmud Mehdiyevin məhkəməyə şikayət ərizəsində təqdim etdiyi və hakimin isə sübuta baxmadan məhkəmə baxışına təqdim etdiyi “diffamasiya faktı” saxtalaşdırılıb.

Mahmud Mehdiyev iddia edirdi ki, Gültəkin xanım “pis idimsə, siz niyə atanızla birlikdə qabağımda diz çöküb yalvarırdınız ki, getməyim” ifadəsi ilə onu təhqir edib. Amma diskə baxış keçirilərkən aydın oldu ki, ifadə tam şəkildə belədir: “Indi Mahmud Mehdiyev mətbuat konfransı keçirib mənim haqqımda hər xoşagəlməz sözü danışır, mən əgər pis idimsə niyə… yalvarırdınız ki, getməyim”.

Göründüyü kimi, ittihamçı şikayətində cümlənin mətbuat konfransına istinad edən birinci hissəsini “ixtisar edib”. Görünür, başa düşür ki, mətbuat konfransında səsləndirdiyi ağır təhqir və böhtanların xatırlanması onu əlverişsiz duruma salır. Belə olan halda, Gültəkin Hacıbəylinin onu yox, əslində, onun Gültəkin xanımı ağır formada təhqir edərək ona dəhşətli böhtanlar atması, buna görə cinayət məsuliyyəti daşımalı olduğu bəlli olur.

Diski dinlədikcə aydın olurdu ki, burada söhbət Gültəkin Hacıbəylinin oğlunun faktiki əlindən alınması haqqında Azərbaycan məhkəmə praktikasında analoqu olmayan qətnamədən gedir. Veriliş boyu həm Gültəkin Hacıbəyli, həm də vəkili Bəhruz Bayramov məhz bu qətnamənin hüquqi tərəflərini, eləcə də Gültəkin Hacıbəyliyə qarşı siyasi təqibləri müzakirə edirlər. Gültəkin Hacıbəyli Mahmud Mehdiyev barəsində “mən o adam haqqında çox danışmaq istəmirəm” deyir, hətta adını belə nadir hallarda çəkərək, hüquqi termin olan “qarşı tərəf” ifadəsindən istifadə edir.

Efirə zəng edən, ismarış göndərən ayrı-ayrı konkret insanlar isə Mahmud Mehdiyevlə bağlı kifayət qədər ağır ifadələr, hətta təhqiramiz fikirlər də işlədiblər. Amma həmin ifalərə etiraz etməyən Mehdiyev Gültəkin Hacıbəylini ona dediyi “pis idimsə, niyə yalvarırdınız ki, getməyim” və “məndən maddi cəhətdən asılı idi” ifadələrinə görə məhkəməyə müraciət edib.

“Hünərin var gəlmə, anana cinayət işi açdıracağam…”

Diskdəki söhbət zamanı Gültəkin Hacıbəyli dəfələrlə Mahmud Mehdiyevin məqsədinin ona qarşı cinayət işi açdırmaq olduğunu deyir. Onun sözlərinə görə, Mehdiyev 9 yaşlı uşağın iradəsinə zidd olaraq gətirildiyi və imtina etdiyi görüşlərdə dəfələrlə uşağa “hünərin var, gəlmə, anana qarşı cinayət işi açdıracağam” deyib. Istisna deyil ki, Mahmud Mehdiyevin əli ilə Gültəkin xanıma qarşı cinayət işi açmaq planı olub. Lakin Gültəkin Hacıbəyli uşağı məcburən görüşlərə göndərdiyi üçün “məhkəmə qərarının icrasından imtina” bəhanəsi alınmayıb.

Yeri gəlmişkən, Aynur Mehdiyeva Gültəkin Hacıbəylini məhkəməyə verəndən sonra gözlənilən idi ki, törətdiyi ağır cinayətlərə baxmayaraq, həbs olunmayacaq. Bu barədə mətbuatda da əvvəlcədən yazılmışdı. Gözlənildiyi kimi də oldu – insan alveri cinayətinə görə başqalarına 10-12 il həbs cəzası verildiyi halda, Aynur Mehdiyeva şərti cəza ilə həbsdən qurtuldu.

Yeri gəlmişkən, Aynur Mehdiyevanın qardaşı Mahmud Mehdiyevin həyatında da keçmiş həyat yoldaşına qarşı məhkəmə iddiası qaldırandan sonra əhəmiyyətli dəyişiklik oldu. Mahmud Mehdiyev bir neçə il əvvəl “prokurorluq əməkdaşına yaraşmayan hərəktlərə görə” baş prokuror Zakir Qaralovun əmrilə qovulduğu prokurorluq sisteminə bərpa olundu. O, Xətai Rayon Prokurorluğuna müstəntiq təyinatı aldı.

Daha sonra məhkəmədə Mahmud Mehdiyevin 17 may 2013-cü il tarixində keçirdiyi mətbuat konfransından hazırlanan qısa videoreportaja baxış keçirildi. Yasamal rayon məhkəməsi Gültəkin xanımı iki ağır cinayətə görə məhkum olunmuş Aynur Mehdiyevanın saxlanılması barədə mətbuata istinadən dediklərinə görə 15 aydır təqib edir. Həmin Yasamal rayon məhkəməsinin başqa bir hakimi Azər Tağıyev isə Mahmud Mehdiyevin məxsusi olaraq Gültəkin Hacıbəyliyə qarşı keçirdiyi mətbuat konfransında səsləndirdiyi böhtan və təhqir xarakterli fikirlərin əksəriyyətini medianın ayağına yazıb və jurnalistləri suçlu çıxarıb. Hakim həmin videoreportajda səsləndirilən açıq və ağır böhtan və təhqirlərin cüzi bir hissəsinə isə bəraət verib. Məhkəmənin böhtan və təhqir yox, tənqid hesab etdiyi fikirlər aşağıdakılardır: “Mahmud Mehdiyev iddia edir ki, Gültəkin Hacıyeva millət vəkili olduğu dövrdə vəzifəsindən sui-istifadə edərək (Cinayət Məcəlləsinin 308-ci maddəsi – vəzifədən sui-istifadə) onu və onunla yanaşı bir sıra insanları aldadaraq onlardan pul mənimsəyib. Mahmud Mehdiyev konkret olaraq Gültəkin Hacıyevanın bir yerdə yaşadıqları evi ələ keçirdiyi, nəticədə ona və ailəsinə külli-miqdarda ziyan vurduğunu deyib (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi -dələduzluq).

Mahmud Mehdiyev: “Maddi sərvət toplamaqdan ötrü heç nəyə məhəl qoymayan, heç bir dəyərlərə qiymət verməyən və millət vəkili statusundan sui-istifadə edən Gültəkin Hacıyeva (CM-nin 308-ci maddəsi) prezidentin ona verdiyi mənzildən gözü doymayaraq məni hədələdi ki, mən sizin evə gəlin gəlmişəm və mənə mənzil verməlisiniz. Birgə yaşadığımız müddətdə pasport qeydiyyatında olmadığı halda, o, anamın mülkiyyətində olmuş və sonradan Gültəkin Hacıyevanın təqsirindən borcların ödənilməsi üçün satılmış (yuxarıda Mahmud Mehdiyev Gültəkin Hacıbəylinin həmin evi ələ keçirərək ona və ailəsinə külli miqdarda ziyan vurduğunu deyir, indi isə anasının həmin mənzili satdığını bildirir) ikiotaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırıb”.

Mahmud Mehdiyev iddia edir ki, bundan sonra Gültəkin Hacıyeva məhkəmə kollegiyasının qanunsuz qətnamə çıxarmasına nail olub (Maddə 286.3 – qulluq mövqeyindən istifadə etməklə ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma). Burada eyni zamanda, məhkəmə hakimiyyətinə, konkret Nəsimi rayon məhkəməsinə qarşı qanunsuz qərar çıxarma ittiham da var.

Mahmud Mehdiyevin sözlərinə görə məhkəmənin qanunsuz qətnaməsi ilə bağlı Apelyasiya məhkəməsinə müraciət olunsa da, Gültəkin Hacıyeva ora da müdaxilə edib və müraciət qəbul olunmayıb. Hazırda Xətai rayon prokurorluğunun müstəntiqi olan Mehdiyev bu yerdə həm də Apelyasiya məhkəməsinin hakimlərini ittiham etmiş olur.

Və yaxud Mahmud Mehdiyev deyir ki, “Gültəkin Hacıyeva birgə nigahdan olan oğlumuzu alver mənbəyinə çevirib, qarşıma müxtəlif maddi xarakterli tələblər qoyaraq, məni oğlum ilə görüşmək imkanından məhrum edib” (Cinayət Məcəlləsinin 306-cı maddəsi – məhkəmə qərarını icra etməmək).

Gültəkin xanım isə bildirib ki, Mahmud Mehdiyevi 2004-cü ildən sonra ilk dəfə 2013-cü ilin oktyabrında Yasamal rayon məhkəməsində görüb, həmin vaxta qədər aralarında heç bir ünsiyyət olmadığı halda, onun qarşısına maddi tələbləri necə  qoya bilərdi? 9 il ərzində övladına bir manat aliment ödəməyən atanın qarşısına hansı maddi tələbi qoymaq olar?

Mahmud Mehdiyev həmçinin deyib ki, Gültəkin Hacıyeva uşağı ona göstərməmək üçün dəfələrlə Səbail rayon məhkəməsinin işinə müdaxilə edib. Halbuki, Mahmud Mehdiyev o vaxta qədər uşaqla görüş məqsədilə bir dəfə də olsun, icra şöbəsinə müraciət etməyib.

Diskə baxış bitdikdən sonra Gültəkin Hacıbəylinin vəkili Muxtar Mustafayev məhkəməyə müraciət etdi: “Hörmətli hakim, siz də eşitdiniz ki, Mahmud Mehdiyev mətbuat konfransında Gültəkin xanımı ağır və xüsusilə ağır cinayətlər törətməkdə birbaşa ittiham edib. Buna bəraət verən hakimə mən deməyə söz tapmıram. Bu dəhşətdir. Videoreportajdan da görünür ki, Gültəkin xanım bu qədər böhtanların və təhqirlərin qarşılığında Mehdiyevə cavab verməyib, susub. ”Azadlıq" radiosundakı çıxış isə uşağı ilə bağlı ədalətsiz və əsassız məhkəmə qərarına həsr olunub".

Məhkəmə bununla da sübutların araşdırılması mərhələsinin bitdiyini elan etdi. Növbəti məhkəmə iclası bu günə təyin olundu.

Yeri gəlmişkən, Gültəkin Hacıbəyli bildirib ki, hökumətin onunla bağlı növbəti planı evini əlindən alıb qarşı tərəfə verməkdir.

Bir müddət əvvəl Mahmud Mehdiyevin anası Nəhayət Məmmədova iddia edirdi ki, 2003-cü ildə Gültəkin xanıma 50 min dollar borc verib. Amma nədənsə, bu borc məsələsi on il sonra – 2013-cü ildə yada düşdü. Və məhkəməyə müraciət olundu. Əslində, bu iddianın müddəti 8 il əvvəl bitib. Buna baxmayaraq, məhkəmə Nəhayət Məmmədovanın sözü ilə həmin iddianı icraata götürdü. Hələ üstəlik, Gültəkin Hacıbəylinin mənzilinə həbs də qoyuldu. Bu səbəbdən Gültəkin Hacıbəyli hesab edir ki, baş verənlər hökumətin onun evini əlindən almaq planının tərkib hissəsidir.

Nigar