Neftin qiymətinin düşməsinə görə bütün dünya benzini ucuzlaşdırdığı vaxtda Azərbaycan hökuməti onu bahalaşdırdı
Dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar müxtəlif ölkələrdə benzinin, dizel yanacağının qiyməti də aşağı düşüb. Hətta Azərbaycanın dövlət neft şirkəti olan SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində qiyməti aşağı saldığı halda, bizim ölkədə benzinin qiyməti növbəti dəfə bahalaşdı. Hökumət benzinin litrini 2 qəpik bahalaşdırıb. Bu barədə Tarif (qiymət) Şurasının dünən keçirilən iclasında məlumat verilib.
Tarif Şurasının yaydığı məlumatda deyilir ki, iclasda neft məhsullarının tariflərinə baxılıb: “Vergi Məcəlləsinə 30 dekabr 2014-cü ildə edilmiş dəyişikliyə əsasən, benzin, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub. Yol vergisinin yanacağın qiymətinə əlavə edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur. Göstərilənlər nəzərə alınaraq, Tarif Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla, AI-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib”.
Informasiya şöbəsi


