Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bu gün nəinki Azərbaycan mədəniyyət tarixi, ümumiyyətlə, ictimai fikir tariximiz üçün əlamətdar günlərdən biridir. 106 il əvvəl bu gün türk və müsəlman Şərqində ilk opera olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”unun ilk tamaşası keçirilib. O dövr üçün inanılmaz hadisədir. Əməyi keçən hər kəsi ehtiramla xatırlayır və ölməz ruhları qarşısında baş əyirik.
Ilk tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir bəy isə özü orkestrdə skripkada ifa edirdi.
“Leyli və Məcnun” operasının ilk tamaşası gözlənildiyindən də uğurlu olmuşdu. Salon ağzınadək dolu idi. Məcnun rolunu oynayan Hüseyn Sarabski və digərlərini tamaşaçılar arası kəsilməyən alqışlarla səhnənin qabağına çağırırmışlar.
Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli həmin günü illər sonra belə xatırlayacaqdı: “…seyrçilər bütün tamaşa boyu sanki nəfəs çəkmədilər, hətta əl çalmağa cürətləri çatmadı. Ara-sıra həddən artıq sentimental seyrçilərin göz yaşları, bir də Leylinin atası qızını Məcnuna verməkdən boyun qaçıran zaman həyəcan dalğalanmaları hiss olundu. Amma tamaşa bitəndə, alqış tufanı qopdu və həmin vaxtacan özünü saxlayan seyrçilər bu görünməyən tamaşadan aldıqları ləzzəti və razılığı dilə gətirdilər. Ilk Azərbaycan operasının son dərəcə həvəskar quruluşda təqdimatı böylə başladı və böylə bitdi…”
Daha bir maraqlı məqam o dövr üçün həssas məsəlinin necə həll edildiyidir. Söhbət Leyli rolunu kimin oynayacağından gedir. Qadın aktyor problemini Üzeyir bəy özü şəxsən yoluna qoyur. Bir vaxtlar çayxanada gördüyü, məlahətli səsi olan çayçı şagirdi xatırlayır və onu yola gətirməyi bacarır.
“Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bildik” (Sarabskinin “Köhnə Bakı” kitabından).
Tamaşanın ilk suflyoru Əlabbas Rzayev isə çox sonralar yazmışdı: “Artistlər öz otaqlarında geyinən zaman Leylinin otağından bir qışqırıq qopdu. Biz elə bildik ki, dalaşmadır. Məlum oldu ki, Fərəcov ayağına arvad tumanı geymək istəmir. O elə bilirmiş ki, şəbehlərdə olduğu kimi, onun əyninə bir əba geydirib, başına çalma bağlayıb səhnəyə çıxardacaqlar. Öyüd və nəsihətdən sonra onu Leyli libası geyinməyə razı saldıq. Çox keçmədən qrim otaqlarından yenə bir qışqırıq qopdu. Məlum oldu ki, Fərəcov özünün yekə bığlarının üstünə tənzif yapışdırmaq istəmir. Çox xahişdən sonra onu birtəhər razı salıb tamaşanı başladıq”.
Hələ bu harasıdır? Azərbaycanın uzaq kənd və şəhərlərindən aramsız məktub və teleqramlar gəlir, hər kəs “Leyli və Məcnun” tamaşasına baxmaq arzusunu dilə gətirirdi. Elə bu səbəbdən Sarabski 1913-1918-ci illərdə öz sənət dostları ilə “Leyli və Məcnun” tamaşasını göstərmək məqsədilə Qafqazın bir çox şəhərlərinə qastrol səfərlərinə çıxır.
Bu məşəqqətli, eyni zamanda qürurverici tarixçə 100 il öncəki Azərbaycanın gerçək mədəni mənzərəsidir. Inanmaq çətindir, amma bu ölkədə bir zamanlar həqiqətən də sənəti ölkənin aydınlanması, onu cəhalət cəngəlliyindən modern, çağdaş dünyanın bir parçasına çevrilməsi üçün vəsilə kimi görən gerçək fədailər, əzabkeşlər olub. Əliyevlərin Azərbaycanında – sənətin bu qədər dəyərsizləşdiyi, ucuzlaşdığı, siyasi konyunktura naminə alətə çevrildiyi, Səməd Səmədovların, Ay Zaurların, Elgizlərin, Rəqsanələrin, Anar Rzayevlərin, Fikrət Qocaların, Rəfael və Coşqunların, bir sözlə, saray xidmətçisi funksiyasını üzərinə götürən hər kəsin camaata dəyər kimi sırındığı, sənəti özünün və övladlarının gələcəyi naminə vasitə kimi görənlərin meydan suladığı, at oynatdığı indiki zamanda və məkanda haqqında danışdığımız – 106 il öncə baş verən tarixi hadisənin, sözün həqiqi mənasında mədəni inqilabın, mədəni fədailiyin, mədəni əzabkeşliyin əhəmiyyətini, önəmini dərk etmək, onu layiq olduğu şəkildə qiymətləndirmək heç də asan deyil.
Fərəcovun öz dövrünün mental basqısı qarşısında min bir xahiş-minnətdən sonra geyinməyə razılaşdığı qadın libası isə bu günlə müqayisədə o vaxt qat-qat qutsal idi – nə Leyli-zad, indi oradan topa-topa saxta bülleten çıxarıb seçki qutusuna atırlar. Füzuli demişkən: “Get, get, sən o Leyli deyilsən”.
Görürsünüz də, bunlar bizi hardan hara gətiriblər?!