14-cu-zon

Bakı “konslager”indəki işgəncə və rüşvət mexanizmi ifşa edildi VİDEO

 

Məhbus yaxınlarından şok açıqlamalar: "16 gündür vəd verirlər, əməl etmirlər"

Azər Quliyev: «Bizə söz verdilər yaxınlarımızla yanvarın 12-də görüş təşkil olunacaq»

14 saylı Cəzaçəkmə Müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsində məhbus ölümündən sonra insident yarandığı barədə məlumat vermişdik. Artıq 3 saylı xüsusi müalicə müəssisəsinə göndərilən məhbusların valideynləri hər gün demək olar ki, "Tubzon" və penitensiar xidmətə müraciət edirlər.

Bir neçə gün öncə köçürülən məhkumların ailələri Prezident Administrasiyası önündə aksiya keçiriblər. Əllərində üzərində “Məhbus qohumlarımızla bizə görüşə icazə verin!” “İşgəncələrə son qoyun!” yazılmış lövhələr, məhkumların fotoları olan aksiyaçılar sonradan qəbula gediblər. Amma bu qəbul belə məhbuslarla görüşə imkan yaratmayıb.

Məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatdırlar. Yada salaq ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olub. Ötən il dekabrın 22-də baş verən bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüb, onlar zorakılığa məruz qalıblar. Məhbuslardan 11 nəfərin sağlıq durumu, niyə görə “Tubzon”a köçürülmələri haqda məlumat verilmir.

Hətta məhbus ailələri yaxınlarının «Tubzon»da əməliyyat edildiyindən, bir neçəsinin daxili orqanlarının dağıdıldığından narahatdır.

Valideynlər deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi 14 saylı Cəzaçəkmə Müəssisənin rəisi Əli İbrahimovla danışıb: “O, nümayəndəyə deyib ki, 11 nəfər məhkum vərəm xəstəsi olduqlarına görə ”tubzon"a köçürülüblər. Bu ağ yalandır. Ora köçürülən məhkumların heç biri vərəm deyil. “Tubzon” işgəncə yeridir. Bizim övladlarımıza orada işgəncə verirlər. 12 gündür ki, uşaqlarımız “tubzon”da işgəncələrə məruz qalır".

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK)sədri, hüquq müdafiəçisi Elçin Behbudov 2014-cü ildə komitəyə daxil olan şikayətlərlə bağlı illik hesabatı açıqlayarkən 14 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı məsələyə də toxunub («Yeni Müsavat»). E.Behbudov tədbirdə iştirak edən məhkumların yaxınlarına bildirib ki, onların müraciətlərini prezidentə ünvanlayıb: “Məndə olan məlumata görə, bu məsələ şəxsən prezidentin nəzarətindədir. Müraciətləri beynəlxalq təşkilatlara da yollayacam”.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı da 14 saylı CÇM- də baş verənlərə, məhbusların işgəncəyə məruz qalmasına, onların “Tubzon”a göndərilməsinə, ailələrindən gizlədilməsinə münasibət bildirib.

Bəyanatda deyilir: «22 dekabr 2014- cü ildə 14 saylı CÇM- də məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra adı çəkilən müəsissədə vəziyyət bu gün də gərgin olaraq qalır. Baş vermiş cinayətin üstünü açmaq, cinayəti törədənləri məsuliyyətə cəlb etmək əvəzinə qətlə yetirilmiş dustaq yoldaşlarına həmrəylik nümayiş etdirən məhbusların dekabrın 26- dan başlayaraq  vəhşicəsinə döyülərək onlara işgəncə verilməsi davam edir. Həmin dustaqların bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri 14 saylı CÇM- də "kars"- a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla 10- dan artıq məhbus Vərəm Dispanseri olan, "Tubzon" deyilən yerə aparıblar. Həmin dustaqlardan bu günə qədər heç bir xəbər yoxdur. Valideynlərin onlarla görüşməsinə belə imkan verilmir. 14 saylı CÇM- də baş verənlər, dustağın döyülərək öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə digər məhbuslara ağır işgəncələr verilməsi, onların gizlədilməsi, öz ailə üzvləri ilə təmas qurmasına, görüşməsinə imkan verilməməsi böyük qanunsuzluq, insanlıq adına utanc və biabırçılıqdır».

Son durumla bağlı məlumat almaq üçün Araz Quliyevin qardaşı Azər Quliyevə müraciət etdik. O, qəzetimizə açıqlamasında bildirib ki, artıq 16 gündür ki, onlara yaxınları ilə görüş təşkil edəcəkləri ilə bağlı vəd verilsə də buna əməl olunmur. Dünən isə növbəti belə bir cəhd Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının əraziyə cəlb olunması ilə nəticələnib: «Artıq bir neçə gündür ki, məhbusların qohumları 3 saylı xüsusi müalicə müəssisəsinin qarşısına toplaşır. Yanvarın 10-da qardaşımla telefonda danışmaq imkanı yaradıldı. Amma bu telefon danışığı qısa oldu. Hiss olunurdu ki, onların başının üstündə kimlərsə dayanıb. Ona görə biz yaxınlarımızla görüşmək istəyirik. Bizə söz verdilər yanvarın 12-də görüş təşkil olunacaq. Bizim gümanımız yoxdur ki, bu dəfə vədə əməl olunacaq. Baş verənlərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə, Baş Prokurorluğa, Prezident Admnistarsiyasına, Ombudsman Aparatına müraciət etmişik».

Xəyal