Əliyevin proqnozu bu il də özünü doğrultmayacaq
Uzun illərin təcrübəsi onu deməyə əsas verir ki, YAP hakimiyyətinin ən çox sevdiyi sahə tikinti sahəsidir. Ona görə yox ki, tikmək-qurmaq bunların hobbisidr. Ona görə ki, tikinti vasitəsilə milyonları mənimsəmək olduqca asandır. Ölkəmizdə 1 milyonluq layihənin 20 milyona başa gəlməsi, 2 milyona tikiləcək körpünün 30 milyon pul aparması kimi nümunələr 100-lərlədir. Hətta bu ölkədə bir binanın təmirinə xərclənəcək vəsaitə, eyni binadan 3 dənə yenisini tikmək olar.
2015-ci ildə təhsil xərcləri üçün dövlət büdcəsindən 1711, 2 milyon manat vəsait ayrılacaq. Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, 2014-cü illə müqayisədə 57.7 milyon manat və yaxud 3,5%, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 273,5 milyon manat və yaxud 19,0% çox vəsait ayrılıb. Təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 8,1% təşkil edəcək.
Qeyd edək ki, təhsil sisteminin informasiyalaşdırılması üçün 18,8 milyon manat, ümumtəhsil məktəblərində şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi üçün isə 8,5 milyon manat, təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün 13,1 milyon manat vəsait ayrılacaq.
Bəli, 2015-ci ildə təhsil müəssisələrinin təmirinə 13 milyon manat vəsait ayrılacaq. Bizim hökumətimizn “səxavət dozası”nı nəzərə alsaq, bu rəqəm çox azdır. Deməli, ölkə başçısı İlham Əliyev yenə də verdiyi sözə əməl edə bilməyəcək.
Belə ki, bugünlərdə məktəb binasının açılışı zamanı İlham Əliyev bildirdi ki, bir dənə də təmirsiz məktəb qalmayacaq. Amma ayrılan vəsait göstərir ki, 1-2 məktəb binası tikiləcək və bununla da məsələ yekunlaşacaq. Çünki, yuxarıda qeyd etdiyimiz kimi 13 milyon rəqəmi Azərbaycanda 1 məktəbin tikintisinə anacaq çatır. Yəni, 2015-ci ildə İlham Əliyevin proqnozu özünü doğrultmayacaq. Özü də neftin qiymətdən düşdüyü bir zamanda, xərclərin qayçılandığı mərhələdə 13 milyonun da təyinatı üzrə xərclənəcəyi şübhə doğurur.
Onsuz da bu ölkədə vəd vermək qədər asan heç nə yoxdur. 21 ildir Qarabağı necə alırıqsa, yoxsulluğun kökünü necə kəsiriksə, demokratiyanı necə inkişaf etdiririksə, məktəbləri də elə təmir edəcəyik. Məsuliyyət və hesabat tələb olunmayanda, istənilən nağılı həqiqət kimi təqdim etmək olur.
Azad


