Əli Kərimli Namizəd Səfərovu təbrik etdi

AXCP sədri Əli Kərimli tanınmış hüquqşünas Namizəd Səfərovu 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış vəkil Namizəd Səfərovun 60 illik yubileyidir. Həmişə gənclik enerjisi ilə yaşayan Namizəd bəyi bu yaşda təsəvvür etmək çətin olsa da, onun mübarizə tariximizin qürurverici hadisələri ilə zəngin həyat yolu bunun üçün təəssüflənməməyə əsas verir.

Namizəd Səfərov Milli Azadlıq Hərəkatına ilk qoşulanlardan, onun öncül simalarından olub. AXC yarananda da onun yerlərdə təşkilatlanmasında böyük xidməti olan hərəkatçılarımızdandır. AXC Səbail rayon şöbəsinin yaradıcılarından biri və uzun müddət bu rayondan Ali Məclis üzvü kimi fəaliyyəti əqidədaşlarının yaxşı yadındadır.

Bu illərdə peşəkar vəkil kimi də hər zaman haqqı pozulanın yanında olub, təmənnasız hüquqi köməyini heç kimdən əsirgəməyib. Hüquq sistemində olan çatışmazlıqları tənqid etməklə bərabər, dəyərli təkliflərlə çıxış edib, həm nəzəri, həm də praktik tövsiyyələri ilə əməldə dəyişikliklərə nail olmaq istədiyini göstərib.

Demokratik Qüvvələrin Milli Şurası yarananda da əsil vətəndaş mövqeyindən çıxış edərək, bu quruma üzv oldu. Ölkədə tüğyan edən ədalətsizlik, korrupsiya, əsgər ölümləri, ictimai-siyasi fəalların şərlənərək həbs edilməsinə açıq etirazını bildirən, aksiyalarda, məhkəmələrdə mütəmadi iştirakı ilə fərqlənən Namizəd bəy öz haqq səsisni ucaldan fədakar ziyalılarımızdandır. Həm vətəndaş kimi cəsarəti, həm yetkin siyasətçi kimi mövqeyi, həm də peşə fəaliyyətində dərin savadı ilə hamının böyük hörmətini qazanıb.

Hörmətli Namizəd bəy! Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, cansağlığı, uzun ömür, uğrunda mübarizə apardığınız amallarınızın gerçəkləşməsini, siyasi və peşə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sizin kimi əqidəli, fədakar, ləyaqətli ziyalılarımızla bu çətin, lakin şərəfli yolda bərabər olduğumuza görə qürur duyuram”.