Əli Həsənovla Novruz Məmmədov ABŞ-ı niyə “asıb-kəsirdi” ?
Bugün Azərbaycan – ABŞ münasibətlərinin hansı səviyyədə olduğu heç kimə sirr deyil. Münasibətlərdəki soyuqluğu, gərginliyi hiss etmək üçün politoloq olmağa da ehtiyac yoxdur. Hakimiyyətin nəzarətində olan mətbuat orqanları, telekanallar, hökumət təmsilçiləri son dövrlər fəaliyyətlərini ABŞ-ın tənqidi üzərində qurublar.
Ancaq həmiş olduğu kimi hökumət rəsmiləri real suallar qarşısında qeyri-real cavablar verməyə cəhd edirlər və konkret məqamlardan yayınırlar.
Bugünlərdə “Blooomberg” agentliyinə müsahibə verən PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da ABŞ-Azərbaycan münasibətləri ilə bağlı sualları cavablandırıb: “Çox təəssüf ki, son illər ABŞ-ın bəzi dairələri, xüsusən bir sıra qeyri-hökumət təşkilatları, media və ayrı-ayrı “ekspertlər” Azərbaycana qarşı qeyri-sağlam, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olan “qara piar” kampaniyası həyata keçirirlər. Düşünmürəm ki, ABŞ-ın bəzi keçmiş uğursuz məmurlarının hazırda “ekspert” qismində tez-tez ona-buna, o cümlədən beynəlxalq hüququn subyekti olan müstəqil dövlətlərə ağıl öyrətməyə çalışması, yaxud bu və ya digər hüquqa zidd çağırışlar etməsi, müvafiq olaraq qarşı tərəfin də onlara adekvat cavab verməsi iki ölkə arasındakı dərin tərəfdaşlıq münasibətlərini gərginləşdirmək gücündədir. Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. ABŞ dünyanın ən nəhəng dövlətidir, qlobal proseslərə ciddi təsir imkanlarına malikdir.. Bununla yanaşı, mən belə cəhdləri birbaşa ABŞ Prezidenti və onun Administrasiyası ilə əlaqələndirmək istəməzdim. Çünki istər Prezident B.Obama, istərsə də ABŞ-ın digər yüksək səviyyəli rəsmi şəxsləri müxtəlif vaxtlarda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiklərini ifadə ediblər. Əminik ki, ABŞ və Avropadakı bəzi dairələrin iki ölkə arasındakı münasibətləri pozmaq cəhdləri heç bir nəticə verməyəcək”- deyə Əli Həsənov bildirib.
Diqqət etmisinizsə hakimiyyət təmsilçiləri konkret suallarla üzləşəndə, beynəlxalq tribunadan çıxış edəndə “bəzi dairələr” ifadəsinə üstünlük verirlər. Ölkə ictimaiyyətinə xitab edəndə isə ABŞ-ı, Avropa Birliyini adı ilə tənqid edirlər. Hətta ABŞ prezidenti Barak Obamanın erməni lobbisinin təsirində olduğu da iddia edilir. İndi Əli Həsənov müsahibəsində deyir ki, bəzi qüvvələr ABŞ-Azərbaycan münasibətlərinə zərər vurmaq istəyir. Hansıki, Əli Həsənov özü ABŞ-la münasibətlərin dözülməz olduğunu bildirmişdi. Ondan sonra isə PA rəsmisi Novruz Məmmədov bildirdi ki, korrupsiyanın, zorakılığın, qanunsuz həbslərin vətəni ABŞ-dır. Digər hökumətyönlü deputatlar da bu ritorikanı davam etdirdi. Hakimiyyətin sözüçüsü rolunda çıxış edən qəzetlər isə İŞİD-in fəaliyyətindən tutmuş, dünyadakı inqilablara qədər bütün proseləri ABŞ-ın ünvanına “rəsmiləşdirdi”. Yəni, hakimiyyət özü etiraf etdi ki, baş verənlər ABŞ-ın rəsmi mövqeyidir. İndi isə ikitərəfli münasibətlərin inkişafından danışırlar. ABŞ-ı dünyanın ən nəhəng dövləti olduğunu qəbul edirsinizsə, niyə bu nəhəng güclə Azərbaycanı düşmən edirsiz?
Digər tərəfdən dünənə qədər ittiham etdiyiniz ABŞ, vəziyyət kritikləşəndə niyə “bəzi dairələr”lə əvəz olunur? Bu suallara cavab vermək ona görə çətindir ki, münasibətlərin pozulması Azərbaycan hakimiyyətinin yanlış siyasəti ilə bağlıdır. Ona görə də Əli Həsənov bu müsahibədə ABŞ-ın günahsızlığını təsdiq etməyə çalışıb. Yəni, münasibətləri korlayan ABŞ və Avropadakı bəzi dairələr deyil, Azərbaycanın hakimiyyət dairəsidir. Əgər, münasibətlərin pozulmasını istəmirsinizsə, siyasi məhbusları azad edin, insan haqlarına hörmətlə yanaşın, müstəqil mətbuata basqıları dayandırın. Çünki, bu vəziyyəti hansısa xarici dairələr deyil, Əli Həsənovun təmsil olunduğu hakimiyyət yaradıb. İndi demokratik dünya bu hakimiyyətin yaratdığı “zibilxana”nı, bu hakimiyyətin təmizləməsini istəyir
Daha sonra Əli Həsənov bildirir: Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığında, fikrimcə, ilk növbədə ikitərəfli münasibətlər, ümumi maraq kəsb edən aktual məsələlər müzakirə olunub. Qeyd edim ki, belə təmaslar Azərbaycan və ABŞ rəhbərləri arasında həmişə olmuşdur və cənab Kerrinin telefon zəngi də bu baxımdan istisna xarakter daşımır”.
Əgər bu telefon danışığı “ tərif yağışı” ilə bağlıydısa, niyə bunu gizlədirdiniz? AzTv-lərinizdə bu danışığı niyə yaymadınız? Ona görə ki, Con Kerri telefon danışığı zamanı Azərbaycandakı vəziyyətdən narahatlığını ifadə etdi və baş verənlərə etirazını bildirdi. Əli Həsənovun “bəzi dairələr”indən fərqli olaraq, Con Kerri ABŞ dövlətinin əsas sözçülərindən biridir. Azərbaycan hakimiyyəti ABŞ-la münasibətlərin istiləşməsində maraqlıdırsa, niyə bu telefon danışığından 5 gün sonra Azadlıq radiosunun Bakı ofisi möhürləndi? Hakimiyyət gözəl bilirdi ki, bu ABŞ-a qarşı atılan addımdı və münasibətlərə mənfi təsir edəcək.
Müxtəsər, “bəzi dairələr” də, münasibətləri korlayan da, nəhəng gücə “çubuq” uzadan da Azərbaycan hakimiyyətidir. Bütün bunlar isə ona görə baş verir ki, hakimiyyət vətəndaşa hörmət etmək istəmir. Məhz vətəndaşa hörmət etməmək üçün, bütün dünya ilə savaş içindədilər.
Akif