Qənirə xanımın “dəmir məntiqi”…

İki ildir ki, Məleykə Abbaszadənin səsi gəlmir…

Azərbaycanda saxta diplom alma mövzusu bizim üçün adi olsa da, məlum oldu ki, bunun başqalarının bilməsi məsləhət deyilmiş. Sual oluna bilər, axı adi vətəndaşdan tutmuş nazirə qədər hamı bu günə qədər çəkinmədən bu haqda danışırdı. Nə oldu birdən?..

Qardaş Türkiyədə Müjdə Ar adlı bir aktrisianın bu mövzuya toxunması aləmi bir-birinə qatıb. Deputat Qənirə Paşayeva  başda olmaqla, təhsilimizin müdafiəçiləri bir az irəli gedərək bunu… Azərbaycana atılmış böhtan kimi qiymətləndirirlər. Aydın məsələdir ki, Azərbaycan dedikdə iqtidar, müxalifət və bitərəflərdən ibarət 9 milyonluq xalq nəzərdə tutulur. Bir sözlə, belə çıxır ki, hamımız saxta diplom satanların zibilinə düşmüşük, təhqir olunuruq. Şəxsən mən nə özümü, nə də xalqımı təhqir olunmuş sayıram. Saxta diplomun saxta mandatdan nəyi kəmdir ki?.. 

Gələk Qənirə xanımın məntiqinə… O, saxta diplom qalmaqalının səbəbkarı olan Müjdə Ara belə bir təklifdə bulunur. Nöqtəsinə-vergülünə toxunmadan verirəm, buyurun , tanış olun:ÿ"Müjdə Arı dəvət edirik gəlsin, görək haradan alacaq o “dandık, saxta” diplomu Azərbaycanda. Yox, ala bilməsə, o zaman Azərbaycandan üzr istəməlidir. Ölkəmizə, millətimizə sayğı göstərməyən, onu aşağılayan birisi qardaşımız da olsa, ona sayğı göstərməməliyik və etirazımızı da hamımız söyləməliyik"(!?).

Mən bu təklifin(məntiqin – X.Ə.) analoqunu tapmağa çalışdım. Inanın ki, Cırtdanın nağılından başqa ağlıma bir şey gəlmədi. Yəni bütün bu həngamədən sonra Müjdə Ar Bakıya gəlib, hansısa rektorun həyatı ilə oynamalıdır. Xirtdəyəcən pulun və çirkabın içində olan rektor da, 5 minə görə bir də Əzrayılla çilingağac oynamalıdır. Razılaşın ki, aktrisanın soyadına “ilişmək” daha məntiqli olardı. Yeri gəlmişkən, artıq buna start verilib. Yazırlar ki, onun anasının “podruqa”ları erməni olub… 

Mənim üçün ən maraqlı olan isə, vəzifədə olduğu müddətdə təhsil sahəsində yalnız dost-tanışını irəli çəkən yeni təhsil nazirinin əsrarəngiz toxunulmazlığıdır. Buraxın onun tənqid etməyi, hamı onu müdafiə edir. Axı təhsildə nəinki heç nə dəyişməyib, əksinə, vəziyyət daha da dözülməz hala gəlib. Adi məktəblərdə valideynlər əvvəlkindən daha çox soyulur, bufetlərdə adi su, kola, qoğal ikiqat qiymətə satılır. Hamı susur. Hanı Məleykə Abbaszadə?.. 

…Yadınızdadırsa, bir neçə il bundan qabaq Məleykə Abbaszadə-Misir Mərdanov qarşıdurması, demək olar, gündəmi zəbt etmişdi. Əvvəldən axıradək Məleykə xanımın “üstünlüyü” ilə keçən mücadiləni bəzi qələm dostlarım oxuculara ya bilməzlikdən, ya da ki, məqsədli, birtərəfli şəkildə təqdim edirdilər. Süjet xətti belə idi, – Məleykə Abbaszadə təhsildəki neqativ hallara qarşı üsyan edir, onu xilas etməyə çalışır, Misir Mərdanov isə, əksinə, and içib ki, Azərbaycanda təhsilin axırına çıxmayınca “misri qılıncını” yerə qoymayacaq.

Sonda Məleykə xanım və onun tərəfdarları qələbə çaldı, Misir Mərdanov nazir vəzifəsindən azad edildi və yerinə… Içərişəhər qoruğunun müdiri Mikayıl Cabbarov təyin edildi. 

O gündən etibarən Məleykə xanımın, kobud dildə desək, səsi kəsildi. Yeni təyinata əvvəl soyuq yanaşsa da, hazırda bunu gizlətməyə çalışır, ümumiyyətlə, təhsil məsələlərinə qarşımır. Məlum oldu ki, xanımı maraqlandıran təhsilin problemləri yox, Misir Mərdanovla şəxsi-qərəzlik imiş. Təhsildə heç nəyin dəyişməməsi, əksinə, vəziyyətin daha da dözülməz olması hazırda bu xanımı zərrə qədər də narahat etmir. 

Mən ali təhsilin keyfiyyətindən də danışmağı artıq hesab edirəm. Bunu özünüz də təyin edə bilərsiniz. Bunun üçün savad-filan lazım deyil, sadəcə qonşuluqdakı ali məktəbin qapısına yaxınlaşın və 10-15 dəqiqə səbr edin. Siz tələbələrin əlində mobil telefondan başqa heç nə görməyəcəksiniz. Uzaqbaşı bir neçəsinin əlidə bükülmüş şəkildə dəftər görəcəksiniz. Onları daha yaxından izləməyə qalxsanız, həmin ali məktəblərdə imtahan-zaçotun neçəyə yazılması haqda geniş təsəvvürünüz olacaq. 

Fikrimcə, rejim üçün ən ideal təhsil naziri elə Mikayıl Cabbarov olduğu üçün tənqid edilmir. Əvvəlki nazir hərdənbir “improvizə” edirdi, müəllimlərin maaşının artırılmasını tələb edirdi. Deyirdi ki, 150-200 manata müəllimdən keyfiyyətli tədris tələb etmək ağılsızlıqdır.

Kütlə isə ali təhsil almasına baxmayaraq, savadsızlaşır. Bugünkü həyatımızın acı reallığı bax budur. Yəni bildiyiniz  “diplom” məsələsi…