Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
O, “Molla Nəsrəddin” dərgisinin ən parlaq imzalarından biri idi.
Satiralarının əsas hədəfi din xadimləri idi.
Xürafatı ən amansız şəkildə qamçılayırdı.
Çox sonralar qızı xatirələrində yazacaqdı: “Nənəm deyərdi: ”Naxçıvanda molla qalmamışdı ki, onların anaları, arvadları mənim yanıma gəlib hədələməsinlər ki, oğluna deginən dinə, mollalara sataşmasın, yoxsa bu işin axırı pis qurtarar. Bir dəfə də məhərrəmlikdə mənim yanıma qonşu arvadlar gəlmişdi. Məndən təvəqqe elədilər ki, Quran oxuyum. Mən oxuyarkən arvadların bəzisi ağlamağa başladı. Əliqulu içəri girdi. Eynəyinin üstündən bir qədər bizə tamaşa elədi. Sonra Quranı mənim əlimdən alaraq soruşdu: – “Ana, bu oxuduqlarını başa düşürsən?”. “Yox bala, başa düşmürəm”. Dedi, indi ki, başa düşmürsən, qoy sənin oxuduqlarını mən tərcümə eləyim. Burada ağlayası heç bir şey yazılmayıb. Burada ancaq doğruluq, təmizlik haqqında müsəlmanlara bir nəsihət verilir…”
Onu 1919-cu ilin bir mart gecəsi evinə qayıdarkən xaincəsinə öldürdülər.
Bu qətl dövrünün bütün aydınlarını, tərəqqipərvər insanlarını dərindən sarsıtdı.
Söhbət Əliqulu Qəmküsardan gedir. Din tüccarlarına, mollalara qarşı, xürafata qarşı ən azı Sabir qədər amansız olan Qəmküsarın şeirləri, şöhrəti onun qədər yayılmasa da, maarifçi keçmişimizdə rolu əvəzsizdir. Çoxlarımız belə bir aydının varlığından da, yaradıcılığından da, onun xain bir gülləyə qurban getməsindən də xəbərsizdir.
Əbdürrəhim bəy Haqverdiyev bu güllənin həm də “Molla Nəsrəddin” dərgisinin qəlbinə dəydiyini yazmışdı.
Iki gün öncə Parisdə, təkbir sədaları altında bir satirik nəşrin əməkdaşlarına yağdırılan güllə də əslində dünyanın hər yerində söz, ifadə, fikir azadlığını müdafiə edən insanların qəlbinə dəyib.
95 il öncə Qəmküsara atılan güllə hələ də öldürməyə davam edir.
Heç bir səbəb insan canına qıymağa, insanı öz qanında boğmağa haqq qazandıra bilməz, bəraət qazandıra bilməz.
Amma elə Azərbaycanın özündə belə, nə yazıq ki, məlum karikatura səbəbi ilə baş verənləri “məntiqi sonluq” kimi anlayanlar və başqasına da bu cür anlatmağa çalışanlar var. Nə oldu, bəs deyirdiniz, allahın verdiyi canı ondan başqa heç kim ala bilməz?! Indi necə olur, insanın insan tərəfindən qətlinə haqq qazandırmaq üçün min dərədən su gətirir, bəhanələr tapmağa çalışırsınız?
Bu gün terror ən çox müsəlman coğrafiyasında yaşayanları öldürürsə, Parisdəki qətliamı ən çox və ən kəskin dillə elə müsəlmanlar lənətləməli deyilmi?
Yaxud “IŞID-i ABŞ yaradıb”, “Əl-Qaidə Qərbin öz layihəsidir” deməklə iz azdırmağa, yaşanan faciəni xor görməyə çalışmaq necə mümkündür? Bəs 95 il öncə Qəmküsara atılan güllə necə olsun?! Bəs 200 il əvvəl “Allaha rüşvət”i, “Köpəyə ehsan”ı yazmış Seyid Əzim Şirvaninin qətli necə olsun?! Bəs 600 il əvvəl “Həqq mənəm, həqq məndədir” deyən Nəsiminin dərisinin diri-diri soyulması necə olsun?!
Ortada dəhşətli bir cinayət var. Və bu cinayət heç bir ön şərt qoyulmadan, ya da “pisləyirik” dedikdən sonra “amma”… ilə başlayan hər hansı cümlə qurmadan lənətlənməlidir. Terrora münasibət şərtsiz və güzəştsiz olmalıdır. Başqa istənilən münasibət ona haqq qazandırmaqdır, onu legitimləşdirməkdir.
***
Bunu da yazmasam olmaz.
Dünən baxıb görürəm, rejim rəsmiləri də Parisdəki teraktı pisləyən bəyanatlar, açıqlamalar veriblər.
Bu bəyanatların, açıqlamaların səmimiliyinə o vaxt inanmaq olardı ki, bizim ölkədə Elmar Hüseynovun, Rafiq Tağının qətlinin sifarişçiləri və icraçıları hələ də azadlıqda əlini-qolunu sallayaraq gəzməzdilər, cəzasız qalmazdılar.
Unudulmamalıdır ki, cinayətləri cəzasız qoymaq da elə bir növ cinayətlərə tərəf olmaqdır.