Səməd Seyidov 2014-cü ilin rəzalətlərini xarici siyasətin uğur zirvəsi sayır
Hakimiyyət hamının bildiyi reallıqları yanlış şəkildə təqdim etməkdən çəkinmir. Bu gün Azərbaycan hakimiyyətinin apardığı daxili və xarici siyasətin nəticəsi göz önündədir. Bu yanlış siyasət Azərbaycanı bütün demokratik dünya ilə qarşıdurma vəziyyətinə gətirib. Amma hakimiyyət təmsilçiləri ötən ilin uğurlu olduğunu iddia edirlər.
Bugünlərdə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov geniş müsahibə verib və yenə də “qatıq qara rəngdədir” deməyə davam edib. “2014-cü il Azərbaycan üçün Avropa Şurasında çox mühüm və tarixi bir il oldu. Çünki 2014-cü ildə Azərbaycan Avropa Şurasına sədrlik etdi. Prezident Ilham Əliyev Avropa Şurasında Azərbaycanı yeni bir zirvədə, tamamilə yeni bir mərhələdə dünyaya təqdim etdi. Bu mərhələ Azərbaycana dünya dövlətləri arasında mövqeyini möhkəmləndirməyə şərait yaratdı, ölkəmizin gücünü, potensialını artırdı və perspektivlərini müəyyənləşdirdi. Prezidentin tarixi çıxışı Avropa Şurasında, o sıradan üzv ölkələrdə yüksək qiymətləndirildi. Məhz buna görə də düşünürəm ki, Azərbaycan maraqlarının müdafiəsi baxımından dövlətimizin başçısının bu çıxışı 2014-cü ildə Azərbaycan-Avropa Şurası münasibətlərinin zirvəsi oldu”- deyə Səməd Seyidov bildirir.
Əvvəla qeyd edək ki, Səməd Seyidovun fəxrlə xatırladığı sədrlik dönəmində Azərbaycana qarşı ən kəskin fikirlər səsləndi. Ilham Əliyevin çıxışı zamanı zalda insanlar etiraz aksiyası keçirdilər, Elmar Məmmədyarov çətin suallarla üzləşdi, Azərbaycandakı siyasi məhbuslar məsələsi gündəmə gətirildi. Digər tərəfdən, bu sədrlik dönəmində Azərbaycan nə Dağlıq Qarabağ münaqişəsinin həlli, nə ölkədə demokratik islahatların aparılması baxımından müsbət addım ata bildi. Sədrlik dövrü itirilmiş imkanlar kimi yadda qaldı. Yəni ötən il Azərbaycan-Qərb münasibətlərindəki çat daha da dərinləşdi.
Daha sonra Səməd Seyidov bildirir: “2014-cü il Azərbaycan nümayəndə heyəti tərəfindən həm erməni lobbisinə, həm də ölkəmizi istəməyən qüvvələrə qarşı məqsədyönlü iş aparılıb. Nümayəndə heyətimiz tərəfindən hazırlanmış xeyli sənədlər Avropa Şurasında qəbul olunub. Həm Avropa Şurasının baş katibi Torbyorn Yaqland, həm də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycanın Avropa Şurasına sədrliyini yüksək qiymətləndiriblər”.
Cənab deputata bir daha xatırlatmaq istəyirik ki, ötən il yenə də əsgər ölümləri ilə yadda qaldı. Digər tərəfdən, Fransada keçirilən tədbirdə ermənilər Dağlıq Qarabağla bağlı stendlə çıxış etdilər və Azərbaycan tərəfi buna əngəl olmaq üçün əməli addım atmadı. Yəni həm təbliğat, həm də əsgəri itkilər baxımından uğursuz il oldu. Torbyorn Yaqlanda gəlincə, bu adam “Azərbaycanda insan haqlarının durumu: bıçaq sümüyə dirənib” başlıqlı məqalə yazdı və ölkədəki acınacaqlı vəziyyət ortaya qoydu. Ann Brasör isə “Azərbaycanda sistem dəyişməlidir” qənaətinə gəldi. Yəni ötən il hakimiyyət ənənəvi dostlardan da məhrum oldu və müdafiə olunmaq şansı saxlamadı. Hakimiyyətin şəxsi maraqlar üzərində qurulmuş siyasəti 2014-cü ildə öz “bəhrə”sini verdi və Azərbaycanı dünya ilə üz-üzə qoydu. Indi beynəlxaq təşkilatlar, nüfuzlu media orqanları, tanımış ekspertlər Azərbaycanı antidemokratik ölkə kimi dəyərlənidirir və “Absurdistan” adlandırır.
Səməd Seyidov müsahibənin sonunda deyir: “Azərbaycanı gözü götürməyən qüvvələr bu nailiyyətlərə kölgə salmaq istəyirlər. Belə əsassız iddialar səslənir ki, guya Azərbaycanda insan haqları ilə bağlı hansısa pozuntular baş verib. Azərbaycan gücləndikcə, beynəlxalq miqyasda mövqelərini möhkəmləndirdikcə erməni lobbisi, ölkəmizi istəməyən qüvvələr təxribatlara əl atırlar. Indi görürük ki, bəzi beynəlxalq təşkilatlarda insan haqları amilindən bir alət kimi istifadə edib ölkələrə təsir göstərirlər. Digər tərəfdən, demokratiyanı bir ölkədən digərinə bir əşya kimi gətirmək mümkün deyil. Demokratik prinsiplər, dəyərlər ölkənin içərisində formalaşmalı, püxtələşməlidir. Düşünürəm ki, 2015-ci il beynəlxalq münasibətləri daha açıq şəkildə ortaya qoyacaq və bu nöqteyi-nəzərdən Azərbaycan üçün çox əlverişli bir il olacaq”.
Bəli, Səməd müəllim iddia edir ki, ÜDM-ü trilyonlarla ölçülən, dövlət büdcəsi Azərbaycandan 1000 dəfələrlə artıq olan, əhalisi yüksək səviyyədə yaşayan ölkələr Azərbaycana paxıllıq edir. Tutaq ki, belədir. Tutaq ki, demokratiyanı Azərbaycana qarşı alət kimi istifadə edirlər. O zaman sual meydana çıxır. Niyə dünyaya bu “alət”i verirsiniz. Ölkədə demokratiyanı, azadlıqları bərpa edin, siyasi məhbusları azad edin, dünya da o “alət”dən istifadə edə bilməsin. Vətəndaşa əşya kimi yanaşan hakimiyyət, demokratiyanın əşya kimi ölkəyə daxil olmasından niyə narahatdır?
Bir sözlə, Səməd Seyidovun fikrincə, 2014-cü ildəki “uğur”lu siyasət 2015-ci ildə də davam edəcək. Deməli, 2015-ci ildə sanksiyalar qaçılmaz olacaq. Çünki, hökumətin “uğur meyarı” bunu deməyə əsas verir.
Akif


