Oqtay Haqverdiyev: «Dolları söz-söhbətlə deyil, yalnız güclü iqtisadiyyatla çökdürmək mümkündür»
Qərbi Aralıq dənizi Ixracatçılar Birliyinin rəhbəri Mustafa Satıcı Rusiyada yaşanan böhranın Türkiyənin ixracatına mənfi təsir göstərdiyini bildirib. O, bu istiqamətdəki problemlərin aradan qaldırılması üçün Maliyyə Nazirliyi ilə bir sıra işlərin görüldüyünü deyib. Mustafa Satıcının sözlərinə görə, Türkiyədən ən çox məhsul ixrac olunan ölkələr Rusiya, Çin, Almaniya, Ukrayna və Bolqarıstandır. Mustafa Satıcı 2014-cü ildə baş vermiş böhranın Rusiyaya ixracatı 1,3 faiz azaltdığını vurğulayıb.
O, Rusiya və Türkiyə arasındakı ticarətin rus rublu və türk lirəsi ilə aparılması məsələsinə dair Maliyyə Nazirliyi rəsmiləri ilə bir sıra işlərin görüldüyünü də qeyd edib. Bildirib ki, yekun qərar iki ölkənin maliyyə nazirliklərini təmsil edən nümayəndə heyətlərinin iştirakı ilə Antalyada keçiriləcək görüşdə veriləcək.
Türkiyə və Rusiyanın Azərbaycanın yaxın qonşları olmasını nəzərə alsaq, dollardan imtinanın hansı nəticələr doğuracağı da maraqlıdır. Hər iki ölkə dollardan imtina edərsə, bunun Azərbaycana hər hansı təsiri ola bilərmi?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, adıçəkilən ölkələrin yüz milyardlarla idxalı var, bu da yalnız dollarla ifadə olunur. Bu mənada, ekspert dollardan imtinanı mümkünsüz sayır: “Onlar rublun və yaxud lirənin daha güclü valyuta olduğunu iddia edə bilərlər. Dolların ən yaxşı valyuta olmasının arxasında böyük və harmonik bir iqtisadiyyat durur. Bizim iqtisadiyyatımız neft və qaz üstündə köklənib. Amerikada isə bütün sahələr inkişaf edib, ən müasir texnologiyalar üzərində qurulub. Onun valyutası da elə güclü olmalıdır. Dünya ölkələrinin xarici ticarətinə nəzər salsaq, onların 80 faizi dollar üzərində qurulur. Latın Amerikası ölkələri belə, öz valyutaları olmasına baxmayaraq, bir-birilə ticarət əlaqələrini dollarla aparırlar. Dollar elə bir ekvivalentdir ki, onunla iqtisadiyyatın hər bir strukturunu göstərmək olar. Ona görə də Türkiyə və Rusiya dollardan imtina edə bilməz”.
Ekspert qeyd edir ki, Vladimir Putin Rusiyaya rəhbərlik etdiyi vaxtdan ticarət dövriyyəsini rublla aparmağa çalışır. Buna baxmayaraq, Rusiyanın valyuta ehtiyatları rublla yox, dollarla saxlanılır: “Rus rublunu heç kim yaxına buraxmır. Dolları söz-söhbətlə deyil, yalnız güclü iqtisadiyyatla çökdürmək mümkündür”.
Nigar


