Türkiyə Avropadan imtina edir?

Ərdoğan və Davudoğlunun xarici siyasət barədə fikirləri bir-birinə ziddir

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Iqtisadiyyat Nazirliyi tərəfindən keçirilən 3-cü ticarət müşavirləri konfransında 2015-ci il üçün iqtisadi planlarını açıqlayıb. Baş nazir 2008-ci ildən bu günə qədər bir çox sahələrdə nailiyyətlərin əldə edildiyinə baxmayaraq, türk iş adamlarını qonşu ölkələrə investisiya yatırmağa təşviq edib.

Davudoğlu Türkiyənin üç regiona – Afrika, Latın Amerikası və Asiya ölkələrinə xüsusi diqqət yetirəcəyini də vurğulayıb. Baş nazir xüsusi olaraq deyib ki, Türkiyə Avropa bazarı daralan zaman qonşu ölkələrə, qonşu ölkələrdə siyasi böhranlar yarandığı zaman isə Afrika və Latın Amerikası ölkələrinin bazarına girməyə başlayıb.

Davudoğlunun Avropa bazarının Türkiyə üçün prioritet olmaması kimi açıqlaması Ərdoğanın xarici siyasət üzrə  prinsiplərinə ziddiyyət təşkil edir. Belə ki, Ərdoğan hələ bir müddət öncə Türkiyə xarici siyasətinin beş əsas prioritetini, Avropanı da bu yöndə əsaslardan biri kimi xarakterizə etmişdi. Bu arada xatırladaq ki, Türkiyənin Avropa Ittifaqına tamhüquqlu üzvlük üçün 2005-ci ildən indiyədək ümumilikdə 168 islahat paketi həyata keçirməsinə rəğmən, qurum indiyədək Ankaraya üzvlüklə bağlı  yalnız təskinlik verir.

Türkiyənin bu bazarı prioritet kimi görməməsini görəsən, onun Avropadan imtina etməsi kimi xarakterizə etmək olarmı?
Politoloq Vəfa Quluzadə söyləyir ki, bu məsələnin Türkiyənin xarici siyasətinə dəxli yoxdur. Ona görə ki, keyfiyyətinə görə Avropa bazarına gedib çıxmaq xeyli çətindir. Politoloqun fikrincə, Rusiya, Azərbaycan və Asiya ölkələri bu keyfiyyəti müsbət qarşılayır. Avropada rəqabət aparmağın çox çətin olduğunu deyən politoloq, onların standartının  yüksək olduğunu söyləyir:
“Bu baxımdan, Türkiyənin Avropa bazarını prioritet kimi görməsinin siyasi çaları yoxdur. Burda siyasət axtarmağına dəyməz”.

Nigar