Səudiyyə Ərəbistanı neftin bahalaşmasına imkan verməyəcək

Qərb analitikləri hesab edir ki, Səudiyyə Ərəbistanı 1980-ci illərin səhvini təkrarlayıb neft hasilatının azaldılmasına getməyəcək. Tarix göstərir ki, qiymətlərin bərpası xeyli vaxt apara bilər. 
Brent markalı neftin qiymətinin 50 dollardan aşağı düşməsi beynəlxalq ekspertlər dairələrində müxtəlif mülahizələrə səbəb olub.
Mütəxəssislər hesab edir ki, qiymətlərin ucuzlaşması davam edəcək və bu da əsasən Səudiyyə Ərəbistanının yeni taktikası ilə izah olunur. 
Almaniyanın NordLB bankının analitiki Frederik Kuntse qeyd edir ki, neftin 40 dollara qədər ucuzlaşacağı ehtimalı çox yüksəkdir. Hətta neftin 20 dollara qədər ucuzlaşacağını deyənlər də var. 
Ekspertlər neftin ucuzlaşmasının əsas səbəbi kimi onun bazarda çox olmasını göstərir. Bu da iri neft istehsalçılarının hasilatı azaltmaqdan imtina etməsi ilə izah olunur. Bu prosesdə əsas rolu isə Səudiyyə Ərəbistanı oynayır. 
Amerikanın Medley Global Advisors konsaltinq şirkətinin eksperti Yasser Elquindinin fikrincə, Səudiyyə Ərəbistanı 1980-ci illərdə etdiyi səhvləri təkrarlamamağa çalışır. O dövrdə Səudiyyə qiyməti saxlamaq üçün hasilatı azaltdı. Nəticədə heç nə qazanmadı, əvəzində bazardakı mövqelərini itirdi.
Ekspertlər əmindirlər ki, neft bazarında hazırkı qiyməti müharibəsi qaçılmazdır və Səudiyyə tutduğu mövqedən geri çəkilməyəcək. Ona görə də yaxın perspektivdə neftin bahalaşacağnı gözləmək olmaz. 
azadlıq.info