Bir müddət öncə Türkiyədən olan aktrisa Müjdə Ar Azərbaycanda təhsilin səviyyəsini və bu sistemdə olan rüşvətxorluğu önə çəkən bir açıqlama ilə çıxış etdi. Ali təhsili olmayan aktrisa bildirdi ki, Azərbaycandan saxta diplom alıb prezidentliyə namizəd ola bilər.
Təbii ki, xoş deyil, insanın ürəyi bulanır. Niyə axı sənin vətəndaşı olduğun, qürur duymaq istədiyin bir ölkənin adı belə naqisliklərlə hallansın?! Normal düşüncəyə sahib kimsə bu aşağılanmanı nə özünə, nə də yaşadığı ölkəyə layiq bilər.
Millət vəkili Qənirə Paşayeva da təbii olaraq bu açıqlamaya münasibət bildirib. Hətta çox sərt danışıb… Amma iş ondadır ki, millətə vəkillik edən bu xanım asıb-kəsdiyi ünvanı qarışdırıb. Yəni asıb-kəsdiyi Türkiyədən olan aktrisa olub, Azərbaycanda təhsili bu hala salanlar yox…
Qənirə Paşayeva ölkədəki təhsil sistemini müdafiə edərək Müjdə Ara meydan oxuyub və deyib ki, gəlsin Azərbaycana, görək, hardan alır o saxta diplomu?
Vallah, ara sakitləşsin, bu Müjdə Ar da bir az inadkar olsun, heç özü də gəlməsin Azərbaycana, biri ilə pulunu göndərib diplomunu alıb bir surətini də Qənirə Paşayevaya göndərsə, görən, onda nə deyəcək millət vəkili?!
Qənirə xanımın qəzəbinə gəlincə, bunu anladıq, amma kimə nə sübut etmək istədiyini anlaya bilmədik. Qənirə Paşayeva yəni demək istəyir ki, Azərbaycan təhsilində rüşvət yoxdur, kimsə də saxta diplom ala bilməz? Nəyə iddia olunur axı?
Əslində, çox şeyə iddia etmək olar… Məsələn, iddia etmək olar ki, Müjdə Ar Azərbaycanın xarici və daxili düşmənləri ilə işbirliyindədir… Ya da bəlkə bu aktrisanın Azərbaycana xüsusi bir qərəzi var. Aktrisanı hətta ermənilər belə maliyyələşdirə bilər…
Axı necə ola bilər, durub-dururkən bir aktrisa niyə Qazaxıstan, Türkmənistanın deyil, elə Azərbaycanın adını çəkdi?
Hətta ən pis halda sadaladığımız və indiyə qədər dəfələrlə eşitdiyimiz “qərəz” və “ermənilərlə işbirliyi” kimi absurd fikilərə də iddia etmək olar, amma durub da Azərbaycanda saxta diplom almaq mümkün deyil deyib, buna iddia etmək olmaz. Məsələn, mən elə indi də inana bilmirəm ki, Qənirə Paşayeva ölkədəki təhsilin nə halda olduğundan, saxta diplomların havada uçuşduğundan, rüşvətin bu sahədə də tüğyan etdiyindən xəbərsizdir.
Qənirə xanım, bu ölkədə tək diplom satılmır, hətta sizin də oturduğunuz parlamentdəki kürsülər belə satılır. Tanrı eşqinə, hər gün parlamentin iclaslarına qatılanda orda neçə nəfər millətə vəkillik etmək iqtidarında olan deputata rast gəlirsiniz? Məgər onlar mandatlara alqı-satqı nəticəsidə sahiblənməyiblər?
Axı siz də jurnalist olmusunuz, dünyanın müxtəlif ölkələrində baş verən hadisələri izləmisiniz. Məgər bir ölkədə baş verən hadisəni dilə gətirən jurnalist və ya birisidir günahkar, yoxsa etdikləri ilə o ölkəni gülüş, kinayə, tənqid hədəfinə çevirənlər?
Axı siz bilirsiniz ki, bu hadisədə qınanacaq tərəf bir aktrisa deyil, ölkəni bu hala salanlardır. Bütün bu həqiqətlər çılpaqlığı ilə ortada olduğu halda indi inanaq ki, siz doğurdan da Azərbaycanın imicini, adını qoruyursunuz və qəzəbinizdə səmimisiniz?
Əgər səmimi oldunuğunuzu iddia edirsinizsə, bir söz deyə bilmərik, özünüzü qoymaq istədiyiniz yerdən sizi kənarlaşdırmaq nə həddimizə. Amma izn verin, sizin bizi qoymaq istədiyiniz yerdə olmadığımızı bildirək. Biz orada, bizi qoymaq istədiyiniz korlar və karlar məqamında deyilik, Qənirə xanım!
Belə qəzəblə ölkənin imicini, təhsilini aşağılanmaqdan qorumaq olmaz. Müjdə Ara deyil, ona bu yolu açanlara qəzəblənmək lazımdır. Çünki deyən yox, dedirdəndir günahkar!
Haşiyə…
Son bələdiyyə seçkilərində müəllimin görünən faktı “yalan” adlandırıb dirəşdiyini, jurnalistin yaxasından yapışıb vəsiqəsini çırdığını necə, izlədinizmi? Yəqin ki, izləmisiniz. Indi qalxıb bunu bir xarici telekanal göstərsə, ya da jurnalist yazıb dilə gətirsə, bu faktı yayanlara etiraz bildirəcəksiniz, işini yerinə yetirən jurnalisti ittiham edəcəksiniz ki, ölkənin imicinə ziyan vurub? Deyəcəksiniz ki, niyə kamerasını o tərəfə çevirib, bir qadının qutuya saldığı bülletenləri çəkib?
Bir ölkənin hüquq, seçki sisteminə vurulan bu ləkəyə niyə etiraz etmədiniz? Niyə o müəllimi bu hala salan rejimə, onu saxta seçkilərdə vasitə kimi istifadə edib bir kərana tullayanlara qarşı dayanmadınız? Axı gözəl bilirsiniz ki, mənəviyyatı və dürüstlüyü bu qədər zədə almış bir müəlim sağlam nəsil yetişdirə bilməz. Niyə qalxıb da demədiniz ki, müəllimləri uzaq tutun saxta əməllərinizdən.
Etiraz etmədiniz, olsun, amma indi “ölkə imici” deyib bir aktrisanın üstünə bu qədər getməyiniz səmimi görünmür.
Yeri gəlmişkən, yaxınlarda oxudum ki, kimisə intihar etmək istədiyi körpüdən endirə bilmisiniz. Kimlərsə sizi buna gərə öyə bilər. Amma bir nəfəri deyil, bütövlükdə bu ölkənin insanını mənəviyyatsızlıq bataqlığına sürükləyənlərdən xilas etmək lazımdır. Bu ölkə insanını mənəvi cəhətdən tükədənlərə qarşı durmaq lazımdır.
Qəzəbinizin ünvanını yalnış seçmisiniz, bu seçimlə nə ölkənin imicini qorumaq olar, nə də onu aşağılanmaqdan. Azərbaycanı aşağılancaq hala gətirənlərin yanında yer alıb “yaxşı millət vəkilinin nağılı”na qəhrəman olmaq olmur.
Nə isə… İnsan hər zaman olduğu deyil, olmaq istədiyinin obrazını təqdim etməyə çalışır. Amma bu da bir həqiqətdir ki, insanlar özlərini anlatmaq istədikləri kimi deyil, etdiyi əməllərlə kimlilərini şəkilləndirb təqdim edirlər.
Bir də… Bəlkə mövzudan uzaqdır, ya da lap yaxın, bilmirəm, sonu bu sözlərlə bitirmək istədim: Yalan danışmaqdansa, susmaq haqqından istifadə etmək daha yaxşıdır.