Fuad Qəhrəmanlı: «Bu, Azərbaycana qarşı sanksiyalar məsələsinin müsbət həllini tapmasına təsir göstərəcək»
Respublikaçıların Nümayəndələr Palatası və Senata nəzarəti ələ aldığı yeni ABŞ Konqresi işinə başlayıb. Ekspertlərə görə, mühafizəkar respublikaçı qanunvericilərin bir hissəsi prezident Obamanın yürütdüyü siyasi kursun istiqamətini dəyişmək əzmindədir.
Müxalif respublikaçılar noyabr ayında ara seçkilərdə qələbə əldə etdikdən sonra Konqresə nəzarətə son illər ən çox yer qazanaraq başlayır.
Respublikaçılar Nümayəndələr Palatasında 435 yerdən 246 yeri qazanaraq, son 70 ildə ən böyük üstünlük əldə edib. Senatda 100 yerdən 55-i də hazırda respublikaçı qanunvericilərə məxsusdur.
Senatda respublikaçı əksəriyyətin lideri senator Mitç Makkonnel CNN televiziyasına müsahibədə qanunvericilər qarşısında ilk vəzifənin Kistoun neft kəməri layihəsini təsdiq etməkdən ibarət olacağını deyib.
Bir qayda olaraq respublikaçıların demokratlarla müqayisədə xarici siyasətdə daha sərt addımlar atmağın tərəfdarı olduğu məlum məsələdir. Makkeyn Institutunun dirktoru, dövlət katibinin sabiq müavini Devid Kramerin Azərbaycanla bağlı qələmə aldığı son məqalə də bunu sübut edir. Respublikaçılar Rusiya və onun avtoritar dostları ilə bağlı kəskin addımların atılmasının tərəfdarıdır. Prezidentliyə keçmiş namizəd Makkeynin də Putinlə bağlı sərt addımlar atılmasını neçə illərdir tələb etməsi bunu sübut edir. Yəni bir sıra ekspertlər hesab edir ki, Konqresin Respublikaçılar Partiyasının əlinə keçməsi Azərbaycanla bağlı onsuz da prinsipial mövqe sərgiləyən ABŞ-ın addımlarını bir qədər də sərtləşdirəcək. Sərtləşmə əsasən Azərbaycan hakimiyyətinin repressiv siyasətinin qarşısının alınması istiqamətində olacaq.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Konqresin respublikaçıların əlinə keçməsi ABŞ-ın xarici siyasətində elə bir dəyişiklik etməyəcək. Çünki xarici siyasəti məhz Obama administrasiyası müəyyənləşdirir və həyata keçirir: “Amerikada qanunverici orqanın proseslərə təsiri o halda özünü göstərir ki, xarici siyasətlə bağlı müəyyən layihələrin, təşəbbüslərin dəstəklənməsi zərurəti yarandıqda Konqres və ya Senatın dəstəyini almağa ehtiyac yaranır ki, bu zaman da əksər vaxtlarda uzlaşma nöqtələri tapılır. O baxımdan Obama hakimiyyəti dövründə ABŞ-ın xarici siyasətində nə Konqresdə, nə də Senatda ziddiyyət yarada biləcək məqamlar müşahidə olunmayıb: ”Mövcud administrasiya xarici siyasətlə bağlı addımlarda indiyə qədər bütün mümkün variantları həyata keçirib. Bu özünü Ukrayna böhranına münasibətdə də ifadə edir. Gürcüstanın Rusiya işğalı zamanı da Buşun hakimiyyəti dövründə indiki kəskinlikdə, belə geniş miqyaslı addımlar atılmamışdı. O baxımdan Obamanın Ukrayna məsələsində həyata keçirdiyi siyasətini Konqres də problemlə qarşılamayacaq. Əksinə, Konqresin bu məsələlərdəki rolu aratacaq və bu cür təşəbbüslər bu qurum tərəfindən dəstəklənəcək".
F.Qəhrəmanlı onu da bildirdi ki, o, bir müddət əvvəl o ABŞ-da səfərdə olarkən Konqressin Azərbaycana münasibətdə xüsusi bir yanaşması nəzərə çarpmırdı. Azərbaycana enerji partnyoru kimi baxılırdı. Amma Azərbaycanın xarici siyasətindəki dəyişiklik, açıq Rusiya istiqamətində irəliləmə Konqres tərəfindən də, güman ki, birmənalı dəyərləndirilməyəcək: “Bu, Azərbaycan hakimiyyətinin ABŞ-a təsir imkanlarını daha da məhdudlaşdıracaq. Respublikaçıların bu məsələdə daha prinsipial mövqedən çıxış etməsi, Azərbaycanın xarici siyasət orentasiyasında hansı mövqedən çıxış etməsi ölkəmizə münasibətdə prinsipial yanaşmaların davam etməsinə gətirib çıxaracaq. Indiki halda isə Konqresin addımları Obama administarsiyası ilə Azərbaycan hakimiyyəti arasında yaranmış gərgin münasibətin dəstəklənməsi ilə nəticələnəcək. Obama hakimiyyətinin Azərbaycan iqtidarından güzəştsiz şəkildə insan haqları, demokratiya ilə bağlı tələblərini həm də Konqress dəstəkləyəcək”.
Azərbaycana qarşı sanksiyaların tətbiqinin gündəmdə olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, bu halda hakimiyyət qolları arasında tam əlaqənin olması vacibdir: “Respublikaçılar xarici siyasətdə Amerikanın maraqlarının daha fəal qorunmasının tərəfdarıdırlar. O baxımdan Konqres Respublikaçıların Konqresdə daha üstünlük təşkil etməsi Azərbaycana qarşı sanksiyalar məsələsinin müsbət həllini tapmasına təsir göstərəcək”.
Xəyal


