Qara yara

Abdulla Mahmudov

Qara qızıl illərdi bu məmləkətin başına gətirilən bəlaların ən böyük səbəbkarına çevrilib. . Adını eşidib, üzünü üzlərdə gördüyümüz, “dadı”nı heç vaxt görmədiyimiz sərvət. Amma artıq bu qara qızıl getdikcə hörmətini itirməyə,  qara yaraya dönməyə başlayır. Keçən ilin sonlarından başlayaraq qiyməti də dalğa-dalğa enməyə başlayıb. Azərbaycan kimi büdcəsi 90% neftdən asılı olan ölkə üçün bu nsözün əsl mənasında faciədir. Normal halda inşası neft pulları hesabına başa gələn lazımsız tikililər dayandırılmalı, yaxud da ayrılan pullar azaldılmalı idi. Məsələn, şəhərin mərkəzində gözəl arxitektura üslubunda tikilmiş binası ola-ola, şəhərin başqa bir yerində ucaldılan yeni ARDNŞ iqamətgahı nəyə lazım idi? Adam fikirləşir ki, yəqin bunların yerin təkindəki neftdən gözləri doymayıb, göydə də neft axtarırlar.  Bəlkə də çox yuxarılara qalxmaqda məqsədləri, bu cür gözü tox xalq, bərəkətli torpaq bəxş etdiyi üçün Allaha təşəkkür etməkdi.  Həqiqətən, nəyə lazımdır axı neftin bu qədər ucuzlaşdığı bir dövrdə bu boyda bina? İşçiləri ixtisara salmaq, maaşları azaltmaq əvəzinə bu binanın tikintisini dayandırmaq olmazdımı?! Tutalım tikintini yarımçıq saxlamaq istəmədiniz, neftin bu qədər dəyərsizləşdiyi vaxtda İstanbulda 75 milyona bina almaq ARDNŞ-nin harasına yaraşır. Bəlkə ARDNŞ-yə yaraşır, amma bu səfil xalqa yaraşmır. O  75 milyona nələr etmək olmazdı.   Hər şey olmasa da, çox şey. Hər yerə sanki acıq verirmiş kimi yazıb vurduğunuz “Neft xalqın sərvətidir” fikrini doğruldardınız. Hələ də bədbəxt azərbaycanlılar o məşhur kəlamdakı xalqı axtarır, o fikir deyilərkən hansı xalq nəzərdə tutulduğunu araşdırır. Bu günlərdə “SOCAR” neftin ucuzlaşması ilə əlaqədar Gürcüstanda satdığı benzinin qiymətini aşağı salıb. Bəlkə, o kəlamdakı bəxtəvər xalq gürcü xalqıdır elə. 

Nə qədər ağrılı olsa da, neftin qiymətinin düşməsini sevinclə qarşılayırıq. Bu heç də bizim vətən xaini olmağımız, erməni dəyirmanına su tökməyimizdən irəli gəlmir. Sevinirik ki, hər gün gözümüzün qabağında səhər-axşam fontanla çıxan, amma xeyrini görmədiyimiz o qara yaranın pulundan az yeyəcəklər, az yeməyə məcbur olacaqlar. Görün nə ilə təsəlli tapırıq, nəyə sevinirik?! 21-ci əsrdə bu qədər sadəlövh, bu qədər bədbəxt bir xalqın olması da qeyri-adi bir şeydir. Bəlkə, elə bununla da təsəlli tapmaq lazımdır. 

Bir tərəfdən də insanları qınamaq olmur axı. Guya neftin qiyməti yüksək olanda bu xalq hiss etmişdimi, ya hökumət hansısa sahədə bunu hiss etdirmişdimi?! Qafqazın ən güclü ordusu adlandırdığımız ordumuzda əsgərləri bit və bəzi bitdən betər zabitlər yeyir. Biri əsgərin qanını sorur, biri əsgərə çatacaq olan yeməyi və ya 5-10 manat pulu. Köhnəlmiş hərbi texnikanı rəngləyib xalqa ən müasir texnika adı ilə sırayırlar. Dil gəl ki, hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur. Burnu qanayandan, ürəyi ağrıyanadək hər kəs çarə dalınca qonşu ölkələrə qaçır. Heç kim bu ölkənin səhiyyəsinə, həkiminə etibar etmir. Amma hər il səhiyyəmizə də filan qədər pul ayrılır. 11 il məktəbə gedən şagird 9-cu sinifdən etibarən repetitor yanına gedir, çünki illər ərzində məktəbdə ona lazım olanları öyrətmirlər, dərs saatı zamanı müəllim şagirdi, şagird də müəllimi yola verir. 120 manat maaşa görə başını ağrıtmaq istəmir müəllim. Yəni müəllim dərs keçməməyə, şagird də öyrənməməyə məcbur edilir. Elə təhsilimizə də az pul ayrılmır. Sadaladıqca, qurtarmır problemlər. Problem çoxdur, həlli də var. Amma həll edən yoxdur. Yəni neftin qiyməti 200 dollara qalxsa da, bu problemlər həll edilməyəcək. Ona görə də, hələ ki, qiymətin düşməsinə sevinməyə haqqımız çatır.