Nemət Əliyev: «Hökumət büdcədə neftin qiyməti ilə bağlı dəyişiklik etməyə məhkumdur»
Neftin qiyməti dünən də sürətlə ucuzlaşıb və bir barrel üçün 50 dollarlıq baryeri keçib. Texas neftinin barrelinin qiymətinin Nyu-York birjasında sutkalıq ucuzlaşması 67 sent və ya 1,4 faizdir. London birjasında da “Brent” markalı neftin barrelinin qiyməti 66 sent ucuzlaşıb. Günün ortasındakı göstərici 50,44 təşkil edib.
Neftin qiymətinin sürətlə düşməsi və artıq 50 dollarlıq həddi aşması neft ixrac edən və bu təbii resursdan asılı olan ölkələr üçün ciddi problemlər yaradır. Heç şübhəsiz, Azərbaycan da bu fəsadlardan sığortalanmayıb. Hələ neftin qiyməti 80 dollar ətrafında olarkən, dövlət başçısı Ilham Əliyev “Rossiya 24″ telekanalına müsahibəsində bildirmişdi ki, neftin qiyməti hətta 60 dollara düşərsə belə, bu, Azərbaycan iqtisadiyyatı üçün problem yaratmayacaq. Bütün proqnozlara baxmayaraq keçən ilin sonunda büdcə ilə bağlı müzakirələr zamanı büdcədə neftin bir barreli 90 dollar göstərildi. Ekspertlərin rəyinin nəzərə alınmaması nəticədə ona gətirib ki, bu ilin mayında büdcəyə yenidən baxılacaq.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, neftin qiymətinin ucuzlaşması, hasilatın azalması həm Azərbaycan iqtisadiyyatı, həm əhalinin sosial durumu, həm də dövlət büdcə gəlirlərinin formalaşması üçün böyük çətinliklər yaradır. Bu baxımdan büdcədə neftin qiymətinin 90 dollar göstərilməsi yanlış addımdır: “Neftin qiyməti dünya bazarında 80 dollar olan zaman büdcədə neftin qiyməti 90 dollar götürüldü. Bu əslində məsuliyyətsizliyin əlamətidir. Bu, dövlət büdcə sənədinə dırnaqarası baxışın göstəricisidir. Hökumət büdcədə neftin qiyməti ilə bağlı dəyişiklik etməyə məhkumdur. Neftin dünya bazar qiymətlərinin dəyişməsi Azərbaycan iqtisadiyyatı üçün problemlər yaradır. Bu, ÜDM-in artım templərini aşağı salır. Artıq ÜDM iki faizə qədər düşüb. Vaxtilə bu rəqəm otuz dörd faizin üzərində idi. Qeyri-neft sektorunun inkişaf etdirilməsinə zərurət yarandığı bir halda hökumət bu istiqamətdə addım atmır. Baş verənlər siyasi hakimiyyəti narahat edən məsələ olmalıdır”.
N.Əliyev hesab edir ki, yaranmış durumda enerji daşıyıcılarının qiymətinin aşağı salınması çox zəruridir. Çünki büdcə gəlirlərinin itirilməsinin qarşılığını vermək üçün ən gözəl sahə qeyri-neft sektorudur. Qeyri-neft sektoru inkişaf etdirilməsə neftdən gələn gəlir tükənəcək: “Yanacağın qiymətini aşağı salmaqla yanaşı, kredit faizləri, vergi dərəcələri də endirilməlidir. Korrupsiya, inhisarçılıq, rüşvətxorluqla real mübarizə aparılmalıdır. Bütün bu faktorlar sahibkarlığın inkişafını ləngidir”.
Xəyal