BDU-da 50 müəllim cəzalandırılıb

2014-cü ildə universitetdən 26 tələbə xaric edilib
 
"Kredit sistemi ilə tədrisin təşkili barədə mövcud qaydalara uyğun olaraq, Bakı Dövlət Universitetində tələbələr davamiyyət və akademik borclara görə universitetdən xaric olunmur".
Bu barədə "Report"un sorğusuna cavab olaraq BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib.
Şöbədən verilən məlumata görə, yalnız tələbə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda universitetdən xaric edilir: "Bütün bu hallara görə 2014-cü ildə universitetdən 26 tələbə xaric edilib".
BDU 2014-cü il müddətində cəzalandırılan müəllimlərin sayını da açıqlayıb: "Öz xahişi və səhhəti ilə əlaqədar olanları çıxmaq şərtilə, universitet müəllimləri işdən azad edilməyib. Tədris prosesində işdə yol verdikləri qüsurlara görə, təxminən 50-yədək universitet müəlliminə müvafiq inzibati cəza verilib".