"Rəsmi Bakı etdiklərinə görə cavab verməlidir" Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini mətbuata qarşı repressiyalara son qoymağa, beynəlxalq birliyi isə Azərbaycanda KİV-in vəziyyətinin pisləşməsinə reaksiya verməyə çağırıb.
Komitənin icraçı direktoru Coel Saymon "Turan" agentliyinə müsahibəsində deyib:
“Azərbaycan Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib.
Azərbaycan hökuməti daim beynəlxalq legitimliyə can atır, eyni zamanda isə daxili özgəfikirliliyi boğmağa çalışır. Lakin beynəlxalq birlik buna yol verməməlidir və Bakı buna görə cavab verməlidir.
Azərbaycanda tənqidi KİV-ə və ümumilikdə tənqidə qarşı dözümsüzlük ənənəsi çoxdan mövcuddur. “Azadlıq” radiosunun Bakı bürösuna son reydə və büronun bağlanmasına gəlincə, hakimiyyətin məntiqini başa düşmək çətindir. Onlar sözdə tolerantlıqdan danışırlar, əməlda isə ölkə daxilində repressiyaya əl atırlar. Lakin bu riyakarlıq o qədər utanmazcasına baş verir ki, buna heç kim inanmır”.



