
«Mətbuat azadlığı olmayan yerdə, istədiyimi yazmasam yaşaya bilmərəm»
«Məni tanıyanlar bilir ki, şərt qəbul edən adam deyiləm»
Dekabrın 29-da azadlığa çıxan Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı dünən “Azadlıq” qəzetinin redaksiyasına baş çəkib. Əvəz Zeynallı həm həbsdə olduğu müddətdə ona göstərdikləri diqqətə, həm də çətin şərtlər altında qəzetin fəaliyyətini davam etdirdiklərinə görə kollektivə təşəkkür edib.
Baş redaktoru həmçinin həbsi və gələcək planları barədə də danışıb.
Əvəz Zeynallı bildirib ki, həbsi birmənalı olaraq siyasi motiv daşıyır. Baş redaktor həbsindən əvvəl “Xural” qəzetinin tutduğu mövqeyə görə təzyiqlərə məruz qaldığını deyib. Əvəz Zeynallı bildirib ki, onun həbsi əslində mətbutla bağlı yeni mərhələnin başlanğıcı olub: “Mənim həbsimə qədər heç bir jurnalist 9 il azadlıqdan məhrum edilməmişdi. Bundan başqa mənim həbsim və ”Xural" qəzeti bağlandıqdan sonra mətbuata qarşı hücumlar daha da kəskinləşdi. Bu əslində yeni mərhələ idi. Bu mərhələ mətbuatı tam nəzarətə götürmək mərhələsi idi".
Əvəz Zeynallı qeyd edib ki, həbsxanada ona hər hansı təzyiqlər olmayıb: “Həmçimə qədər ciddi təzyiqlərə məruz qaldım. Lakin həbsxanada hər hansı təzyiq olmadı. Düşünürəm ki, əslində hakimiyyətə ”Xural" qəzetinin dayanması lazım idi və dayandırdılar".
Əvəz Zeynallının gələcək planlarına gəlincə, baş redaktor bildirib ki, “Xural” qəzetinin fəaliyyətinin bərpasına səy göstərəcək: “Bu barədə düşünürəm. Həbsxanada da bu barədə düşünmüşəm. Baxmayaraq ki, indi ağır mərhələdir. Kimin ağlına gələrdi ki, ABŞ Konqressinin maliyyələşdirdiyi ”Azadlıq" Radiosunun Bakı ofisini bağlayacaqlar. Amma bağladılar. Mən elə bir adamam ki, mətbuat azadlığı olmayan yerdə, istədiyimi yazmasam yaşaya bilmərəm. Ona görə də mən eyni qaydada, əvvəlki tək qəzeti bərpa etmək istəyirəm. Amma buna imkan veriləcək deyə bilmərəm. Çünki “Azadlıq” radiosunun bağlayan hakimiyyət zamanında bu radiodan bəlkə də 10 dəfə artıq sərt mövqe tutan “Xural” qəzetinin yenidən fəaliyyət göstərməsinə imkan verərmi? Bunu bilmirəm".
Əvəz Zeynallı Fəxri Xiyabanda mərhum dövlət başçısı Heydər Əliyevin məzarını ziyarət etməsinə də aydınlıq gətirib. Məlumat üçün deyək ki, baş redaktorun bu addımı birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə buna görə Əvəz Zeynallını tənqid edənlər, bu addımı azadlığa buraxılmanın şərti kimi qiymətləndirənlər də olub. Lakin Əvəz Zeynallı bu iddiaların əsassız olduğunu bildirib: “Məni tanıyanlar bilir ki, şərt qəbul edən deyiləm adam deyiləm. Bu normal bir ziyarət idi. Mən Fəxri Xiyabanda Şixəli Qurbanovun, Əbülfəz Elçibəyin, Seyid Cəfər Pişəvərinin də məzarını ziyarət etmişəm. Burada hər hansı şərtdən söhbət gedə bilməz. Bir maraqlı məqamı deyim. Bu ziyarət dekabrın 31-də olub. Yanvarın 1-də xəbər ”Xural" qəzetinin saytına qoyulub. Beş gün sonra bəzi saytlar “ayılır” həmin xəbəri “Əvəz Zeynallı Heydər Əliyevin heykəli qarşısında baş əydi” şəklində tirajlayıblar. Hətta fotolardakı dik duruşuma da diqqət etməyiblər".



