Bakı Metropoliteni «Azadlıq»ın yaydığı məlumatın həqiqət olduğunu etiraf etməli oldu
Bakı Metropolitenin Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib. Metropoliten Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev modern.az-a açıqlamasında bildirib ki, metropolitendə kütləvi ixtisarlar yoxdur.
O qeyd edib ki, bəzi işçilər məzuniyyətə göndərilib: “Tikinti işlərində iş azaldıqca işçilərin məzuniyyətə göndərilməsi normal haldır. Çünki, onları saxlamaq olmur. Hətta biz tikintidə çalışan işçilərin bir çoxunu başqa işlə də təmin etmişik və qalanların da işlə təmin etmək üçün çalışırıq”.
Xatırladaq ki, “Azadlıq” qəzeti bir neçə həftə əvvəl məlumat yaymışdı ki, Bakı Metropolitenində tikinti işlərinə ara verilib. Tikinti Departamentinin 1000-ə yaxın işçisi isə öz hesabına məzuniyyətə göndərilib. Bakı Metropolitenində ixtisarların da olacağı gözlənilir. Bütün bunların kökündə isə neftin qiymətinin ucuzlaşması dayanır. Lakin Bakı Metropoliteni xəbərin həqiqət olmadığını iddia etmişdi. Gec də olsa qurum “Azadlıq”ın həqiqət yazdığını etiraf etməli oldu.


