Hakimiyyət Rusiya və Belarusla təsəlli tapmağa çalışır
Azərbaycan hakimiyyətinin qanunsuz əməllərini demokratik dünya birmənalı şəkildə pisləyir və hakimiyyətdən real addımlar atılması tələb edilir. Azərbaycan hakimiyyəti isə öz avtoritar mahiyyətindən geri çəkilmir və bütün dünya ilə düşmənçilik siyasəti aparır. Ötən il bu baxımdan daha dinamik dövr kimi yadda qaldı və hakimiyyət Qərblə körpüləri yandırmaq qərarına gəldi. Daha dəqiq ifadə etsək, hakimiyyət şəxsi maraqlara görə dövlətin maraqlarını qurban vermək siyasəti yürütdü.
Xüsusən ötən il tanınmış hüquqşünasların, jurnalistlərin, siyasi fəalların həbsi, azad mətbuatın susdurulması, QHT-lərin fəaliyyətinə qoyulan qadağa Azərbaycan-Qərb münasibətlərində gərginləşməni artırdı. Ilin sonunda isə “Azadlıq” radiosu möhürləndi, tanınmış jurnalist Xədicə Ismayıl qondarma ittihamla həbs olundu. Bu hadisə ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyin pik həddə çatmasına səbəb oldu.
Bundan öncə Avropa Şurasının, Avropa Parlamentinin və digər nüfuzlu təşkilatların da Azərbaycanla bağlı sərt mövqeləri ifadə olunmuşdu.
ABŞ-ın dövlət katibi Con Kerrinin Ilham Əliyevlə telefon danışığından sonra isə ABŞ-la münasibətlər daha da sərt formaya keçdi. Con Kerri telefon danışığı zamanı ölkədə baş verənlərdən narahatlığını ifadə etmişdi. Azərbaycan hakimiyyəti isə real addımlar atmaq əvəzinə, münasibətləri gərginləşdirəcək siyasi xətti davam etdirdi.
Vəziyyət o həddə çatdı ki, Devid Kramer Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəmə gətirdi. Kramer bildirib ki, Azərbaycana qarşı 2 vacib addım atmaq lazımdır: Birinci təklif Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır. 2-ci təklif isə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi Olimpiadasında olduğu kimi açılış mərasimində iştirakdan imtina etməyə çağırmaqdır.ÿ
Devid Kramerin bu təkliflərini Azərbaycana qarşı sanksiyalarla bağlı zəmin hazırlanması kimi qəbul edənlər də var. Ekspertlər də hesab edir ki, Kramerin fikirləri əslində ABŞ-ın rəsmi mövqeyi kimi də qəbul edilə bilər.
Indi Azərbaycan hakimiyyəti səslənən fikirlərə ənənəvi arqumentlərlə cavab verməyə başlayıb.
Hökumətyönlü mətbuatın analizlərində belə bir arqument əsas gətirilir ki, Rusiyaya və Belarusa tətbiq olunan sənksiyalardan ABŞ və Avropa heç nəyə nail olmadı. Eyni zamanda bildirilir ki, Qərb şirkətləri Azərbaycanla əməkdaşlığa son qoysa, bunu Şərq şirkətləri ilə davam etdirmək mümkündür.
YAP-çı deputat Siyavuş Novruzov isə belə deyib: “Nə qərar vermələrindən asılı olmayaraq milli maraqlarımız, dövlətimiz, vətəndaşımız, ölkəmiziin təhlükəsizliyi naminə prinsiplərimizdən geri çəkilməyəcəyik. Bu gün Azərbaycanı ”sabitlik adası” adlandırırlar, öz yolumuzla da davam edəcəyik. Istəyir onların xoşuna gəlsin, istəyir gəlməsin”.ÿ
Göründüyü kimi, hakimiyyət konkret ittihamlara cavab verməkdə çətinlik çəkir. Ittihamlar qarşısında o qədər acizdilər ki, sanksiyaların heç bir təsiri olmayacağını tirajlayırlar. Sanksiyaların Rusiyaya vurduğu zərbələri görməmək sadəlövhlükdür. Sanksiyaların yaratdığı böhranı ölkənin nazirlərindən tutmuş, prezidentə qədər hər kəs etiraf edir. Artıq sanksiyalar müddətində Rusiya 100 milyardlarla pul itirib. Belarus isə artıq Qərblə əməkdaşlığın yollarını axtarır. Qərb şirkətlərinin Şərq şirkətləri ilə əvəz olunmasına gəlincə, bu da absurd təsəllidir. Statistik məlumatlar təsdiqləyir ki, Azərbaycana qoyulan investisiyanın 90 faizi Qərb ölkələrinin payına düşür. Bugün ölkədən oğulanan 100 milyardlarla vəsait və neft fondunun 35 milyard pulu da Qərblə əməkdaşlıqdan əldə olunub.
YAP-çı deputatın yanaşması da çarəsizlikdən xəbər verir. Xədicə Ismayılın həbsinə, “Azadlıq” radiosunun möhürlənməsinə prokurorluğun münasibəti o qədər gülüncdür ki, Siyavuş Novruzov mətləbdən yayınaraq “öz yolumuzla davam edəcəyik” cavabını verir. Ümumiyyətlə, siyasi məhbuslarla bağlı hakimiyyətin heç bir tutarlı arqumenti yoxdur. Açıq şəkildə görünür ki, bu adamlar hakimiyyətin sifarişi əsasında həbs olunublar. Yəni bugün Azərbaycan hakimiyyətindən qanunsuz əməllərin dayandırılması tələb olunur. Hakimiyyət isə bunun əksini sübuta edə bilmədiyi üçün, ittiham edənləri tənqid atəşinə tutmaqla məşğuldu.
Bir sözlə, hakimiyyətin “öz yolu” varsa, dünyanın da öz yolu var. Görək, kimin yolu mənzil başına aparıb çıxaracaq.
Akif


