Elza Seyidcahan Cəbrayıldan deputat olarsa…

Azərbaycan insanının seçki ərəfəsində təşkil edilən konsertlərdəki iştirakı ilə səsvermə günü fəallığı arasından fərqin nə qədər böyük olması inkaredilməzdir. Insanları namizəddən çox onun əyalətə gətirdiyi müğənni  maraqlandırır. Fikir verməmisinizsə, bu il diqqət edin və görəcəksiniz ki, namizəd rayona gətirdiyi müğənni və ansamblların çıxışarından nə əvvəl, nə də sonra seçicilərə (seyrçilərə – X.Ə.) xitab edir. Deputatlığa namizəd insanları hürkütməmək (ifadəmə görə üzr istəyirəm – X.Ə.) üçün konsertdə yaranmış ya qısa fasilə, ya da texniki nasazlığın aradan qaldırılması müddətində mikrofonu əlinə alaraq, kütləyə xitab edir ki, bu şənliyin səbəbkarı mənəm. Heç özünü əziyyətə salıb mənə səs verin də demir… 

Seçki ərəfələrində konsert verən müğənnilərdən biri olan Elza Seyidcahanın ortaya deputatlıq iddiası qoymasında qeyri-adi heç nə yoxdur. Özünün dediyinə görə, 20 ilə yaxındır ki, bu cür kampaniyalarda iştirak edir. Insanların namizəddən çox şəxsinə olan marağı onun bu fikrə düşməsinə səbəb olub. Özünüz düşünün, minlərlə insan soyuq havada onu dinləməyə gəlir, səsvermə günü isə namizədə səs vermək üçün isti otağa addımını belə atmır. Şəxsən mən təəccüblənirəm ki, Elza Seyidcahan niyə bu vaxta qədər tərəddüd edib. 

Niyə məhz Cəbrayıldan? Maraqlı sualdır deyilmi!..

Əslən cəbrayıllı olduğuma görə deyə bilərəm ki, seçkilər zamanı bizim camaat üçün heç bir konsert-filan verilmir. Əksinə, insanlar təqib olunur, onlara hədə-qorxu gəlirlər. Məsələn, ötən seçkidə bir qadın bilməyərəkdən bitərəf bir namizədin görüşünə getmişdi. Bundan xəbər tutan rayon rəhbərliyi onun bağban işləyən ərini işdən qovdu. Bir sözlə, obrazlı desək, biz ikiqat işğal altındayıq…

Bizim rayondan deputat “seçilən” o qədər özünə “arxayındır ki, ilk seçki kampaniyası zamanı seçicilərə ”istəsəniz də, istəməsəniz də mən deputat olacam” deyərək gedib. Və bir daha qayıtmayıb…

Tam məsuliyyətimlə deyirəm, Cəbrayıl seçicilərinin 70%-i hazırkı deputatlarını tanımır. Qalan 30% isə onun adının Aslan, yoxsa Astan olduğunu söyləməkdə tərəddüd edir. Etiraf edim ki, mən həmin otuz faizin içindəyəm. On ildir ki, Cəbrayıldan olan deputat Astan (Aslan) Şahverdiyevi hansısa ictimai tədbirdə, görüşdə görən olmayıb. Heç olmasa, arabir Milli Məclisin trubunasına qalxıb, təklifdən-filandan versəydi, barı üzünü görərdik. Sözün əsl mənasında kişi bu ahıl yaşında “Zorro” olub gedib. Hətta söhbət gəzir ki, o deputat olmaq istəmir, lakin “Qaçqınkom” sədri Əli Həsənov onu məcbur edir. 

Bayaq mən “ikiqat işğal” ifadəsini təsadüfən işlətmədim, bizim rayon döğrudan da ikiqat işğal altındadır. Rayondakı bütün vəzifələr, mühüm postları əslən Mərcanlı kəndindən olan baş nazirin birinci müavini Əli Həsənovun yaxınları zəbt edib. Icra başçısı, polis rəisi, yuxarıda haqqında bəhs etdiyimiz deputat da onun həmkəndliləridir. Siyahını uzadıb sizi yormaq istəmirəm, yalnız bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Bu gün mənim də təhsil aldığım, hazırda Bakının Yasamal rayonunda fəaliyyət göstərən Soltanlı kənd orta məktəbinin direktoru da Mərcanlı kəndindəndir. Halbuki bizim məktəb ölkəmizə 40-dan çox elmlər namizədi, doktoru, adlarını sadalamaq istəmirəm, görkəmli yazıçı və şairlər verib. Bu, az qala bütün rayonun göstəricilərinə bərabərdir. Mən bu yaxınlarda məsələ ilə maraqlandım, məlum oldu ki, məktəbin ərazisi “novostroyka” üçün ideal yerdə olduğuna görə, bu addımı atıblar. Yaxında satacaqlar və vaxtilə respublikanın ən tanınmış orta məktəblərindən biri tarixə qovuşacaq. Bax belə…

Elza Seyidcahanın Cəbrayıldan deputat seçilməsi 22-ci ildir ki, “ikiqat” işğal altında olan camaatımız üçün təsəlli olardı. Elə Allaha da xoş gedərdi. Təsəvvür edin, məcburi köçkün öz dərdini söyləmək üçün Elza Seyidcahanla… görüşür. Bir cəbrayıllı kimi deyirəm, heç kim bu xanıma problemi olduğunu deməz. Xasiyyətimiz belədir. Uzaqbaşı deyəcəyik ki, Telli Borçalını, Namiq Mənanı və digər sənət dostlarınızı da götürün gəlin, bizə bir konsert verin. 

Öz aramızıdı, bu, rejimin də işinə yarayar. Əlbəttə, qismət olarsa…