Bank faizləri aşağı düşür

Azər Mehdiyev: «Keçmiş MDB ölkələri arasında ən yüksək bank faizləri Azərbaycandadır»

Mərkəzi Bank 2015-ci il üçün əsas siyasətini əks etdirən bəyanat yayıb. Həmin bəyanatda qeyd edilir ki, qurum kredit faizlərini aşağı salmaq üçün tədbirləri davam etdirəcək. Həmin bəyanatda kredit faizlərinin son 5 ildə aşağı düşdüyü, ümumilikdə orta faiz dərəcəsinin 14,2%, kommersiya kreditləri üzrə hətta 10,8% olduğu göstərilir. AMB-də hətta iddia edirlər ki, Bakı üzrə bu göstərici 12,9 faizdir. Amma maraqlıdır ki, rəqəmlərə baxmayaraq əhali banklardan kreditləri orta faiz dərəcəsi ilə deyil 30-35%-lik kredit şərtləri ilə alır.

Dövlət başçısı bu kimi şərtləri nəzərə alaraq “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Ancaq AMB-nin rəsmi açıqlamaları ilə bazardakı hazırki vəziyyət üst-üstə düşmür.

Bununla yanaşı, tənzimləyici qurum istehlak kreditlərinin faizlərinin azaldılması ilə bağlı isə ümumiyyətlə hər hansı rəsmi rəqəm açıqlamır. Mərkəzi Bankın bəyanatında istehlak kreditləri üzrə faiz dərəcələrinin bir çox ölkələrdəki faiz dərəcələrinə yaxın olduğu qeyd edilir. Bu isə vəziyyətdən çıxış yolu deyil.

Bank sektorundakı proseslərlə bağlı ANS PRESS-ə danışan Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev isə yaranmış vəziyyətdən nikbin danışmır. Ekspert bildirir ki, uçot dərəcələri ilə kredit faizləri arasındakı əlaqənin möhkəmlənməsi üçün banklara ucuz maliyyə vəsaitləri cəlb edilməlidir.

Azər Mehtiyev banklar arası kreditlərin faizlərinə baxmağın zərurətini vurğulayıb: “Kredit faizlərinin aşağı salınması xeyli dərəcədə çətin proses kimi görünür. Nəzərə alsaq ki, neftin qiymətindəki azalma ilə ölkəyə daxil olan vəsaitlərin azalması müşahidə olunacaq, bu da bankların resurslar cəlb etməsinə mənfi təsir edəcək. Hazırki dövrdə təəssüf ki, kredit faziləri üçün yaxşı məqamlar müşahidə edilmir”.

Türkiyədə banklar pulu illik 10,75 faizlə verir. Qonşu Gürcüstanda da bu rəqəm Türkiyə ilə demək olar ki, eynidir. Rusiyada isə 10,75 faiz təşkil edir. Ümumilikdə götürəndə bu gün keçmiş MDB ölkələri arasında ən yüksək bank faizləri Azərbaycandadır.
Iqtisadçı Azər Mehtiyev kredit fazilərinin aşağı salınması ilə bağlı isə bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, ölkədə kredit faizlərinin yüksək olmasının səbəbləri müəyyənləşdirilməlidir: “Azərbaycanda risklərin səviyyəsi yüksək olduğu üçün banklar yüksək faizlər qoymaqda maraqlı olurlar. Verilən kreditlərin qaytarılması prosesi zamanı yarananan risklərin də azaldılması üçün müvafiq addımlar atılmalıdır. Bu isə Mərkəzi bankdan deyil iqtisadiyyatın gəlirlərinin səviyyəsindən bilavasitə asılıdır. Bankların kredit resurslarının formalaşamasına yenidən baxmaq lazımdır. Əmanətlər, bankların cəlb etdiyi vəsait və s. məsrəflər də nəzərə alınmalıdır. AMB banklara ayrılan vəsaitlərin həcmini artırmalıdır”.