ABŞ jurnalı Toni Bleyeri Əliyev rejiminə görə topa tutdu

“Azərbaycan fərqli düşüncənin məkanını daraltmaqda hətta Rusiyanı da geridə qoyub…”

Azərbaycan və Qazaxıstan rejimləri üçün Britaniyanın keçmiş baş nazirini «kirayələnmiş qiymətli məsləhətçi» edən nədir?

«Azərbaycan və Qazaxıstanda iztirab çəkənlər üçün Bleyerin varlığı demokratikləşmə prosesinin zəhərlənməsinə bərabərdir»

Müstəqil jurnalist Jasey Michel Amerikanın 100 yaşlı siyasət jurnalı “The New Republic” məcmuəsində yazır ki, Ukrayna böhranının davam etdiyi, Rusiyanın rubl iflici yaşadığı bir vaxtda Avropa üçün qeyri-Rusiya qazını verəcəyinə ümid edilən Azərbaycan yenidən gündəmə gəlib. Bununla belə, Azərbaycanın karbohidrogen sərvətini Avropa bazarlarına çaxarmalı olan Trans-Adriatik Kəməri – TAP (Trans-Adriatic Pipeline) layihəsi Bakı rəsmilərinin arzuladıqları çevikliklə irəliləmir.

“Azadlıq” radiosunun məlumatına görə, məqalədə deyilir ki, Avropada, xüsusilə də Italiyada ətraf mühit və vətəndaş qrupları bu layihənin icrasına ciddi etiraz edirlər. Onlar bildirirlər ki, repressiv bir rejimin qazını bazara çıxaracaq bu kəmər üstəlik də Avropanın unikal dəniz məkanına və yerli fermerlərin təsərrüfatlarına ziyan vura bilər.

Jurnalist Jasey Michel yazır ki, məhz belə bir başıbəlalı layihəni irəli itələmək üçün BP başda olmaqla, qaz konsorsiumu Britaniyanın keçmiş baş naziri Toni Bleyeri kirayələyib.

Görməzlik və eşitməzlik

Məqalədə deyilir ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-dakı rəsmilər keçmiş baş nazirin “bilik və təcrübəsinin” bu işə böyük yardım göstərəcəyinə inandıqlarını bildirir, lakin təfərrüatlara varmırlar.

Jurnalist bunu Toni Bleyerin “bir çox məşhur avtoritar rejimlərlə işləyən şəxs” reputasiyası qazanması ilə izah edir.

Məqalədə həmçinin qeyd olunur ki, bu, Bleyerin Azərbaycanın işinə yaradığı yeganə epizod deyil. Baş nazir olarkən, Bleyer Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin ərsəyə gəlib çatmasına dəstək verib. Lakin o, postunu tərk edəndən sonra da Bakının imicini yüksəltmək üçün xeyli çalışıb.

Müəllif xatırladır ki, keçmiş baş nazir 2009-cu ildə Bakıda yeni dərman zavodunun açılışında iştirakı üçün 150 min dollar qonorar alıb.

Jasey yazır ki, Azərbaycanın avtoritarizmə yuvarlanmasını görməməyi bir yana, Bleyer, aldığı qonorarı xeyriyyə məqsədilə xərcləmək çağırışlarını da qulaqardına vurur.

Azərbaycanda ABŞ vətəndaşları da təzyiqə məruz qalır

“The New Republic” yazır ki, 2009-cu ildə hələ Azərbaycanda vətəndaş və insan haqlarına bir az yer vardı və Bleyer bu ölkənin “çox pozitiv və həyəcanlandırıcı gələcəyindən” dəm vura bilərdi. Indi isə Azərbaycan fərqli düşüncənin məkanını daraltmaqda bir post-sovet ölkəsi kimi, hətta Rusiyanı da geridə qoyub.

Məqalədə qeyd olunur ki, indi Azərbaycanda hətta ABŞ vətəndaşları da hökumətin təqibindən sığortalanmayıb.

“Vətəndaş cəmiyyəti və media məkanında vəziyyət o qədər pisləşib ki, Dövlət Departamentinin rəsmiləri, ABŞ-ın Bakıdakı keçmiş səfiri Azərbaycanın hakim zümrəsinə qarşı sanksiyaların tətbiqinə çağırmağa başlayıblar”, – deyə məqalədə bildirilir.

Jurnalist yazır ki, Bakını “cilalamaq” üçün ikinci dövrəyə başlayan Toni Bleyer həm də post-sovet diktatorlarının nüfuzunu və sərvətini artırmaq sahəsində öz sxemini möhkəmləndirmiş olur: “Lakin miqyasına baxanda, onun repressiv Qazaxıstan hökumətinə xidmətlərinin yanında Azərbaycan üçün etdikləri bir qədər solğun görünür”.

“Borat” imicindən xilas

Müəllif yazır ki, Iraq kimi yerlərdə özünün bədnam xarici siyasətilə tanınan keçmiş baş nazirin Qazaxıstandakı işini onun iflası da adlandırmaq olar.

Əslində o, 2011-ci ildə bu ölkədə fəaliyyətə başlayandan bəri Qazaxıstan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi sahəsində özünün ən böyük tənəzzülünü yaşayıb – hökumətin rəhbərliyilə törədilmiş qətliamlar, siyasi opponentlərin məhbəsə salınması, beynəlxalq insan haqları indekslərində dərin tənəzzül.

Jurnalist belə bir nəticəyə gəlir ki, bu arada Bleyer və onun yaxın həmkarlarına borclu qalmayıblar.

Məqalədə qeyd edilir ki, Sacha Baron Cohenin 2006-cı ildə ekranlara çıxmış “Borat” filmindən sonra Qazaxıstan öz imicini bərqərar etmək üçün geniş miqyaslı PR həmləsinə başlayıb. Bu ölkədə yaradılmış “Beynəlxalq Məşvərət Şurasında” Qərbin tanınmışları beynəlxalq miqyasda Qazaxıstanın təbliğatı ilə məşğuldurlar.

Jurnalist qeyd edir ki, 2011-ci ildə Qazaxıstan da, Azərbaycan kimi Bleyeri “rəsmi müşavir” qismində kirayələmək qərarına gəlib.

Nazarbayev üçün Nobel mükafatı…

Lakin “Financial Times” qəzetində deyildiyi kimi, Bleyer ölkədə öz məşvərəti ilə islahatların həyata keçirilməsinə xidmət göstərmək əvəzinə, “Qərbin qarşısına ölkənin daha yaxşı sifətini çıxarmaqla” məşğul olub.

“The Daily Telegraph” qəzetinin iddialarına görə isə Bleyer 25 illik avtoritar prezident Nazarbayevin sovet dövründən qalma nüvə silahlarını təhvil verməsi müqabilində, onun Nobel mükafatı almasına çalışıb.

Məqalədə deyilir ki, ondan əvvəl daha iki nəfər – ABŞ millət vəkilləri Darrell Issa və Eni Faleomavaega da Nazarbayevin bu mükafata layiq olduğuna şəhadət veriblər.

Qazaxıstan nüvə silahından könüllü əl çəkmiş ilk ölkə kimi təbliğ edilirdi, halbuki, Ukrayna bu işi daha əvvəl görmüşdü.

Jurnalist yazır ki, Toni Bleyer 2011-ci ildə çəkilmiş reklam videosunda Qazaxıstanı “sabitlik və tolerantlıq adası” kimi göylərə qaldıranda, ölkədəki dini məhdudiyyətlər kəllə-çarxa çatmışdı. Bleyer “The Wall Street Journal” və “Vanity Fair” kimi media qurumlarına da Qazaxıstan haqqında belə təmtəraqlı müsahibələr verib.

Məxfi məktub

Məqalədə keçmiş baş nazirin Qazaxıstan liderinə ünvanladığı və bu yaxınlarda aşkara çıxmış 2012-ci il tarixli məktubuna da diqqət çəkilir. Bu məktub 2011-ci ildə hökumətin Janaozendə törətdiyi qətliam barədədir. O vaxt hakimiyyətin zorakılığı nəticəsində 14 dinc etirazçı öldürülmüşdü.

Jurnalist yazır ki, “müşavir” Bleyer öz məktubunda Nazarbayevə Janaozen qətliamının beynəlxalq təhqiqatını məsləhət görməkdənsə, “diqqəti, nə qədər faciəli görünsə də, Qazaxıstanın nəhəng tərəqqisinə yönəltmək” məsləhətini verir. Nazarbayevin çıxışına 500 sözlük mətn əlavə etməklə keçmiş baş nazir bir növ qoca despotun referentinə çevrilib.

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyir ki, bu, çox dəhşətli bir hadisənin müsbət qələmə verilməsinin Bleyerin razılaşmasına daxil olduğunu göstərir. Buna görə də müəyyən mənada, çox iyrənc yanaşma kimi qiymətləndirilə bilər.

Toni Bleyerin “xeyriyyələri”

“The New Republic” yazır ki, Bleyerin bu xidmətlərinin qiyməti barədə informasiya üzərində pərdə var. Məlumatlar ziddiyyətlidir. “Bloomberg”in verdiyi məlumata görə, Britaniyanın keçmiş baş nazirinin Astana ilə müqaviləsi ona ildə 13 milyon dollar məvacib təmin edib. Qazaxıstan mediasındakı ehtimallarda 27 milyon dollardan söhbət gedir.

Toni Bleyerin öz düşərgəsi isə “hər iki rəqəmin doğru olmadığını” bildirib, lakin əlavə edib ki, “bu, tamamilə konfidensial informasiyadır”.

Keçmiş baş nazirə məxsus “Tony Blair Associates” firması bunu da qeyd edib ki, Bleyer bu pulların bir qəpiyini də görmür və vəsait “ona məxsus xeyriyyə işlərinə” sərf olunur.

Bununla belə, “The New Republic”dəki məqaləyə görə, Bleyer Astana ilə bu spesifik müqavilədən birbaşa xeyir görməyibsə də, keçmiş baş nazirin Qazaxıstandakı fəaliyyət dövrü onun çox mənfəətli firmalarından biri və ona yaxın olan daha bir qurumla Qazaxıstan hökuməti arasında nəzərə çarpan silsilə biznes işbirliyi barədə razılaşmalarla eyni vaxta təsadüf edib.

“Tony Blair Associates” firmasının sözçüsü bildirib ki, Bleyerlə eyni vaxtda “Windrush Ventures Limited” adlı şirkətin də kirayənləməsində heç bir ziddiyyət yoxdur.

Sözçü deyib ki, əslində, “Windrush Ventures Limited”, başqa bir kommersiya şirkəti ilə birlikdə elə həmin “Tony Blair Associates” firmasına aiddir.

Jurnalist yazır ki, reallıqda “Windrush” Toni Bleyerin ofisindən başqa bir şey deyil. “Bloomberg”in əldə etdiyi məlumata görə, bu şirkət 2012-ci ildə 16 milyon funt sterlinq gəlir əldə edib.

Bleyerin ayağı düşməyib…

Məqalədə bildirilir ki, pərdələnmiş kommersiya strukturları bir yana qalsın, Qazaxıstan “Windrush” şirkətini kirayələməklə ABŞ-da “ictimai əlaqələr, məsləhət və media fəaliyyəti” ilə məşğul olan “Portland Communications” adlı şirkətlə də müqavilə bağlayıb.

Londonda yerləşən “Portland”ın təsisçisi Tim Allan isə Bleyerin keçmiş müşaviri və ictimai əlaqələr direktorudur.

Məqalədə qeyd olunur ki, “Portland” Qazaxıstanın “islahatları acgözlüklə həyata keçirməsi” barədə təbliğata dərhal girişib.

“EurasiaNet” saytının apardığı başqa bir təhqiqatdan isə bəlli olub ki, “Portland”ın kompüterlərindən Nazarbayevə müxalif olan mühacir siyasətçi Muxtar Ablyazov barədə Vikipedia materiallarına müdaxilə edilməsində istifadə olunub.

“Portland” bu iddialar barədə sullara aydınlıq gətirmir.

“Tamamilə mümkündür ki, Toni Bleyer özünün israr etdiyi kimi Qazaxıstan hökumətilə münasibətlərindən hələlik bir qəpik də şəxsi xeyir götürməyib, amma onun müşavirliyi dövründə ona məxsus çox mənfəətli şirkətə Qazaxıstan hökuməti tərəfindən kontrakt verilib və o da öz növbəsində Bleyerin yaxınlarından biri tərəfindən Qazaxıstanın reputasiyasını yaxşılaşdırmaq üçün yaradılmış şirkətlə müqavilə bağlayıb”, – deyə müəllif vurğulayır.

Jurnalist bu nəticəyə gəlir ki, bütövlükdə Bleyerin Qazaxıstandakı mövcudiyyəti bu ölkənin son dərəcə repressiv, kiçicik tənqidə də dözməyən, neftdən asılı avtoritarizmə yuvarlanması ilə eyni vaxta təsadüf edir.

Demokratiya üçün zəhər

Məqalədə göstərilir ki, Bleyerin 3 illik müşavirliyi dövründə Qazaxıstan “Freedom House” təşkilatının hesabatında “qeyri-azad ölkələr” kateqoriyasında qalıb. Həm “Sərhədsiz Reportyorlar” təşkilatının media azadlığı reytinqində, həm də “Transparency International” təşkilatının Korrupsiyanın Qavranması Indeksində 6 pillə aşağı düşərək, 161 və 126-cı yerlərdə qərarlaşıb. Hələ bundan da əlamətdarı odur ki, Bleyerin “kirayələndiyi” dövrdə Qazaxıstan Dünya Bankının biznes indeksində də 18 pillə aşağı sürüşüb.

Jurnalist yazır ki, “Janaozen qətliamına görə Qazaxıstanın başqa sahələrdəki tərəqqisini görməmək olmaz” deyəndə, Bleyer yəqin ki, bu göstəriciləri nəzərdə tutur.

Məqaləsinin sonunda jurnalist bildirir ki, indi isə Bleyer Azərbaycanın karbohidrogen ekspansiyasına məsləhətçilik edəcək və onun Bakıdakı işinin Qazaxıstandakı fəaliyyətindən fərqli olacağını gözləmək üçün heç bir əsas yoxdur: “Bleyerin baş nazir kimi demokratiyanı inkişaf etdirmək istiqamətindəki başabəla tarixçəsi nəzərə alınarsa, əslində, onun özünün bu demokratiyaya daban-dabana antipod olduğunun üzə çıxması heç kimi şoka salmamalıdır.

Iraqda iztirab çəkənlər kimi, Azərbaycan və Qazaxıstanda da iztirab çəkənlər üçün Bleyerin elə təkcə varlığı demokratikləşmə prosesinin zəhərlənməsinə bərabərdir”.