ABŞ-dakı Azərbaycan dinləmələri nə vəd edir?

Gültəkin Hacıbəyli: «Yanvarın 12-də keçiriləcək toplantı son zamanlar ABŞ-dan nümayiş etdirilən siyasətin davamı olacaq»

Gözlənildiyi kimi Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasət ABŞ-dan sərt təpki ilə nəticələndi. Dövlət katibi Con Kerri ilə Ilham Əliyevin telefon danışığından başlayan xəbərdarlıq Makkeyn Institunun direktoru, dövlət katibinin keçmiş müavini Kramerin kifayət qədər sərt ifadələr işlətdiyi yazı ilə davam etdi. Son məqalədə hətta Obama administarsiyasına hansı addımların atılmalı olduğu da göstərilib. Vaşinqtona Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi və Avropa Olimpiya Oyunlarının boykot edilməsi təklif edilir.

Yanvarın 12-də Vaşinqtonda Azərbaycanda vəziyyətə həsr olunmuş dinləmələr keçiriləcək. “Azərbaycanda müstəqil səslərin susdurulması” adlı müzakirələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunacaq.

Təşkilatın saytında yayılan məlumatda deyilir ki, Azərbaycanda bu vaxta qədər olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiya siyasəti aparılır. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsi qorxulu vəziyyət yaradıb. “Yaranmış vəziyyət bizi belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”, – məlumatda bildirilir.ÿ

Dinləmələrdə Massaçusets Universitetinin professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, REAL Hərəkatının Idarə Heyətinin üzvü Altay Göyüşov, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoyun çıxışları gözlənilir. 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, dünyanın başının Ukraynadakı proseslərə qarışdığı bir məqamda Azərbaycan hakimiyyətindəki rusiyapərəst qüvvələr qərblə yeni bir münaqişə ocağı açmağa çalışırlar. Azərbaycanda vətəndaş cəmiyyətinin üzərinə inanılmaz basqıların həyata keçirildiyini deyən G.Hacıbəyli vurğuladı ki, qərblə əməkdaşlıq edən QHT rəhbərləri, hüquq müdafiəçiləri həbs olunub. Ən son olaraq isə 

dünyanın yüzdən artıq ölkəsində fəaliyyət göstərən “Azadlıq” radiosu bağlandı: “Öncə radionun aparıcı əməkdaşı Xədicə Ismayıl gülünc ittihamlarla həbs edildi və eyni zamanda paralel olaraq Azərbaycan məmurları ən yüksək səviyyədə ABŞ-a qarşı demarş etdilər. Ramiz Mehdiyevin altmış iki səhifəlik anti-Qərb manifestində ABŞ yer üzündə bütün günahlarda suçlandı. Novruz Məmmədovun açıqlamaları da bu qəbildəndir. Nəticədə Azərbaycan məsələsi ABŞ-da siyasi dairələrin masasına gəldi. Hazırda görünən odur ki, Azərbaycan məsələsi ABŞ-ın siyasi gündəmində olan əsas məsələlərdən biridir. Baxmayaraq ki, ABŞ-ın başı ciddi məsələlərə – Ukrayna konfliktinə, IŞID-lə mübarizəyə qarışıb. Amma buna baxmayaraq Azərbaycan hakimiyyəti özü ölkəmizlə bağlı məsələsin müzakirəyə çıxarmağa nail oldu”.

Malinovskinin bundan əvvəl Azərbaycanın addımlarından çox şeyin asılı olduğunu dilinə gətirməsini xatırladan G.Hacıbəyli vurğuladı ki, Kerrinin I.Əliyevə də zəngi təsadüfi deyil. Çünki bu təmasların arxasından “Azadlıq” radiosunun bağlanması Azərbaycan tərəfinin cavabı sayıla bilər: “Kramer də Azərbaycanla olan münasibətlərə çox sərt formada reaksiya verib. Bu yazıda diplomatiya üçün məqbul sayılmayan dildən istifadə edilir. Görünür, bu ifaədəlr son zamanlar Azərbaycan cəmiyyətinin üzərinə həyata keçirilən basqılara cavab olaraq işlədilib”.

Yanvarın 12-də keçiriləcək dinləmələrə gəlincə isə, G.Hacıbəyli hesab edir ki, dinləmələr kifayət qədər sərt keçəcək: “Bundan əvvəl keçirilən dinləmələrdə Kozlariç və Kramer Azərbaycana qarşı sanksiyalar məsələsini gündəmə gətirdi. Düşünürəm ki, yanvarın 12-də keçirilən toplantı da həmin o siyasətin, xəttin davamı olacaq. Nəticədə Azərbaycana qarşı ciddi sanksiyaların tətbiq olunacağı gündəmə gətiriləcək”.

Xəyal