Zümrüd Yağmurdan yeni siyasi əsər
Siyasi əsərələri ilə fərqlənən yazıçı Zümrüd Yağmur bu qəbildən yeni hekayə qələmə alıb. O, hekayəsini hissə-hissə özünün facebook səhifəsində yaymağa başlayıb. Yazıçı bunu belə izah edib ki, ölkədə fəlaiyyət göstərən ədədbiyyat saytları və ədəbi nəşrlərin onu dərc etməyə cəsarət göstərəcəyinə inanmır. Hekayənin maraq doğuracağını və ölkənin ictimai-siyasi mühitini əks etdirdiyini nəzərə alaraq, onu dərc edirik.
Zülmətə yolçuluq
Molla insan selini yara-yara irəliləyiridi, qan-tər içində idi. Başındakı papaq onu lap yorub əldən salmışdı, axırda dözməyib onu çıxardı, başına dəyən havadan sanki bir az özünə gəldi. Qarşıdakı insan seli yırğalanıb uğuldadıqca o, lap təntiyirdi. Hərdən hətta ayaqları yerdən üzlür, sanki adamların üstü ilə irəliləyirdi. Dayanmaq olmazdı, basa-basda dayanmaq ayaq altında qalmaq idi. Mollanın gözü qaraldı, sıxlıqdan nəfəs almaq olmurdu, insanlar bir-birini məngənə kimi sıxırdı.
Birdən kimsə qışqırdı, Molla diksinib duruxdu. İnsan seli yırğalandı, kimsə “su” deyib ağlayırdı. Adamlar aralaşmağa çalışsalar da, sanki kənardan hüçum çəkən sel kimsəyə imkan vermək istəmirdi. Az irəlidə qucağında uşaq olan qadın ağlayırdı, amma kimsə də ona əhəmiyyət vermirdi. Qadın əlləri ilə ətrafındakıları kənara itələyib dartınırdı. Sanki boğulurdu. Sanki bu insan seli deyil, su seli idi və o batırmış kimi xilas olmağa çalışıb əl-qol atırdı. Bir azdan gücdən düşdü, qucağındakı uşağın başı o tərəfə bu tərəfə axırdı və Molla anladı ki, uşağa nəsə olub. Yanındakı adamı itələdi, onun niyyəti qadını xilas etmək deyildi, amma bəlkə adamların diqqətini ona cəlb edib yolunu bir az aça bilərdi. O üzdən cır səsinin ən hündür yerinə salıb ətrafdakılara səsləndi, Allahın adını çəkib qadına yardım etmələri üçün bir az kənara çəkilmələrini xahiş etdi. Amma kimsə ona əhəmiyyət vermədi, qadın onu sıxan məngənəyə tabe olmaq istəməsə də, ətrafındakılar ondan güclü idi və o nə qədər dartınsa da özünü və qucağındakı uşağı xilas edə bilmədi. Molla qadının bir anda əyilib selə qarışdığını gördü, amma buna əhəmiyyət vermədi, qadın onun maraq dairəsindən çıxmışdı. Nə bu qadın, nə də “Allah” deyib qışqırması kimsənin diqqətini cəlb etməmişdi. Adamlar Tanrını unutduqlarına görə mərhmət və ya insanlıq adına nəsə etməyə məcbur hiss etmirdilər özlərini.
İndi Əlahəzrətlə tanış olan birinə yaxın olmaq Tanrıya yaxın olmaqdan daha gərəkli sayılırdı. İnsanlar Tanrıya deyil, Əlahəzrətə yaxın ola biləcək birini arayırdılar.
Molla nəhayət, qapıya çatıb orda duranlardan birinə yaxınlaşdı. Şükür ağanı tanıdığını, onunla danışdığını deyib, əlindəki bükülünü az qala əsgərin gözünə soxa-soxa yaxınları ilə şəhərə girmək istədiklərini bildirdi. Əsgər onun əlində yellədiyi bükülüyə baxıb başını razılıqla yellədi, ifadəsiz üzündəki donuq gözlərini yana hərləyib bir az kənarda dayanan əsgəri çağırdı:
– Bu adamdan alacağını al, özünü də lazımı qaydada başa sal, – deyib üzünü yana tutdu.
Molla ona “sağ ol” demək istəsə də, adamın üzünü yana tutmasından sanki peşiman olubmuş kimi duruxdu. Yaxınlaşan əsgər “baş üstə” deyib pulu qamarlayıb yanındakı torbaya atıb, ağzını büzdü. Molla torbanın ağzına qədər dolu olduğunu görüb udqundu. O indiyə qədər bu qədər pulu bir arada görməmişdi, bir təhər oldu və Şükür ağanın əlinə baxdığına görə taleyinə lənət yağdırdı.
– Bir azdan Əlahəzrətin yeni əmri açıqlanacaq. Sən pulunu verdin, amma burda daha bu pul keçməz, böyük pullardan söz gedir, Əlahəzrət əmr edib ki, bundan sonra da inkişafımızı davam etdirə bilmək üçün gərək böyük məbləğdə pul verəsən. Sənin gətirdiyin azdır, amma Şükür ağaya görə nəzərə alınacaq təbii… Bir az səbrli ol, sizi şəhərə buraxarıq, arxayın ol.
Molla belə olacağını gözləmirdi, Şükür ağanın adını eşidən kimi onu şəhərə buraxacaqlarını zənn edirdi. Fikirlərini dilə gətirməyə cəsarət edə bilmədi, başını yelləyib irişdi.
– Amma bax, Əlahəzrətin yeni qərarı var, ölkəmizdəki sabitliyi pozan biri olarsa və sən bunu bilib deməzsən, bunun hesabı səndən soruşular. Çünki yeni qaydaya görə sabitliyi pozanları tutub təhvil verməlısən.
Mollann qulaqlarında sanki bomba partladı. Zaman düşdü yadına və onun indi hardasa sağ gəzməsini Əlahəzrətə xəyanət kimi dəyərləndirib, ürəyində baş qaldıran kinin qarşısını ala bilmədi. Bir də az əvvəl gördüyü pullar gözlərində canlandı, dilxor oldu yenə və sürətlə Zamanı ələ verib bununla da Əlahəzrətin yanında mövqe sahibi ola biləcəyini düşündü. Bu qədər pul qazanarsa, yaşayacağı günləri, əyləncə və keyfi təsəvvür edib, bir anlığa qeyri-ixtiyarı güldü.
– Tanıyıram belə birini. Zaman, çörəyi dizinin üstündədir əclafın, Əlahəzrətimizin çörəyini yeyib ona xor baxır. Tanıyıram, onu tapıb təhvil verim, yoxsa…
Əsgər onun sözünü kəsib sağollaşdı, işinin çox olduğunu deyib uzaqlaşdı. Molla ona demək istədiyi bütün söləri özü-özü ilə danışırmış kimi ucadan danışıb hesabını etdi.
***
Havadan cəhənnəm qoxusu gəlirdi, yanırdı hamı, bu yanıq qoxusu da ətrafa yayılırdı. Bir-birini azməyə belə hazır olub ancaq şəhər qapısına doğru can atan insanlar göydən yerə od tökən günəşin altında inildəyirdi. Qışqırıb ağlayan, sıxılmaqdan, susuzluqdan huşunu itirib yıxılan, ayaq altında qalmasın deyə ətrafındakılara yalvarıb əl-qol atan insanların halını uzaqdan seyr edən Zaman başını buladı.
– Bütün bunları yaşayan adamlar görəsən şəhərə girməklə nə əldə edəcəklər? Mən anlamıram, orda da, burda da kölə olmayacaqlar? Yoxsa, kölə olanda da öz Əlahəzrətlərinin köləsi olmaq üçündür bunlar?..
Zaman dönüb yanında dayanmış Arifə baxdı. Kimsədən səs çıxmadı. Yolda onlara qoşulanlar olmuşdu, hamısı Əlahərtədən narazı olan insanlardı. Şəhər qapısna yaxın gəlib insanları üsyana, son qərara qarşı çıxmağa səsləyəcəkdilər. Zaman ümidli deyildi. O, illərdi bu insanların nəyə qadir olduğunu, susqunluğunu və biganəliyini bilirdi. O, hətta sona gəldiyini, burdan o tərəfə gedə bilməyəcəyini də bilirdi. Ona görə də ailəsini yaşlı anasına tapşırıb şəhərə girə bilməyəcəkləri təqdirdə R. ölkəsində qalmamalarını demişdi. Başqa bir ölkədə onlara yardım edə biləcək dostunun telefon nömrəsini vermişdi anasına. Sonra arvadı ilə hallalaşıb yola çıxmışdı. Bilirdi ki, onu öldürüb bu şəhərin qapılarından assalar və cəsədinə tüpürməsini əmr etsələr, eynən indi qarşısında açılan mənzərədə olduğu kimi basa-bas düşərdi. Zaman bilirdi bunları, amma ürəyindəki təpəri öldürə bilmirdi, etdikləri, etirazları da özündən ixtiyarsız idi daha. O bu insanları sevirdimi, bilmirdi daha. İllər oncə aldığı yaralar, müdafiə etmək istədiyi insanlardan gördüyü xəyanətlər onun bütün həqiqətini sıfırlamışdı, amma onu “o” olmaqdan çıxara bilməmişdi.
İndi bunları düşünüb ağır-ağır nəfəs aldı, sinəsindəki ağrı bütün kürəyinə yayılsa da, buna əhəmiyyət verməməyə çalışdı.
– Biz nə edə biləcəyik? Bu sel bizi əzər, Əlahəzərti deyil, Zaman, bizi əzər. – Arif dərindən köks ötürdü.
– Bilirəm… – Zaman da eynən onun kimi dərindən köks ötürüb, dodaqlarını bir-birinə sıxıb başın dik tutmağa çalışdı. – Ona görə də biz deyil, indi mən çıxacağam o selin qarşısına. Əgər məni udsa o sel, siz özünüzü qorumalısınız. Mən ölsəm, nə olursa olsun şəhərə girin. Gizlin yollarla da olsa, girin, Əlahəzrətin arzusunu ürəyində qoyun, bu ölkəni kölələr ölkəsinə çevirməsinə mane olun.
Onun sözlərinə etiraz edib başını yelləyənlərin qarşısında dayandı. Zaman elə bil uzun zamandır yol gələn yolçu kimi yorğun və üzgün görünürdü. Sanki intiharına hazır idi, özünü bu selin içinə vurmağa hazırlaşırmış kimi, qollarını yana açıb başını dik tutdu.
– Bu gün son cəhdimdir. Tanrı mənim yolumun burda bitdiyini söyləyib deyəsən və mən də razıyam buna… Son dəfə sınayım. Bu dəfə ya onlar məni birdəfəlik məhv edəcək, ya da mən onların içindəki köləliyi…
***
Üç saat sonra, axşama yaxın, günəşin batışında suya zəhər qatılırmış kimi, insan selinə xəbər qarışdı. Şəhərə giriş müddəti beş günə qədər uzadılıb, amma şəhərə buraxılmaq üçün ölkədə indiyə qədər sabitliyi pozanlar tutulub əsgərlərə təhvil verilməlidir.
***
– Ünsürlər məhv edilməlidir ki, şəhərə girməyi haqq edəsiniz, ünsür tapmaq lazımdır, – insan seli uğuldadı. Hamı bir-birinə bunu deyib ünsür axtarmaq üçün ətrafa boylanırdı.
Günəşin batışı ilə birlikdə insanların ürəyindəki ümid də batırdı. Əvəzində qorxu daha da artıb böyüyürdü. Bu gün də şəhərə girə bilməmişdilər. Amma eyni zamanda bir az öncə insan selinə qarışan “əmr-zəhər” bir parça ümid olmuşdu. Hamı təhvil vermək üçün ünsür arayışında idi. Sanki bir anın içində insanlar bir-birinə “qurban-qatil” gözü ilə baxmağa başlamışdı. Ya da bəlkə “qurban-qatil” arasındakı bağlantı indi burda hökm sürən əvhaldan daha müqəddəs idi?!
Əlahəzrət insanların bədənləri ilə gizlətdikləri bütün acımasızlığı və öldürmək şakərini üzə çıxarmışdı. İndi onlar bürküdə təngiyərkən, yorğun, bezgin və o “parçalayıcı” ifadələrlə bir- birilərinə baxarkən, sadəcə Tanrının zorla insan donu geyindirdiyi canlılardan başqa bir şey deyildilər.
Kimsədən səs çıxmırdı və hamı sabahın gəlməsi, günəşin doğması ilə ürəklərinə dolacaq yırtıcılıq duyğusunun özü ilə bərabər gətirəcəyi yükün ağırlığını hiss edə-edə yatmağa çalışırdı. Amma kimsə də yata bilmirdi. Böyür-böyürə uzanmış adamlar gözünü yuma, bir-birinə etibar edib yuxuya gedə bilmirdi. Hamı qurban olacağından qorxurdu…
…Çünki hamı yırtıcı olmağa razı idi.
***
Gecənin gəlişi ilə deyil, Əlahəzrətin bir anda şaiə kimi insanların arasına yayılan qərarı ilə ürəklərə çökmüş zülmət sabah günəş çıxanda da çəkilib getmədi və səhərin alatoranlığında hamı qalxıb yerini almağa çalışanda da kimsə bir-birinin üzünə baxmırdı. Sanki hər kəs qarşısındakının gözündə öz qatilini görəcəyindən qorxurdu.
Qapılar cırıltı ilə açıldı. Əlindəki silahı insanlara doğru yönəldən əsgər yenə də başını dik tutub kimsəyə məhəl qoymadan donuq ifadəsi ilə baxmağa başladı. İnsanlar yenə bir-birini itələməyə, dartışdırmağa, qışqırıb bağırmağa başladı. Elə bil hamı içindəki qəzəbi süni şəkildə üzə çıxarıb dalaşmaq, bir-birini vurub öldürmək üçün bəhanələr yaratmağa çalışırdı.
Günəş bir azdan yenə od tökməyə başladı. Birdən meydanda kimsə qışqırdı. Kimsə birinin üstünə atılıb onu boğazladı.
– Ay əclaf, sən deyildin Əlahəzrətin arxasınca danışıb onu söyən? Demirdin ki, o, hamımızın malını yeyir, dünyanın hər yerində mülkləri var? Hə, sən deyirdin! Sən anti-milli ünsürsən və Əlahəzrətin inkişaf etdirdiyi şəhərə girməyi haqq etmirsən, – bağıran adam qarşısındakını döyəcləməyə başladı. Döyəclədiyi adam zəif və xəstəhal idi, özünü qoruya bilmirdi, döyən onun zəifliyinə tam əmin olduqca, səsini daha da ucaldıb dediyi sözləri daha bərkdən təkrarlamağa başladı ki, qapıda dayanan əsgərlər eşitsin. Əsgərlər boylanıb davanın düşdüyünü görsələr də, qımıldanmadılar, əskinə, cib telefonlarını çıxarıb dava səhnəsini çəkməyə başladılar. Döyən adam bunu görüb, daha da həvəsləndi. O, canavar ov etmək isitədiyi sürüdən ən zəifi və xəstəni seçdiyi kimi, insan selindən ən zəiflərdən birini seçib, anti-milli ünsür kimi Əlahəzrətə satmaq istəyirdi.
Birdən yanındakı kişi də əlindəki köhnə zənbili yerə atıb döyən kişiyə qoşuldu.
– Hə, hə, mən də bunu tanıyıram. Bu anti-milli ünsürdür. Əlahəzrətimizə qarşı çıxırdı. Mən də tanıdım onu. Əbləh! Onu öldürmək belə azdır, – deyib o da az qala yıxılan adamı döyəcləməyə başladı. Ona məxsus nəyisə qamarlamağa çalışan birinə necə nifrət edilirsə, eyni şəkildə onun anti-milli ünsürünə şərik olmaq istəyən kişini bir əli ilə kənara itələyən adam bağırdı.
– Ay adam, sən hardan tanıyırsan onu? Mən tanıdım, mən də təhvil vecəcəyəm, sən hara şərik olursan? Əl çək, burax onu, sən hara soxursan özünü…
İki kişi döyülən adamı buraxıb bir-birinə girişdi. Bayaqdan başına döyəclənən adam tozlu yerdə sürünərək, əlləri və dizlərini əzən daşlara belə əhəmiyyət vermədən canını qurtarmaq məqsədilə sivişib aradan çıxdı. Bir az kənarlaşdıqda, it kimi əlləri üzərinə dirəklənib nəfəsini dərdi. Hər aldığı nəfəsdə burnuna dolan ufunət qoxu daha onu narahat etmirdi.
***
Bir az kənarda səfillər ordusu oturub, olub bitənlərə tamaşa edirdi. Olanların onlara aiddiyatı yoxdu, çünki harda olsalar da, fərq etməzdi. Günlərdir yığılan ərzaq qalıqlarını eşələyib, olanları izləyib başlarını bulayır, bir-birini didməyə hazır olan insanları göstərib gülürdülər. Bir az kənarda oturub dilənmək üçün əlini açan adamsa başını aşağı salıb yuxulayırdı.
– Ay kişi, pul qazanmaq istəyirsən? – kimsə onu səslədi. Dilənçi başını qaldırıb key nəzərlərlə onun üzünə baxdı. Gələn adam sualını bir də təkrar etdi. Dilənçi günəşin üzünə düşən şüalarında gözlərini qorumaq üçün əllini alnına apardı.
– Nə istəyirsən, mən özüm dilənirəm. Sənə verəcək heç nəyim yoxdur.
– Ay adam, səndən heç nə istəmirəm ey, əksinə, sənə pul vermək istəyirəm.
Dilənçi qulaqlarına inanmayıb bir az dikəldi. Gözləri günəşin şüaları altında parıldadı.
– Niyə ki?
– Pul qazanmaq istəyirsən, ya yox? Onu de, yubatma, vaxtım yoxdur, sənin kimisi çoxdur burda…
– Yaxşı, yaxşı, pul verdin, qarşılığında nə istəyirsən? Bir şey istəməsən pul verməzsən, – dilənci güldü, ağzında qaralıb kötüyə dönmüş sınıq dişinin yarısı göründü. Qarşıda dayanmış adam onun görünüşündən iyrənirmiş kimi üzünü qırışdırdı.
– Heç nə. Sənə pul verəcəyəm. Bax, ömründə yəqin ki, bu qədər pulu hec vaxt bir yerdə görməmisən. Budur, al, əvəzində mənimlə bax o qapıya gedəcəksən və mənim dediklərimi dinləyib nə eşitsən susacaqsan, ağzını açıb danıçmaycaqsan.
– Elə bumu? – dilənci onun verdiyini qamarlayıb isti olsa da, əynindən çıxarmadığı rəngi bəlli olmayan pençəyin cibinə soxdu.
Onlar adamları yara-yara qapıya yaxınlaşdılar. Kişi təkdi, ailəsi filan da yoxdu, qapıda dayanan əsgərə yanaşıb nə isə dedi, əsgər başını qaldırıb bir az kənarda dayanan dilənçiyə nəzər saldı.
– Bunun üst-başı niyə bu gündədir?
– Ay əsgər qardaş, daha möhtərəm Əlahəzrətə qarşı çıxanın halı bundan artıq olmayacaq ki… Allahın lənətinə gəlib də, dilənçi günündədir. Kənddə bunu kimsə dindirmirdi. İşləmirdi də, əyyaş, avaranın biri idi.
– Yaxşı, qoy gəlsin! – əsgər bir az aralıda dayanmış digər əsgəri çağırıb, dilənçini ona gəstərib tapşırıq verdi. O da dilənçini çağırıb diksinə-diksinə şəhər qapısından içəri saldı. Onu maşına oturdub harasa aparanda da dilənçi gülümsündü. Onu belə hörmətlə qarşılayıb harasa maşınla aparacaqlarını ağlına belə gətirmirdi. Ona pul verib bu qapıdan içəri saldıran adama rəhmət oxuyub razılıqla və sakit şəkildə maşında oturub məmnunluqla güldü. Kötük dişi yenə göründü.
Qapıdan kənarda qalan adamsa əsgərin üzünə baxdı. Onu nə vaxt buraxacaqlarını soruşdu.
– Gün batanda ünsür gətirənlərin hamısını birdən buraxacağıq. Bir kənara çəkilib gözlə…
Kişi razılıqla gülümsündü, başını yelləyib bir kənara çəkildi.
Bir saat sonra qapıya yaxınlaşıb ünsür təhvil verənlərin sayı artmağa başladı. Bir az əvvəl dilənçini satın alıb əsgərlərə ünsür kimi satmış kişinin etdiyi bir anda insan selinə yayıldı. Beş gündür kimsənin əhəmiyyət və bir quruş vermədiyi dilənçilər diqqət mərkəzinə keçdi. Bayaqdan bir-birinə qurban-qatil gözü ilə baxanlar indi dilənçilərdən birini yanına almağa çalışırdı.
Uzaqdan olanlar qul bazarını xatırladırdı, sanki bir yığın səfil köləni satışa çıxarmışdılar, onları almaq istəyənlər də hərrac keçirib köləyə sahiblənib uzaqlaşırdı.
Kölələr də halından məmnun görünürdü. Nəhayət dilənçilər bitdi. Son dilənçinin qolundan tutub uzaqlaşan kişinin arxasınca düşmən kimi baxanlar ordan uzaqlaşıb yenə də bir çarə tapmaq üçün düşünməyə baş vurdular.
***
Molla Zamanı xeyli axtarıb tapa bilməyəndən sonra kor-peşiman geri qayıdırdı. Bir az kənardan Ramiz müəllim görünəndə Molla lap dilxor oldu. Üzündən axan tər boynundan aşağı süzülüb kürəyinin ortasında dayandı. Nə düşündüsə, cibini qurdalamağa başladı. Amma eşitdiyi səs onun etmək istədiyi işi yarımçıq qoydu:
– Elə bilirsiniz ki, sizi şəhərə buraxacaqlar? Niyə evinizi buraxıb bu cəhənnəm istisində burda əzab çəkməlisiniz? Bunu heç soruşdunuzmu özünüzdən? Ay adamlar, siz nə edirsiniz, bu ölkə də, o girmək üçün bir-birinizin ətini didməyə hazır olduğunuz şəhər də sizindir. Siz gücünüzü anlamadığınıza görə də başınıza bunlar gəlir…
Molla Zamanın səsini tanıdı. Bu səs guruldayıb qaynayan, bir-birini didib parçalamağa hazır olan seli sanki məcrasına yığdı. Adamlar bir anda dayandı, sanki bütün bu baş verənlər hansısa filmin kadrları idi və biri əlini uzadıb “dayan” düyməsinə basdı, kadrlar dayandı. Sonra asta rejimə keçirildi və adamlar, o filmdəki səhnəni oynayan kütləvi səhnənin aktyorları asta-asta dönməyə başladı.
– Məni dinləyin. Bir azdan sizə verilmiş vaxt bitir, gün batır və siz uzun illər R. ölkəsində bazar və küçələri süpürüb təmizləmək üçün kölə kimi çalışmağa məhkumsunuz. Bilin, bundan artıq ömür gözləmir sizi. İllərdir başınıza açılmayan oyun qalmadı, dedik, amma eşitməmək üçün qulaqlarınızı qapadınız. Danışdıq, siz də danımamaq üçün ağzınızı qapadınız. Biz dedik, siz susdunuz, buna görə də heç nə edə bilmədik, adımıza bacarıqsız, avara dediniz. Başımızın xarab olduğunu zənn etdiniz. İndi baxın, nə oldu. Siz deyirdiniz biz dəliyik, bizsə deyirdik ki, susmanız, laqeyidliyiniz bir gün evlərinizdən qovulmanıza səbəb olacaq. Gün o gündür. Barı indi etməyin. Bir azdan o gördüyünüz qapılar tam örtüləcək. Ey orda dilənçiləri satanlar, zənn etməyin ki, sizi buraxacaqlar şəhərə. Yox! Əlahəzrətdən əmr var, gizli əmr. Orda, bir az o tərəfdə zənginlər pulu qarşılığında şəhərə buraxılıb. Siz də ünsür axtara-axtara bir-birinizi satıb məhv edirsiniz. Faydası yoxdur. Heç olmasa bir dəfə bizə inanın və mənim dediyimi edin. Onsuz da sizi köləlik və bəlalar gözləyir. Kölə olmaqdansa öz ölkənizə sahib çıxın.
Zaman dayandı. Kimsədən səs çıxmırdı, hamı Zamana tərəf dönüb altdan yuxarı ona baxırdı. Batan günəşin şüaları altında o sanki alatoranlıqda görünürdü. Altdan yuxarı ona baxan insanların gözündə indi o olduğundan da uca, qamətli görünürdü və bayaqdan biri-birini didməyə hazır olan insanlar sanki indi süstələşib yorğun düşmüşdülər. Əslində, hamının ümidi tükənmişdi, bir azdan gün batacaqdı və aralıdakı qapı birdəfəlik bağlanacaqdı.
– Sizdən soruşuram, birdən bir möcüzə baş verdi, Əlahəzrətin mərhəməti sayəsində o şəhərə giriş haqqı əldə etdiniz. Nə dəyişəcək, mənə deyin, nə dəyişəcək həyatınızda? Nə baş verəcək? Daha yaxşı yaşayacaqsınız? Yoxsa orda borulardan süd axır, siz də hər gün qabınızı doldurub başınıza çəkəcəksiniz o südü… Kölə olmaq üçün bu qədər əzab çəkməyə dəyərmi?..
– Bəs nə edək, nə edə bilərik biz, nəyə gücümüz çatır? Bir az bərkdən danışsaq tutub atacaqlar həbsə… Sən danışırsan, nə edə bilibsən?
– Edə bilməmişəm, düzdür! Amma bilirsiniz niyə? Çünki siz mənim yanımda deyilsiniz, siz mənim səsimə səs vermirsiz, öz gücünüzü bilmirsiz. Əlahəzrət sizdən alıb bu izn kağızını, onun əmək kitabçasındakı iş stajını siz yazırsınız, artırırsınız. Bütün xalqlar edirsə, siz niyə edə bilməyəsiz? Fərqimiz nədir axı o edə bilənlərdən? İllərdir o Əlahəzrəti böyüdüb özünüzü kiçiltmisiniz. Əgər qorxmurlarsa sizdən, niyə biri iki kəlimə danışan kimi həbs edirlər, niyə azad söz deyəni əzirlər?! Demək qorxurlar… Axı niyə bunu düşünmürsünüz bir dəfə? Ürəyinizdəki qorxunu bir anlığa atın və yanınızda dayanan o körpə övladlarınızı düşünün. Heç olmasa onlara yazığınız gəlsin, onları da eyni tale gözləyir axı… Babalarımızın bizə rəhmi gəlmədi, qorxu və bu param-parça ölkəni miras qoyub getdilər, siz də övladlarınıza belə bir ölkə qoymayın, özünüz azad ola bilmədinizsə, onların azad olması üçün ölün. Lazm gəlsə asılın, həbs olunun, amma onlara qıymayın… Bu pisliyi etməyin onlara…İmkan verməyin ki, onlar da sizin çəkdiklərinizi çəksin.
Sel uğuldayıb onun dediklərini təsdiqlədi. Zaman bundan bir az ürəkləndi, içində ümid şölələndi, batan günəşin rəngi saralmış şüalarına baxıb batan günəşlə bu ölkədəki zülmün də batışının başlayacağını düşünüb meydana baxdı.
– Nə etməliyik biz?
Zamanın sinəsi qabardı:
– Baxın, o arxanızdakı qapıdan içəri girəcəksiniz. O şəhərin küçələri bu gün cəsarət, qürur, heysiyyat görəcək. İnanın ki, o şəhər də ləyaqətə, heysiyyata, qürura həsrətdir. İllərdir o şəhərin də ruhu zorlanır, sizə qucaq açacaq, inanın mənə… Mən də sizin qarşınızda olacağam, bələ öləcəyik. Elə bilməyin mən təkəm, yox, mən də atayam, xəstə anam var. Amma ölməyə hazıram, təki onlar azad yaşasın. Hazırsınızmı mənimlə bərabər Əlhəzrətin o qorxaq üzünə baxmağa, onu devirib öz hakimiyyətimizi qurmağa, bu ölkədə öz arzularınız, xəyallarınızı yaşamağa?..
Meydan uğuldadı və zaman qürurla aşağı enib onlarla eyni sırada dayandı.
– Mənimlə bərabər övladlarınız üçün ölməyə varmısınız?
– Varıq, – meydan uğuldadı, yumruqlar yuxarı qalxdı.
***
– Dayanın, siz nə edirsiniz, bu axmağa, səfilə uyub özünüzü oda atmayın, – mollanın cır səsi meydanda cingildədi. Sanki hamının başına bir daş kimi düşdü bu cığıltılı səs və bir az əvvəl göydə düyünlənən yumruqlar yumşaldı sanki…
– Ay kişilər, qazanın yanında olan onun qarasına batar. Pul hakimiyyətdə olanın olmayıb, bəs kimin olmalıdır? İndi biz durub ölək ki, niyə bizim də onlarınkı qədər pulumuz yoxdur. Kim qolunuza qandal vurub? Siz buna inanmayın, Əlahəzrət qardaşını həbs etdirib, əcəb edib, adam narkoman hərifin biri idi, daha buna görə Əlahəzrəti niyə, əstafrullah, söyür. Qardaşını mən tanıyırdım, əyyaşın biri idi. Əşi, bəs sizi niyə tutmurlar? Qardaşının intiqamını alır Əlahəzrətdən, onu həbsdən çıxarmaq istəyir, sizi qırğına verir. İnanmayın ona…
Molla bir nəfəsə danışıb əlləri havadan asılı qalmış insanlara baxdı. Hamı süstləşmişdi və Zaman bir az əvvəl ona parlaq gözlərlə baxan insanların çöhrəsinin solduğunu gördü. Günəş batmaq üzrəydi və Zaman anladı ki, günəş yenə də sabah bu kölələr ölkəsinin üstünə doğacaq, yenə də baş verən pislikləri işıqlandıracaq. Zaman bunları düşünsə də, yenə tabe olmaq istəmədi. Amma Molla onu qabaqalyıb cır səsi ilə yenə bağırmağa başladı:
– Ona inanmayın, o ermənipərəst düşməndir, inanamayın ona… Qardaşına və hakimiyyətə gəlmək üçün bizi qırğına vermək istəyir. Bunlar yeyib doyub, bu ac gəlsə, daha da dağıdacaq, onda nə olacaq bizim halımız?
Molla artıq meydanın yumşaldığını, ona tabe olduğunu hiss etdi, gözləri parıldadı.
Tanrı məyus olmuşdu və sanki Şeytan qələbəsini qeyd etmək üçün son zəfərini gözləyirdi. Molla sanki Tanrını məyus etmək, küsdürməkdən zövq alırmış kimi, hətta əllərini bir-birinə sürtmək istədi, özünü güclə saxladı amma… Bunun da zamanı vardı.
– Mən deyənə baxın. Bu adamı təhvil verək, çünki əsl sabitliyi pozan budur. Əlhəzrət bu məlunu yaxşı tanıyır. Biz onu təhvil verək, inanın, ondan sonra qapılar taybatay üzümüzə açılacaq. Sabitliyi və əmin-əmanlığı pozan, nifaq salan dinimizdə də lənətlənib, onun qanı halaldır, – molla bütün gücünü toplayıb cır səsini başına atdı.
Meydan bu dəfə də Mollanın sözlərinə uğuldadı. Zaman özünü xilas etməyə çalışmadı, meydan uğuldayıb onun üzərinə yürüdü. O, bir an sonra öləcəyini, bu havanı uda bilməyəcəyini və günəşin şüalarını görməyəcəyini düşünüb göy üzünə baxdı. Sevdiyi qadını, xanımını xatırladı, onun yanaqlarından süzüləcək göz yaşlarının istisini sanki vücudunda hiss etdi, hava isti olsa da, üşüdü sanki, ani olaraq titrəyib üzünü meydana çevirdi. Qəzəb və nifrət dolu baxışlar onun üzərinə yığıldı, yumruqar havada yırğalanıb ona ölüm hökmü oxuyurdu və Zaman onun dilini anlamayan, onun deyil, Mollanın dilində danışan kütləyə baxıb əlləri ilə üzünü örtdü. Sevdiyi, ömrünü uğruna verdiyi bir xalqı son anda belə görmək istəmədi, son anda belə, onun sevgisini haqq etməyənləri sevərək ölmək istədi.
***
Bir anda hər şey qaraldı. Hamı öz azadlığını, gələcəyini və xoşbəxtlyini, ümdlərini yumruqlayırdı. Bir azdan onun qanlı və param-parça olmuş nəşini tapdayıb qapıya döğru döndülər. Azadlığın cansız bədəni üzərindən keçib yürüdülər. Onlar mükafatlarını gözləyirdilər. Molla irəli yeridi və yenə bağırdı.
– Bayaq günah etdiniz, Əlahəzrətə qarşı çıxan adama uydunuz. Onu məhv edib günahlarınızı yudunuz, amma bu azdır, Əlahəzrətə dua edin, edin ki, qapılar açılsın. Yaşasın Əlahəzrət!
İnsan seli ona qarışan duaya səs verdi:
– Yaşasın Əlahəzrətimiz!
Arxada duran qadınların, uşaqların belə səsi Mollanın duasına güc qatdı. Hamı bir olub dua edirdi. Zamanın bu mənzərəni kənardan izləyən yoldaşları səssizcə ağlayırdılar.
Meydansa “Yaşasın Əlahəzrətimiz!” bağırıb ümüdlə qapıya yaxınlaşırdı.
Qapı cırıldadı, hamı ümidlə dartındı, daha da ürəkdən dua edib ucadan bağırmağa başladı. Amma qapılar açılmaq üçün deyil, meydanda dua edənlərin üzünə tam qapanmaq üçün cırıldadı…
Və ağır qapılar “Yaşasın Əlahəzrət” duası altında tam qapandı…
Günəşin son şüaları da batdı…
Zülmətə yolçuluq başlandı…