Neft “qara qızıl”lığını, diktatorlar isə gücünü itirir

SSRİ-ni çökdürən mexanizmlər bu gün yenidən işə salınıb…

Neft qiymətdən düşür. Neftə söykənən avtoritar rejimlərsə hakimiyyətdən əl çəkmək istəmirlər. Bu sualı isə həm şərhçilər, həm də avtoritarizmi müdafiə edən kirayə qələm sahibləri verir: “Yoxsa, ”qara qızıl” dünyanı idarə etmək funksiyasını əldən verir?” Yola saldığımız ilin hansı hadisələrlə yadda qaldığını söyləmək çətin deyil. Bəs bu il nələrin şahidi olacağıq? Rusiya prezidenti Putinin dünyanı yenidən bölüşdürmək istəyi Krımla yekunlaşacaq, yoxsa böyük qardaş keçmiş balaca qardaşlarını yenidən Kremlin ətrafına toplayacaq? Krımın işğalı, neftin qiymətdən düşməsi böyük qardaşın iddialarını gözündə qoyacaqmı? Rusiyanı bürüyən iqtisadi böhran siyasi hakimiyyəti silkələməkdə davam edəcəkmi?

Amma bir məsələ indi daha çox adama aydındır: neft qiymətdən düşmür, onu qiymətdən salırlar. Özü də ona görə yox ki, kimsə bölgü qaydalarını pozur. Ona görə ki, neft pullarına və hakimiyyət səlahiyyətinə arxalananlar daha böyük iddialara düşürlər. Siyasi baxışlarını gizlətməyən bəzi şərhçilərin fikrincə, neft “dost olmayanlara” bəzən yerini də göstərir.

Iqtisadi təhlillərə görə, dünyada neftə ehtiyac artır. Bəs onda neft niyə qiymətdən düşür? Azərbaycan prezidentinin fikrincə, neftin qiymətdən düşməsi ölkə iqtisadiyyatına təsir etməyəcək. Ola bilər. Amma məmur-kapitalistlərin büdcəsi bir qədər azalacaq. Bəs xalqın güzəranı necə olacaq?  Bu, neft gəlirlərini xalqdan başqa hamı ilə bölüşməyə hazır olan iqtidarı az düşündürür.

Azərbaycan bir əsrdən çoxdur ki, neftin cəzibəsində yaşayır. Vladimir Leninin bir teleqramını xatırlayaq: “Bakı nefti olmadan inqilab yaşaya bilməz!”

1920-ci ildə 11-ci Qızıl Ordu neftə sahib çıxmaq üçün Bakını – Azərbaycanı işğal etdi. SSRI dağılandan sonra qurulmuş xalq hakimiyyəti də neftin, həmçinin daxildə öz xalqından başqa hamıya xidmət etmək istəyənlərin əli ilə devrildi.
Bizə də elə gəlirdi ki, Azərbaycanda hakimiyyət dəyişikliyi yalnız nefti və neftin gəlirini kiminlə, necə bölüşdürmək üstündə qurulub. Məsələn, 1967-ci ildə Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid Brejnevə yazılmış şikayət məktubunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov neft gəlirlərini Moskvadan gizlətməkdə, mənimsəməkdə ittiham edilirdi. Elə buna görə də o, vəzifəsindən azad edildi. Bundan sonra Əliyevlər erası başladı. Ata Əliyev Kremldə heç kimi küsdürmədi, bununla da hakimiyyətinin ömrünü uzatdı.

Dünya səviyyəli iqtisadçıların fikrincə, neft, yeni yataqlar uğrunda müharibə və mübarizənin sonu çatıb.
Neft embarqoları və ya siyasi təzyiqin yeni olmayan variantı

Niyə “yeni olmayan”? Çünki 1920-ci ildə Azərbaycan neftində payı olan Avropa və Amerika şirkətləri bizə yiyə dursaydılar, çox güman ki, bolşevik işğalı baş tutmazdı. Amma bu ölkələr başqa mövqe tutdular və Bakı neftindən itirdiklərini Sovetlər Birliyindən Paris klubu vasitəsilə  aldılar. Və Azərbaycan imperiya işğalından Kommunist diktaturasının əlinə keçdi. Azərbaycan nefti birinci-üçüncü beşillikdə SSRI iqtisadiyyatının bel sutunu oldu, Ikinci Dünya Müharibəsində qələbəni təmin edən əsas amillərdən birinə çevrildi.

Neft embarqolarının tətbiqi beynəlxalq siyasətin mühüm amillərindən birinə, dünya iqtisadiyyatının inkişafını əngəlləyən siyasi təzyiq formasına çevrilib. Bu təzyiq forması bir çox hallarda hansısa dövlətləri geri çəkilməyə məcbur edir.
1967-ci il – Israillə döyüşdə ərəb ölkələrinin qoşunları məğlub olur. Israilin qələbəsini qəbul etməyən ərəb ölkələrinin neft nazirləri Qərbi cəzalandırmaq qərarına gəlirlər. Böyük Britaniya və Amerikaya neft ixracını dayandırırlar. Amma bu təzyiq forması özünü doğrultmur. Ərəb ölkələri böyük maliyyə itkisinə dözməyərək, etirazı dayandırırlar.

1973-cü il – Misir və Suriya iki tərəfdən Israilə hücum edir. Ilk vaxtlarda bu ölkəlkərin qoşunları xeyli irəlilədi. Amma SSRI-dən alınmış ağır tanklar qumlu ərazilərdə manevr imkanlarını itirdi. Israil qoşunları Misir ordusunu geri atdı. Israil ordusu Dəməşqin 25 kilometrliyinə qədər irəlilədi. Ərəb ölkələri neftlə təzyiq imkanını əldən vermədilər. Fars körfəzi sahilində yerləşən 7 ölkə neftin qiymətini 70 faiz qaldırdı. Neft istehsalını 5 faiz azaltdılar. Israil qoşunlarını tutduğu ərazilərdən çıxarana qədər hər ay neft emalını 5 faiz azaltmaq haqda qərar verdilər. Səudiyyə Ərəbistanı elə birinci aydan neft emalını 10 faiz azaltdı. Amerikaya, eləcə də Israili açıq şəkildə müdafiə edən Hollandiyaya neft ixracı azaldıldı.

Ümumilikdə neft emalı 10 deyil, 7 faiz azaldıldı. Avropada yanacaqdoldurma məntəqələrində növbələr yarandı. Almaniyada  istirahət günləri şəxsi maşınlardan istifadə qadağan edildi. Almaniya kansleri Villi Brant embarqonu “müharibədən sonra  ən çətin vəziyyət” adlandırdı.

Həmin illərdə ABŞ-ın dövlət katibi Henri Kissincer yazırdı ki, Ərəb embarqosu əslində, simvolik təsir vasitəsi idi, daha çox psixoloji xarakter daşıyırdı. Avropa ölkələri Yaxın Şərqdə Amerika siyasətini müdafiə etmədilər, hətta Hollandiyaya neft satmadılar. Embarqonun onlara da tətbiq ediləcəyindən qorxdular.

Əslində, Kissincer Avropa dövlət başçılarına ümumi bir formatda birləşib, neft alıcılarının birliyini yaratmağı təklif etdi. “Neft alıcıları niyə bir səslə danışmırlar?” – sualını verdi. Qərb və Yaponiya şayiələr içində çırpınırdı. Onlar daha çox neft alır, ərəb ölkələrinə neftin qiymətini daha da qaldırmağa imkan yaradırdılar.

1973-cü il dekabrın 22-də hərbi əməliyyatlar dayandırıldı. Tehranda OPEK üzvləri, Fars körfəzi sahili ölkələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə neft biznesinin inkişafının yeni dönəmi açıldı.

Neft – siyasi silah, yoxsa?..

Görüş iştirakçısı olan dövlətlər neftin bir barelinin qiymətini 11,5 dollara qaldırmaq haqda razılığa gəldilər. OPEK üzvü olan ölkələrin gəliri 20 milyard dollardan 100 milyard dollara qalxdı. Bu, XX əsrin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü. 48 saat ərzində ABŞ-a, Qərbi Avropaya və Yaponiyaya neft ixracından gələn gəlirin illik artımı 40 milyard dollara çatdı. Neftin yeni qiyməti köhnə sistemi dağıtdı və Avropa ucuz neft almaq imkanlarını itirdi. Qərb qorxu içində yaşamağa başladı. Neft çıxaran ölkələr dünyanın iqtisadi inkişafına təsir göstərmək imkanı qazandılar. Avropanın bir çox dövlətləri siyasi kursu dəyişməyə məcbur oldular.

1974-cü ilin martında embarqo ləğv edildi. Amma neftin qiyməti düşmədi.
Embarqo dünya böhranına səbəb olmadı. Amma Yaponiyanın və Qərbin bir çox ölkələrinin iqtisadi inkişafı səngidi. 1974-cü ildə neftin qiymətinin qalxması üçüncü ölkələrin inkişaf etmiş dövlətlər üzərində qələbəsi kimi tarixə düşdü.

SSRİ-ni varlandıran neft böhranı…

Bütün bu proseslər SSRI-dən də yan keçmədi. SSRI varlandı. Amma həmin illərdə kimsə gələcəyi düşünmədi və nəticədə SSRI neft-qaz ixracının əsirinə çevrildi. Yaxın Şərqdə müharibə başlayan kimi ölkəyə neft dolları axını gücləndi. Hökumət bütün diqqəti neft-qaz istehsalına yönəltdi. 10 il – 1970-1980-ci illər arasında Sibirdə neft istehsalı 10 dəfə, qaz istehsalı isə 15 dəfə artdı. Əldə olunan gəlir bir sıra böhranları aradan qaldırmağa kömək etdi. Amma əsas məsələ – iqtisadiyatda islahat aparılması unuduldu.

SSRİ-ni dağıdan amil…

Amerika Birləşmiş Ştatları hərbi xərcləri çoxaltmaqla SSRI-ni yarışa sövq etdi. Dayanmayan silahlanma neftdən gələn gəlirləri sürətlə yeməyı başladı. Sovet xalqının güzəranı pisləşdi, bir çox mallar, o cümlədən ət və yağ talonla verilməyə başladı. Bir çox mənbələrdə qeyd olunduğu kimi, ABŞ prezidenti Ronald Reyqan Mərkəzi Kəşfiyyat Idarəsinin direktoru Uilyam Keysiyə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparıb neft emalını artırmaq üçün onların maraqlarını öyrənmək haqda tapşırıq verir, bununla da SSRI-nin dağıdılmasına start veriləcəyini bildirir.

Nəticədə neftin qiyməti xeyli düşdü, SSRI iqtisadiyyatı çat verdi. 1981-ci ildə dünya bazarında neftin qiyməti bir barel üçün 35 dollar idi, 1983-cü ildə 30-a, 1985-ci ildə 26-ya, 1986-cı ildə 15 dollara düşmüşdü.
Neftin qiymətdən düşməsi SSRI-nin belini sındırdı. Artıq  ölkəni neft və qaz ixracı ilə yedirtmək, müdafiəsini təşkil etmək mümkün deyildi. Ildən ilə büdcə kəsiri böyüyürdü.

SSRI-nin çökməsində neftin rolunun olmadığını iddia etmək nə qədər doğrudur? Əlbəttə, bu suala birmənalı cavab vermək çətindir.

1979-cu ildə Sovet qoşunları Əfqanıstanı işğal etdi…
1980-ci ildə dünyanın aparıcı ölkələri Moskvada keçirilən Yay Olimpiya Oyunlarını boykot etdi…
1980-ci ilə qədər dünya bazarında neftin qiymətinin sürətlə bahalaşması prosesi dayandı…
2014-cü ildə neftin qiyməti sabit idi. Rusiyada da Qış Olimpiya Oyunları keçirilirdi…
2014-cü ilin martında Ukraynada iğtişaşlar başladı, Rusiya yönümlü prezident Yanukoviç ölkədən qaçdı. Rusiya isə təhlükəsizliyinə zamanət durduğu ölkənin bir hissəsini ilhaq etdi. Ukraynanın iki vilayətində qondarma respublikalar quruldu, saxta seçkilər keçirildi…

Dünya dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və neftin qiyməti nəzərə çarpacaq dərəcədə düşdü…
Yenə də Amerikanın Səudiyyə Ərəbistanına təzyiqi məsələsi ortaya atılır. Bütün bunları təsadüf saymaq olarmı?
Amerikanın neft asılılığı…

Amerika özünü təbii qazla 100 faiz təmin edir. Bu dövlət artıq Yaxın Şərq ölkələrinin neftindən də asılı deyil.
Bəs Rusiya nə edəcək? Bu təklənmə Rusiyanı hara aparacaq? Neftin dünyada hökmranlığının sonu görünür.

Surxay Hüseynli