Hakimiyyətin “müstəqil siyasət” şousu

Bütün dünya ilə düşmən olmaq müstəqillikdirmi?

YAP hakimiyyəti bir qayda olaraq “bizim öz yolumuz var”,  “biz müstəqil siyasət yürüdürük” şüarı ilə silahlanıb. 20 ildən artıqdır daxili auditoriya bu ifadələri eşidir və bu müstəqil siyasətin nədə ifadə olunduğunu görə bilmirlər.

Hakimiyyət üçün demokratik dəyərlərdən imtina etmək, insan haqlarını kobudcasına pozmaq, ölkənin ləyaqətli vətəndaşlarını şərləyərək həbs etmək, ölkə sərvətlərini talamaq, yaltaqlıq, korrupsiya kimi “dəyər”ləri çiçəkləndirmək “müstəqil siyasət” deməkdir. Ən əsası, demokratik dünya ilə bütün körpülərin yandırılmasını da uğurlu və müstəqil siyasət kimi təqdim edirlər. Ancaq dövlətin müstəqilliyi bütün dünya ilə səmimi əməkdaşlıqda, müsbət təcrübələri ölkəyə inteqrasiya etdirməkdə, dünyada  müsbət imic qazanmaqda ifadə olunmalıdır. Azərbaycan hakimiyyəti isə ölkənin fəlakətlərinə səbəb olan Rusiya ilə qardaşlaşır, Qoşulmayanlar blokuna qoşulur, ölkəni dünyada təmsil edən ziyalıları cəmiyyətdən təcrid edir. Bir sözlə, Azərbaycan hakimiyyəti vətəndaşı səfil vəziyyətinə salıb, özlərinin aşırı varlanmasını “müstəqil siyasət” adlandırır.

Təbii ki, müstəqillik hər bir ölkənin həyatında ən böyük nemətdir. Azərbaycan müstəqiliyə qovuşsa da azadlığı əldə edə bilmədi. Hakimiyyətinin şəxsi maraqlar üzərində qurulmuş siyasəti, Azərbaycanı bütün dünya ilə qarşıdurma vəziyyətinə gətirdi. Yalançı müstəqil siyasətin sayəsində 20 ildən artıqdır ki, ölkənin 20 faizi düşmən tapdağındadır. Məhz bu siyasətin nəticəsində 2 milyondan artıq vətəndaş ölkə xaricinə köç etməyə məcbur olub. Bu bərbad siyasət təhsili, səhiyyəni, hüquq sistemini iflic vəziyyətə salıb. Müstəqil siyasət adı altında iqtisadiyyat neftdən asılı vəziyyətə  salınıb, qeyri-neft sektoru dəfn edilib. 2.2 milyon ölkə vətəndaşı kredit bataqlığında çabalayır, azad mətbuat sıradan çıxarılıb, işsizlik və evsizlik əsas problemə çevrilib.

Yəni Azərbaycan hakimiyyəti “müstəqil siyasət” adı altında ölkəni uçuruma aparıb. Bunların təfəkkürünə görə Isveç, Norveç, Almaniya, Kanada, ABŞ, Ingiltərə və digər ölkələr müstəqil deyil. Çünki, bu ölkələrdə insan haqları, demokratiya, rihaf hökm sürür.  

Əslində, Azərbaycan hakimiyyəti həqiqətən də müstəqil hərəkət edir. Belə ki, minlərlə korrupsiya, cinayət faktları olmasına baxmayaraq, bu hakimiyyətdən hesab soran yoxdur, 9 milyona məxsus olanı 8-9 ailə mənimsəyir və buna görə məsuliyyət hiss etmir. Yəni hakimiyyət özünü birmənalı şəkildə Azərbaycanın sahibi sayır.

Böyük mənada isə Azərbaycn hakimiyyəti heç vaxt müstəqil siyasət yürüdə bilmədi. Azərbaycan hakimiyyəti siyasi və mənəvi baxımdan yaxın olduğu Rusiyaya sığındı və xarici siyasət də bu amil ətrafında fırlandı. 

Daha dəqiq ifadə etsək, YAP hakimiyyətinin “müstəqil siyasət”i Azərbaycanın müstəqilliyinə xələl gətirməyə xidmət etdi.

Indi sadə vətəndaş da anlayır ki, “biz müstəqil siyasət yürüdürük” ifadəsi yalnız şoudur. Müstəqil olan hər şeyə nifrət edən hakimiyyət, müstəqil siyasət yürütməyə qadir deyil.

Akif