Dövlət başçılarının xidməti maşınları

Bəzi aparıcı dövlətlərin başçıları sadə avtomobillərə üstünlük verir

İlham Əliyevin xidməti avtomobillərinin qiyməti isə 450 min – 1 milyon dollar arasındadır

Dövlət başçılarının təhlükəsizliyinin təmin olunması dövlət əhəmiyyətli əsas tədbirlərdən biridir. Bu əsnada onların zirehli və yüksək təhlükəsizlik sistemi ilə təchiz olunan nəqliyyat vasitələrində hərəkət etməsi ön plana çıxır. Bəzi dövlət başçıları dəbdəbəli və xüsusi təhlükəsizlik sistemi olan avtomobillərə üstünlük verdiyi halda, bir qismi maşının ucuzluğuna və ekoloji təmizliyinə üstünlük verir. 

Modern.az saytı dünyanın müxtəlif ölkələrinə rəhbərlik edən dövlət başçılarının tədbirlərə, işə və evə getdikləri avtomobillər barədə materialı təqdim edir.

Angela Merkel

Yazılmamış qanuna görə, avtomobil sənayesi inkişaf etmiş ölkələrin (xüsusilə Avropa) dövlət rəhbərləri avtomobil karvanlarında milli avtomobillərdən istifadə edirlər. Almaniya kansleri Angela Merkel də bu ənənəni pozmur. Almaniya kanslerinin böyük maşın parkı olsa da, o, həmişə “Audi” A8L markalı maşında hərəkət edir. Zirehli maşının 5 santimetr qalınlığı olan şüşə və güllə keçirməyən təkərləri var. Odlu silah və qumbara partlayışına qarşı dayanıqlı olan təkərləri “Audi” konserninin mühəndisləri dövlət başçısı üçün xüsusi hazırlayıb. Maşının salonunda xanım Merkel üçün xüsusi mobil ofis və soyuducusu olan mini bar quraşdırılıb. “Audi” A8L avtomobillərinin qiyməti 160 min 500 avrodan başlayır.

Fransua Olland

Fransa prezidenti Fransua Olland isə ən demokratik maşın seçimi ilə tanınır. Belə ki, o, yanacaq kimi dizel və elektrik enerjisindən eyni miqdarda istifadə edən “Citroen” DS5 avtomobilindən istifadə edir. Ekologiyanın zərərli tullantılarla çirklənməsinə qarşı həssaslıq göstərən avropalılar üçün Ollandın seçimi məqbul sayılır. Digər tərəfdən, zirehi olmayan prezident maşınının tavanında açılan xüsusi lyuk Ollanda hərəkətdə olan maşından xalqı salamlamağa imkan verir. Fransa prezidenti bununla yanaşı öz sürücüsünə yol hərəkət qaydalarına riayət etməyi və nəqliyyatda xüsusi siqnallardan istifadə etməyi qadağan edib. Hibridli “Citroen” DS5 avtomobilinin qiyməti – 40 min 200 avro təşkil edir.

Corco Napolitano

Italiya prezidenti Corco Napolitano da ölkəsinin milli maşın şirkətinin xidmətlərindən yararlanır. Onun xidməti “Lancia Thema” maşını Italiyanın ən qədim maşın brendlərindən sayılır və heç bir əlavə funksiyası yoxdur. “Lancia Thema” avtomobillərinin qiyməti 39 min 900 avrodur.

Devid Kemeron

Böyük Britaniyanın baş naziri Devid Kemeron öz sələflərinin ənənəsini davam etdirərək “Caguar” CX Sentinel markalı maşından istifadə edir. Maşın tünd göy rəngdədir, eks-baş nazirlər Devid Kemeron və Toni Bler zamanından istifadə olunur. Maşında qara rəngdən istifadə olunması populyar deyil. “Caguar” CX Sentinel avtomobillərinin qiyməti 110 min dollardan başlayır.

Si Çzinpin

Çin Xalq Respublikasının sədri FAW Hong Qi HQE “Limuzin”indən istifadə edir. Uzunluğu 6,4 metr, eni isə 2 metr olan avtomobil 1,72 metr hündürlüyə və 4,5 ton ağırlığı malikdir. Çində FAW Hong Qi HQE markalı “Limuzin”lərdən yalnız 100 ədəd istehsal olunub və Kommunist Partiyasının rəhbər üzvlərinə paylanıb. FAW Hong Qi Hqe avtomobillərinin dəyəri 600 – 1,2 milyon dollar arasında dəyişir.

Sintze Abe

Dünya avtomobil sənayesinin lideri olan Yaponiyada isə dövlət başçısının maşın seçimi üçün geniş imkanlar var. Lakin 1967-ci ildən bəri Yaponiya hökumətinin rəhbərləri “Toyota Century” markalı maşınlarda hərəkət etməyə üstünlük verirlər. Bununla yanaşı baş nazirin avtomobil parkında dəyəri 153 min 600 avrodan başlayan “Lexus” LS 600 maşını da var. Hibridli avtomobil maşınqayırma sənayesinin ən son nailiyyətlərini nümayiş etdirmək üçün zaman-zaman nümayiş olunur.

Ilham Əliyev

Azərbaycan prezidenti Ilham Əliyev isə “Mercedes” S-Class markalı avtomobildən istifadə etsə də, daha çox “Maybach 62″ markalı ”Limuzin”də hərəkət etməyə üstünlük verir. “Maybach 62″ markalı avtomobillərin qiyməti 450 min – 1 milyon dollar arasında dəyişir.

Barak Obama

ABŞ prezidenti Brak Obama isə Cadillac One markalı “Limuzin”də hərəkət edir. Maşının texniki özəllikləri təhlükəsizlik səbəbindən açıqlanmasa da, “Cadillac One”nın qumbara partlayışı və odlu silahdan açılan atəşə dayanıqlı olan qalın zirehi olduğu məlumdur. Bundan başqa, maşının salonunda zəruri vasitələr, o cümlədən qan ehtiyatı var. “Cadillac One” avtomobillərinin dəyəri 300 min – 1 milyon dollar arasında dəyişir.

Xose Muxika

Uruqvay prezidenti Xose Muxika isə dünyanın ən təvazökar prezidenti hesab oluna bilər. Belə ki, Uruqvay dövlət başçısı 1945 dollara aldığı “Volkswagen Kfer” markalı maşına malikdir. 1987-ci il istehsalı olan maşın Muxikanın yeganə nəqliyyat vasitəsidir və o, maşınında heç bir xüsusi təhlükəsizlik tədbirləri görməyib.

Vladimir Putin

Rusiya prezidenti Putin hələ ki yerli avtomobil istehsalçılarına etibar etmir. Amma gələcəkdə onun xüsusi olaraq onun üçün hazırlanan ZIL markalı “Limuzin”dən istifadə edəcəyi planlaşdırılır. Hələlik isə, o, uzunluğu 6 metr olan “Mercedes” Pullman S600 Guard markalı avtomobildən istifadə edir.

Odlu silahdan və qumbara partlayışından qorunmaq üçün zirehlə təchiz olunmuş maşında yanğınsöndürmə və qaz hücumundan qorunma sistemi var.