Analoqsuz Azərbaycan

İqtisadiyyatı ən sürətlə artan ölkənin bəs niyə dünya çapında şirkəti yoxdur? 

Hakimiyyətin inancına görə, Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə artan və aparıcı islahatçı ölkədir. Bu özündənrazılıq son on ildə olduğu kimi, ötən 2014-cü ildə prezidentin Yeni il təbrikində də ifadə olundu: “2014-cü il ölkəmiz üçün uğurlu il olub, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilib…” 

Xatırladaq ki, 2014-cü ilin dünyaya gəlişinin 10-cü günündə dövlət başçısı öz sərəncamı ilə ona “Sənaye ili” adını vermişdi. Hər yeni gələn ilə ad qoymaq prezidentin ənənəsidir. Əvvəlki illərin də hərəsinə bir ad verilmişdi. Ancaq ötən illər kimi, 2014-cü il də adı ilə böyümədi, adına oxşamadı… Yəni Azərbaycan sənaye ölkəsinə çevrilmədi, bu vəzifə icra edilmədi…

Iqtisadi təhlil aparmaq fikrində deyilik. Sadəcə, 2014-cü ilin sonunda Almaniyanın “Handelsblatt” nəşrinin yaydığı bir siyahıda Azərbaycanın adını görməyəndə (təəccüblənmədik?!) hakimiyyətin hər dəfə öyündüyü “analoqsuz inkişaf” haqda bir daha düşündük… Və bir daha sual yarandı: Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə artan ölkədirsə, onda “Dünyanın 100 ən böyük şirkəti” siyahısında adı niyə yoxdur. 

Maraqlıdır, elə 2014-cü il üçün “Forbes” dərgisinin “Dünyanın ən varlı 100 adamı” siyahısında da Azərbaycan yox idi… Ancaq hakimiyyətin iddiasına görə, Azərbaycan dünyada sahibkarlığın inkişafı üçün münasib ölkə sayılır?! 

Elə isə, son 21 ildə “əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın milli inkişaf strategiyası” niyə bircə nəfər milyarder və ya milyonçu olan sahibkar yetişdirməyib? Niyə, azərbaycanlı zəngin iş adamlarının sorağı Rusiyadan, Türkiyədən və başqa yerlərdən gəlir? Necə ki, dünyanın ən zəngin yüz adamı sırasında olan yeganə azərbaycanlı da Rusiyanı təmsil edir…

Hakimiyyət həm də onunla öyünür ki, Azərbaycanda iqtisadi və siyasi sabitlik təmin edilib. Dərinə getməyək, üzdə olan bir fakta toxunaq: ölkədə 21 ildir büdcə təşkilatlarında qanunla müəyyən olunan 5 günlük iş rejimindən əlavə, vətəndaşlar həftənin 6-cı günü də məcburən işə çıxarılır. Hətta ötən həftə, dekabrın 31-də, başda Prezident Administrasiyası olmaqla, nazirlik və komitələrdə, yerli icra hakimiyyəti orqanlarında iş günü olub… 

Ilk illər bu vəziyyət ölkədə quruculuq işlərinin aparılması, iqtisadi və siyasi böhranla əlaqələndirilir və müvəqqəti hesab edilirdisə, ancaq sonralar adi iş vaxtı normasına çevrildi.

Bəs, prezidentin Yeni il təbrikində deyildiyi kimi, bu gün “Azərbaycan sabitlik adasıdır”sa, dövlət orqanları niyə hələ də “fövqəladə” iş rejimində çalışır?! 

Yaxud, “bütün vəzifələrin uğurla icra edildiyi” 2014-cü ilin sonuncü günü hansı yarımçıq iş qalıbmış ki, vətəndaşlar bayram günü də çalışmalı olublar?

Şövkət Məmməd