Günümüzün hekayəsi: “Zülmətə yolçuluq”

Zümrüd Yağmurdan yeni siyasi əsər

Siyasi əsərələri ilə fərqlənən yazıçı Zümrüd Yağmur bu qəbildən yeni hekayə qələmə alıb. O, hekayəsini hissə-hissə özünün facebook səhifəsində yaymağa başlayıb. Yazıçı bunu belə izah edib ki, ölkədə fəlaiyyət göstərən ədədbiyyat saytları və ədəbi nəşrlərin onu dərc etməyə cəsarət göstərəcəyinə inanmır. Hekayənin maraq doğuracağını və ölkənin ictimai-siyasi mühitini əks etdirdiyini nəzərə alaraq, onu dərc edirik.

Zülmətə yolçuluq

əvvəli

Artıq bir ildir ölkədə hamı sillə vergisini ödəmək üçün hər gün qalxan kimi yeməyini yeyib vergisini ödəmək üçün ilk sıralarda durmağa tələsirdi.Kimsə sillə vergisini ödəmədən Səmədin qapısının yanından ayrıla bilməzdi.   Keçən il bu vaxt Molla yenə də əlindəki kağızdan bu  qərarı oxuyanda hamı  başını yelləyib etiraz etmişdi. Məktəbin direktoru Ramiz hətta “daha bu qədər də olmaz ki!” deyib papağını qeyzlə yerə çırpmışdı. Amma onu sakitləşdirib başa salmışdı Molla:

– Ramiz müəllim, sakit ol, nə olacaq, kim öləcək ki, bir sillədir də… Siz elə bilməyin ki, bununla Əlahəzrətimiz kimisə  təhqir etmək istəyir, yox, qətiyyən, o hamımızdan ağıllıdır və hamımızın da qayğısına qalır. Onun qayğısı sayəsində ölkəmiz inkişaf edir, hamımız adam kimi yaşıyırıq.  Bu sillə vergisi də  bizi alışdırmaq üçündür. Bilirsən, müharibə şəraitində yaşayırıq, birdən düşmənlə savaşmalı olduq, əsir düşdük, bizi sillələyib işgəncə etsələr, necə dözəcəyik?Bizi alışdırmaq üçündür ki, vətənimizi düşmənə satmayaq, dözümlü olaq. Yoxsa ürəyinə başqa şey gəlməsin.

– Hə, düz deyir də, Ramiz müəllim, nə olacaq, bir sillədir, Səməd də özümüzküdür, bərk vurmaz, – Mollanın verdiyi nəzirlə dolanıb həmişə də onun yanı başında fərlanan Vaqif dilləndi.Məktəbdə ibtidai sinif müəllimi olan Əli məktəbin direktorunu sakitləşdirib yanına çəkdi. Hamı nigarançılıqla Zamana baxdı, amma kimsə də onun danışmasını, nəsə deməsni istəmirdi bu dəfə. Çünki Zaman danışdıqça öz kiçikliklərini, xırdalanıb heçləşdiklərini görürdülər, bu da onları olanlardan daha çox incidirdi. Zaman güzgü idi, onlarsa qarşısında dayandıqları güzgüdəki əkslərini görmək istəmirdilər, əksinə, həvəslə korluğa can atırlar. Zamanın varlığı onlara bir az təhdid idi sanki, əgər bu  Zaman olmasaydı, onların kimliyini göstərməsəydi olanları qəbul etmək üçün uydurduqları yalanlarla daha rahat yaşaya bilərdilər.

Əlahəzrət və onun qanunları deyil, Zaman didirdi onları…

Zaman danışmadı, daha betərini etdi, hamının bir-bir üzünə baxdı, baxdı və arxasına dönüb getdi. Heç kimdən səs çıxmadı, kimsə də bir-birinin üzünə baxmırdı, utanırdı… Kişilər dağıldı, çayxana bomboşa qaldı, çayçı Zeynal da başını aşağı salıb oturdu.  İllərdi çayxana işlədirdi, nə baş verirdisə onun bu kiçik çayxanasında danışılıb qərar verilirdi. İndi də hamı bir nəfər kimi başını aşağı salıb yeni qərarla razılaşmışdı, sabahdan hamı sıraya düzüləcək, hökumətin bunasında, üzünə çəkilən silləni qəbul edib  işə gedəcəkdi. “Belə də iş olar, belə də dərd olar, ”Zeynal bərkdən deyinməyə belə cəsarət etməyib ürəyində asıb kəsdi.

Səhəri gün də hamı  sillə vergisini ödəmək üçün sıraya duranda kimsədən səs çıxmadı. Bir Zaman gözə dəymirdi, hamı da bildi ki, o gəlməyəcək,  nə etsələr də onu sillə vergisinə oturda bilməyəcəklədir. Buna gərə içində ona qibtə edən də olacaqdı, dəli deyib arxasınca gülən də…  Zaman hamıdan  kasıb idi, qardaşı həbs olunandan sonra  vəziyyəti daha da pisləşərək, iki ailəyə baxmaq onun üstünə düşmüşdü. Onun kasıbçılığını lağa qoyub gülənlərə görə ağlını istifadə etsəydi Zaman hamıdan yaxşı yaşaya bilərdi. Hətta Molladan da yaxşı…  Çünki hamıdan savadlı idi. Amma hamı da bilirdi ki, Zamanın ürəyində bir şey var ki,o onlardan yoxdur. Cəsarətli idi və bunun onlarda olmadığına şükür edib Tanrıya minnətdar olanlar olduğu kimi, ürəyindəki qorxuya görə özünə deyil, Zamana nifrət edənlər də vardı. O gün sillə vergisini ödəməyə gələndə Zamanın olmadığını görənlərin içində düşmənçilk baş qaldırdı sanki, hamı onun arxasınca söyləndi ürəyində… Zamanın burda olmaması onlara dəyən sillədən daha ağır idi.

Sıranın ən sonunda dayanan Əli  başını aşağı salıb içəri girəndə  stolun başında oturan hökumət adamı ona yaxınlaşdı. Əli ümidləndi, o illərdi müəllim işləmişdi və ona yaxınlaşan Səməd də onun şagirdi olmuşdu. Ona hərf yazmağı da Əli öyrətmişdi. Səməd ona yaxılaşdı, salamlaşdı, müəllimi ilə hal-əhval tutdu.  Xoş görüşməsindən Əli ürəkləndi, şagirdi ona sillə çəkməzdi, olmazdı belə iş, kimsə də yoxdu.

– Sağ ol, halal olsun, mən elə hər dəfə sonda qalaram, kimsəyə də demərəm.

– Nəyi müəllim?

– Vurmadığını da..

– Yox, o olmaz müəllim, iş işdir, Allah eləməsin, yerin də qulağı var, iş işdir, vurmasam olmaz, – Səməd irişdi. Əlinin kürəyinin ortasından soyuq tər axdı, şalvarının kəmərinə dayanıb bütün bədəninə yaydı soyuğunu və Əli bütün bədəninin üşüdüyüni hiss edib büzüşdü. Səməd az da irəli yerdi və… Əli müəlllmin sağ yanağına karlı bir sillə çəkdi. Adamın yanağında od çıxdı elə bil, amma əlini də qaldırmadı üzünə, əvəzində sağ əlini sol tərəfə, ürəyinin üstünə sıxıb daha da büzüşüb balacalaşdı. Səmədin gözünün içinə baxdı, onun gözlərindəki parıltını gördü, diksindi və geri çəkildi.

Qapıdan çıxdı. Əli, ölmüşdü, diri idimi, özü belə kəsdirə bilmədi.

Amma ölmədi, hətta güldü, dərs də dedi, sinifdə şagirdlərinə ləyaqət və heysiyyatdan  bol-bol danışıb yeri gələndə də cəzalandırdı onları… Amma nəsə dəyişdi Əli müəllimdə. O da hər gün hamı kimi sillə vergisi üçün sıraya durdu, Səməd də hər gün onun üzünə karlı bir silə çəkib irişdi. Əli müəllim də hər gün ordan çıxıb sınıfə gəldi, Səmədin silləsinin, nanakorluğunun əvəzini  6 yaşlı kiçik şagirdlərindən çıxdı.

Gücü özündən güclüyə çatmadığına görə gücsüzləri döydü.

Sillə vergisini də ödəməyə alışdılar, daha kimsə də bir-birindən utanmadı, hamı da əvvəlki kimi işdən sonra, dedi-qodu etdikləri çayxanaya yığışanda yenə də böyükdanışıb ona-buna hədə biçdilər, hələ xəyali olaraq Səmədi də döydülər, hətta bəziləri yuxusunda Əlahəzrətin üzünə də ağ oldu, etiraz da etdi.

Sillə vergisini  alan Səməd də o gündən daha  hörmətli adam oldu. Hamı ona  yaxın olmağa çalışdı, düşündü ki, bəlkə bununla ona vurulan sillə bir az yumşaq olar. Amma Səməd kimsənin silləsini yavaş vurmayaraq, Əlahəzrətin vicdanlı məmuru kimi işini də vicdanla yerinə yetirdi.

***

Sillə vergisi ödəndikdən sonra bu dəfə kimsə işə getmədi, hamı birbaşa çayxanaya yollandı. Qadınlarsa evə tələsdi, yola hazırlaşmalı idilər. Zaman gözə dəymirdi. Amma kimsə də onun yoxluğunu hiss etmədi. Ramiz  başda oturub Mollanın da gəlməsini gözlədi, o gəlib çıxana qədər hamının qabağında  bir stəkan cay buğlandı, Molla görünəndə hamı dərindən nəfəs alıb sevindi. O başa, Ramizin yanına keçib məmnunluqla gülümsündü.

– Hər şey qaydasıdadır, danışdım Şükür ağa ilə, deyir ki, siz yığışıb gəlin, şəhərin qapısına çatanda ona zəng edəcəyəm, bizi astaca keçirəcəklər.

– Bəs nə qədər yığmalıyıq? İşimizi bilək, çünki yola da çox xərclənəcək yəqin,  xərcimizi əvvəldən bilməliyik.

– Elə bir şey deyil, elə belə,  mən dedim vəziyyəti, bilirsiniz, Şükür ağa Əlahəzrətlə birbaşa danışa, əlaqə saxlaya bilir. Əlahəzrəti də başa düşmək lazımdır. Bilirsiniz, neftin də qiyməti düşür, məlum, bu da bizim Əlahəzrətin əhvalına pis təsir edir. İndi elə yaxşı məqamdır ki, biz Allah yolunda möhtərəm Əlahəzrətimizin  dayağı olaq, onun əhvalının düzəlməsinə yardım edək. Əl tutmaq Əlidən qalıb.

– Nə edəcəksiniz, Əlahəzrətə nəzir verəcəksiniz ki, büdcəsinə xeyir verəsiniz,- Zamanın səsi guruldadı. Hamının üstüə soyuq su səpələndi sanki…

Molla yerindən dik atılıb  əlini yelləyib ona doğru addımladı.

– Sənin kimi nadürüstü asmaq lazımdır. Sonra da deyirsən demokratiya yoxdur. Yoxdursa sən necə yaşayırsan, necə danışırsan? Əlahəzrətin  mərhəməti sayəsində burdasan də. Rədd ol burdan, belə ağıllısansa, get qardaşını azad elə, azadlıq istəyirsən, bəs  onu niyə azad edə bilmirsən… Elə ağıllıydınsan qardaşını qoymayaydın nəşə çəkməyə.

 Zaman irəli yerisə də, təmkinini itirmədi.

– Bax, Molla, bir də qardaşım haqqında nəsə desən, sənin dilini kəsərəm. Mənim itirəcək bir şeyim yoxdur, amma bax, sənin nə qədər itirəcək pulun, vəzifən var. Sənin o nəzirlərlə fahişəxanada çıxdığın oyunlar  Şükür ağan bilsə əcaba sənin kimisini yanında saxlayarmı, bir düşün… Ondan sonra sənin evindən də qumbara çıxar. Ağlını başına yığ… Kimə nəzir yığırsan, sədəqə toplayırsan özün bilərsən, o sən, o da sənin Əlahəzrətin, al  nə istəyirsən elə. Ləyaqət də, qürur da sənin, al xərclə… Səninlə də danışan deyiləm, mən itin özü ilə deyil, sahibi iə savaşıram, – Zaman kəskin danışdı, hamı da Mollanın nə deyəcəyini gözlədi, o nəsə donquldandı. Zaman ona məhəl qoymayıb irəli yeridi.

– Nə istəyirsiniz edin, kimə nəzir yığırsınız, rüşvət verirsiniz bu da sizin işinizdir. Mən ancaq onu deyirəm ki, B. şəhərinə getmək məsələnin həlli deyil. İllərdir deyirəm, eşitmirsiniz.Hər gün arvadınızın gözü qarşısında sizə, sizə də arvadlarınızın gözü qarşısında sillə çəkilir, səsiniz çıxmır. Bir gün də nağıllardakı div kimi evdən gəlib övladlarınızdan birini aparsalar, yenə də səsiniz çıxmayacaq ki, eybi yox, biri getdi, o birilər sağ salamatdır? Belə aldadacaqsınız özünüzü?

– O qədər də deyil, – Zeynalın səsi eşidildi.

– Nə edəcəksiniz, Zeynal? Nə olacaq, sillə vergisində olduğu kimi olmayacaqmı? Sillə vururlar, deyirsiniz ki, nə olacaq, ölməyəcəyik ki? Amma ölən nəsə var axı, heysiyyatınız, qürurunuz ölmürmü? Bunu da keçək, sabah da deyəcəklər ki, uşaqlarınızdan birini verin… Onda da eybi yox, evdə üç-dörd uşaq vardı, birini apardılar, o birilərinə ki, dəymədilər deyib özünüzə bununla təsəlli verəcəksiniz.

Zaman od püskürdü. Kimdən səs çıxmadı, hətta Molla da sakitliyi pozmağa cəsarət etmədi. Kimsə də bir-birinə baxmırdı, araya dərin sükut çökdü. Zaman hamını bir-bir gözdən keçirdi. Hamının üzündə gərginlik, bədbəxtlik vardı. Qabağındakı çayı içməmiş Əli müəllimin başı sinəsinə əyilmişdi, rəngi avazımışdı və Zaman onun Səmədin vurduğu sillələrin əvəzini altı yaşlı şagirlərindən çıxdığını bilsə də indi ona ürəyi yandı sanki..  Ramiz də  susurdu, başı aşağı idi və yanında oturmuş Mollanın yenidən qurcuxlamasına əhəmiyyət vermədən israrla qarşısındakı stakana baxırdı. Elə bil orda nəsə bir ümid axtarırdı.

– Nə edək bəs, nə edək, düz deyirsən ey, amma mən nə edə bilərəm ki?

Zaman illərdi bu sözü eşidirdi, illərdi  az qalırdı hər dəfə bu sözü eşidəndə bağrı çatlasın, hər dəfə də eyni şeyləri deyirdi. Amma bu sualı verənlər yorulmadığı kimi, o da cavablamaqdan bezmirdi. İndi də hamının birgə mübarizə aparmasının vacibliyindən, diktatorların ancaq  xalq qarşısında aciz olduğundan xeyli danışdı.

– Danışanı həbs edib susdururlar. Biz olduq, nə olacaq? Sənin danışdıqların gözəldi, amma olacaq iş deyil.

– Edə bilərik. Sən qorxursan ki, həbs edəcəklər. O qorxur ki, ölə bilərəm. Gərək bunu gözə alasan, ölə bilməyi, bütün azad xalqlar necə edib, yenidən Amerikanı kəşf etmk lazım deyil. Savaşmaq lazımdır, ölənimiz öləcək, qalanımız azad və rahat yaşayacaq. Atamız da belə deyib qorxub, atamızın atası da qorxub, onun da atası eyni şəkildə… İndi nə qoyub gediblər bizə, sənin babanın atana qoyduğu mal-mülkdən sənə bir şey çatıb? Yox! Amma bax azad ölkə qoysaydılar indi biz də adam kimi yaşayırdıq. Qardaşım, o ağzın sulana-sulana baxdığın Avropada  atalar, babalar döyüşərək ölüb, övladlarına  belə bir ölkə qoyub gediblər. Mənim də babam başını aşağı salıb qorxa-qorxa yaşayıb ki, ay aman ölərəm, uşaqlarım yetim qalar. Yetimlik daha atadan deyil, ölkəndəndir. Bax bizə ölkəmiz, hökumətimiz sahib çıxmır, vətəndaş kimi yetimik biz… Bu dünyada ən böyük yetimlik vətəndaş kimi dövlətindən yetim qalmaqdır. Amma biz babalarımızdan fərqli düşünə bilmirik. d

– Bizdə birlik yoxdur. Alınmayacaq ona görə də…

– Dayan, o millət deyin kimdir axı, hardadır, kimdir? Sən, mən, o deyil millət. Kimi söyürük biz, özümüzü, adını da qoymuşuq millət… Niyə ola bilmirik,çünki hamımız özümüzü ağıllı sayırıq, o “mən” dediyim zəhrimar qoymur ki, bir ağıllının sözünə qulaq asıb onun arxasınca gedək. Böyük idealları xırda ambisiyalara qurban veririk. Yaxşı yaşamağa qismət, şans kimi yanaşırıq. Bir ölkədə daima rahat yaşamaq istəyirsənsə, bu günlə yaşamaqla olmaz bu… Biz nə edirik, bu gün əlimizə bir az pul gəlirsə, dünya bizimdir zənn edirik. Dərhal bir ev alırıq, bahalı maşın… Həyətimizi abadlaşdırırıq, amma küçə qapısını açıb bayıra çıxan kimi xarabalıqla üz-üzə qalırıq, bu da bizi narahat etmir. Nəyimizə lazım, evim rahatdır, amma sən axı elə hər gün evində yaşamırsan, bayıra çıxırsan, bahalı maşınla keçirsən o palçıqlı küçədən…Sən də bulaşırsan… Həyətini tikanlardan təmizləyib güllük etməklə  küçədəki tikanlardan qoruna bilmərik.Yox, çünki o balaca həyətdən çıxan kimi tikanlar biz olub batacaq bizə… Demək rahat olmaq üçün hər tərəfi tikanlardan təmizləmək lazımdır.  Ramiz müəllim, sənin dolanışığın pis deyil bildiyim qədəri, evin, maşının, yaxşı pulun var. Olsun Allah qorusun, amma rahatsanmı? Bunlar səni sillə vergisindən qoruya bilirmi? Pulun səni qoruya bilirmi?

– Düzdür, – Ramizin səsi xırıltılı çıxdı, -Hər şeyim var, amma rahat yaşaya bilmirəm.

– İstəmədiyin işlərə məcbur olursan, əzilirsən. Bilirəm, amma susuruq, beləcə də o B. şəhərində oturanların harınlığını bəsləyirik.

Zaman susub udqundu.

Araya çökən sükutdan faydalanan Molla yenə də əl-ayağa düşüb qalxdı, Zamanın dediklərinin insanlarda təsir buraxdığını anladığından hər şeyi əlinə almağa tələsdi.

– Ay qardaşlar, yaxşı, nə edəcəksiniz, kiminlə savaşacaqsınız? Lap öldünüz, ailənizə, uşaqlarınıza kim sahib çıxacaq? Əlhəzrətin həbsi, ordusu, polisi var, sizin nəyiniz var, hə, deyin quru nəfəsiniz, canınızdan başqa nəyiniz var. Həyata bir dəfə gəlmişik, onu da adam kimi yaşamalıyıq. Daha niyə onun-bunun sözünə inanıb başınıza iş açırsınız? Biz balaca adamlarıq, nəyimizə lazım  kim nə edir, harda nə qazanır. Dinimizdə başqasının qazancını hesablamaq günahdır. Olmaz. Özümüzü günaha soxmayaq.

– Bəs hamının malını, pulunu yemək, haqqına girmək günah deyilmi? Biz öz pullarımızı sayırıq, oğruların bizdən oğurladığı pulları hesaba çəkirik. Bəs yetimin haqqını yemək günah deyil. İnsanların taleyi, arzuları ilə oynamaq günah deyil?

– Zaman, – arxadan Arif qəfil dilləndi, – Mən səninləyəm, düz deyirsən, nə vaxta qədər, öləcəyik, adam kimi ölək… Ölkəni icarəyə vermək nə deməkdir, onların qazancı B. şəhərindəndir, bizə qalan elə boş torpaqdı, onu da əlimizdən aldılar. Səninləyəm, hara deyirsən gedirəm. Bbir anamdır, onu yola salaram, əmimgilə qoşacam, səninlə gəlirəm mən…

 ***

Qarşıda insan seli vardı… Minik və köhnə yük maşınlarının nəriltisi, insanların üzündəki gərginlik və əzab… Dünyanın bütün acısı, ümidsizliyiburda toplaşan insanların ürəyinə yığılmışdı sanki… Hamı da gərgindi.

Əlahəzrət bir ölkənin insanının on illik həyatını bir fərmanla yazmışdı. İndi o insanlar da taleyini öz bildiyi kimi düzənləməyə çalışırdı. Nə olursa olsun hamı o şəhərə girmək istəyirdi. Qadınlar bir tərəfə çəkilib Tanrıya dua edirdi, amma Tanrının onlara kömək etməsinə yol açacaq bir əməl belə törətmək  niyyəti kimsənin ürəyindən yoxdu. İnsanlar yüz illər boyu çətin gündə yalvarmaq üçün bir Tanrı uydurub yaratmışdı, o inanclarla həyatlarını davam etdirirdilər. İnsan olmaqdı bu… Qaldıra bilmədiyi yükü bir mifin, daşımaq istəmədiyi xətaları xəyali taleh cizgisinin üzərinə yıxar. Ən zəif hiss etdiyi anda sığınacaq üçün birini arayar.

 Allaha sevgi və Allah ehtiyacı… İkisi fərqlidir. İndi bu lənətlənmiş ölkədə Allah sevgisi insanların qəzəbindən qorxaraq öz sığınacağına qısılmışdı. Burada sadəcə Allah ehtiyacı vardı. Onları bu durumdan xilas edəcək hər hansi bir mif ehtiyacı…  Ancaq bu üzdən əllər göyə açılırdı burda… Acizdilər və  sığınacaq bir şeyə ehtiyacları vardı, buna görə də hələ Tanrını unutmaq qərarında deyildilər. Qadınlar ağlayan körpələrin başını sinəsinə basıb yüksək səslə Allahın adını hayqırmağa, kömək diləməyə israrlı idilər. Kişilər ətrafı ağırlaşdıran tər iyindən belə bezmədən günəşin başlarına vurduğu od zərbələrindən xilas olmağa çalışmadan “Allah sən kömək ol” deməyə davam edirdilər. Amma bir azdan, o qapıların arxasında hökmranlıq edən “Tanrı” mərhəmət edib qapıları açsaydı, göydəkinin adı unudulacaqdı. Uşaqlar qadınların ətəyindən tutub açılan qapıya doğru yeyin adımlarla irəliləyəndə, kişilər özlərindən ağır yükləri tozlu yolda sürüyərək qaçanda insanlar Tanrını unudacaqdılar. Yenə əsas “Tanrılarına” – Qorxuya sitayiş etməyə başlayacaqdılar. Bu ölkədə Allah yalnızca Şükür ağanın  idarə vasitəsi idi. Başqa cür, burda tək inanılan Tanrı Qorxu idi. Tikilən hər Əlahəzrət adına saray- Qorxu adına məscid, Əlahəzrətin hər çıxışı- Qorxu adına oxunan xütbə, hər həbs olunan azad düşüncə – Qorxu adına kəsilmiş qurban idi.  Tanrının insanlara yaratdığı qaydaların hamısı pozulmuşdu, kimsə də o qaydalara uymağı ağlının ucundan keçirmirdi. Qarşıda bir qapı vardı və o qapıdan keçmək üçün hər kəs bütün dəyər və qaydaları, həqiqətləri ayağının altına almağa belə hazır idi. İnsanların ən böyük “həqiqəti” o qapıların arxasında gizlənmişdi sanki və onu tapmaq üçün indi hamı bir-birini belə ayağının altına almağa belə hazırdı. Hər kəs o “həqiqəti” öz haqqı sayırdı və bu üzdən burdakı insanların sayı qədər parçalanıb xırdalanan həqiqət əslində indi öz formatından çıxıb ən eybəcər  halda zühur etmişdi.

Bu üzdən də kimsə də yalnışı, doğrunu düşünmürdü, hər şeyi uzaqdan görünən o qapılar nizamlayırdı.

Bütün yalnış və doğruları…

 ***

Masanın başında oturub yumru və sanki yorğun görünən gözlərini əyanlarının üzündə hərləyib dikəlməyə çalışan Əlahəzrət qarşısındakı adamların ətli və yağlı sifətindən çəkib başını az yana əydi. Burda oturanların hamısı sədaqətini ona  göstərmək üçün əlindən gəlməyəni belə etməyə hazırdılar. O bilirdi ki, Əlahəzrətlərini deyil, yığdıqları varidatı qoruyurlar. Amma Əlahəzrət məhz bu adamların əməyi sayəsində min illərin sınağından keçən dəyərləri  zaman kəsiyində məhv edə bilmişdi və əmindi ki, indi hökmranı olduğu bu şəhərin qapılarından bayırda didişən insanların ürəyində heç bir dəyər, həqiqət yoxdur. Ancaq yenə bu insan sürüsündən fərqi düşünənlər hələ də vardı və sayları az olsa da onu hər zaman rahatsız edirdilər. Onun hökmranlığına xələl gətirən bu sayı az və yoxsul insanların nə istədiyini anlamayan Əlahəzrətə görə idarə etdiyi ölkədə hər şey yolunda idi.

Nəhayət üzünü əyanlarına tutdu. Gərginlik daha da artdı, hamı masanın üstünə qoyduğu əllərini gizlincə bir-birinə sıxdı. Kimsədə ürəyinin döyüntüsünü yanında oturan digər əyanın eşitməsini istəmirdi. Hər kəsin çoxlu pulu olduğundan qorxusu da böyük idi, itirəcəyi şeylərin sayı hesabsızdı. Bu böyük masanın ətrafında oturanların hər biri kimliyini və mahiyyətini digərindən gizlədə bilmirdi və burda kimin daha yüksək mənəviyyat və ya dəyər sahibi olması ilə ölçülmürdü heç nə… Ölçülər pulun çoxluğu və Əlahəzrətə daha yaxın ola bilmə ilə  dəyər daşıyırdı.  Əlahəzrətin ildə bir dəfə keçirdiyi gizli əyləncədə qazanılan əyanlıqsa burda ən aşağı olanı sayılırdı. Əlahəzrət əyləncəni sevən biri idi və ölkəni idarə etməyə başlayandan  çox əyləncəyə vaxt ayıra bilmədiyindən özünəməxsus  əyləncə növü yaratmışdı. İldə bir dəfə qab dibi yalama əyləncəsi keçirilirdi və bura əyan olmaq istəyənlər qatılırdı. Əlahəzrətin qarşısına qoyulmuş qablardakı  sıyıq yeməyi ən tez kim yalayıb qurtara bilirdisə, o əyanlar arasına qəbul edilirdi. Masanın aşağı tərəfində oturmuş, ölkənin maliyyə işlərinə baxan nazir də qab yalama ilə qapmışdı bu yeri, indi də  oturduğu yerdə vücuduna yığılmış yağ və ətin ağırlığı altında sanki əzilən və nəfəs alamağa çətinlik çəkən nazrin  hörməti əvvəl o qədər də yuxarı deyildi. Amma pulu çoxaldıqca hörməti də onunla birgə artmışdı.

– Bilirsiniz ki, mən çox qəti bir qərar almışam, ölkəni R. ölkəsinə icarəyə vermişəm, 10 illiyinə.. İndi düşür bizə bu qərarı yerinə yetirmək və mən edirəm ümid ki, biz bunu edəcəyik.  Kimsə də bundan həvəslənməsin ki, ölkədəki, yəni B. şəhərindəki sabitliyi pozacaq. Mən qəti deyirəm, ölkədə sabitlik pozulmayacaq və insanlarımız yaxşı yaşayacaq. Biz bu yolla gedirik və kimsə, heç bir anti-milli ünsür buna mane ola bilməyəcək. Bilirəm, bizim paxıllığımızı çəkən çoxdur,  hətta mənə deyirlər ki, bu inkişafla bir çox düşmənin bağrını çatladırıq və ona gərə də  mən bir az yavaşlamaq üçün ölkəni icarəyə verdim. Bilirsiniz ki, R. ölkəsində indi vəziyyət ağırdır,  onlara sanksiyalar qoyublar. Mən də qonşuluq və əməkdaşlıq prinsiplərini nəzərə alıb bu qərarı verdim. Bundan sonra daha  qənaətlə yaşayacağıq. Mən əminəm ki, siz də qənaətlə yaşayacaqsınız. Qulağıma çatır, elə bilməyin ki, eşitmirəm, eşidirəm, çox yaxşı eşidirəm, bilirəm ki, övladlarınız harınlıq edir. Olmaz, biz insanlarımıza xidmət üçün burdayıq. O anti-milli ünsürləri  qoya bilmərik ki, hakimiyyətə gəlsinlər, yenə insanlarımızn sabitliyini, istirahət hüququnu pozsunlar. Ona görə də mən qəti deyrəm, yığışdırın özünüzü… Biz imkan verə bilmərik ki, kimsə bizim daxili işimizə qarısın. Ona görə də daxili düşmənlərimizi duyuq salmamalıyıq,- Əlahəzrət həmişəki kimi sanki əzbərlədiyi sözləri bir-birinin ardınca düşüb  sözünü bitirəndə rahatladı. Masanın arxasında oturub özünü şux tutmağa çalışan adamların üzünə baxıb kiminsə sözü olub olmadığını soruşdu.

Masanı axırında  boyu balaca olan, hamı kimi dik oturmağa çalışıb qarşısındakı kağıza Əlahəzrətin dediklərini qeyd edirmiş kimi  görsənməyə çalışan, yumaq kimi yığılmış biri ayağa qalxdı.

– Əzizimiz Əlahəzrətimiz, düşünürəm ki, onlar bizdən daha çox neft və kürü istəyirlər. Amma sizin müdrik siyasətiniz sayəsində onların arzusunu ürəklərində qoyacaq.  Bir də bu anti-mili ünsürlər, əziz  zati-alilərimiz, bizim gördüyümüz işləri  görmək istəmirlər. Mən bu il düz  beş dənə körpü tikdirmişəm, indi bunlar qəzetlərdə yazırlar ki, o körpülər gərək deyil, onların üstündən maşın getmir. Bu nadanlar başa düşmürlər ki, biz gələcək nəsilləri də düşünürük, gələcəkdə də maşın çoxalacaq, insanlarımızın rahatlığını göz önündə tutaraq bu körpüləri tikmişik ki, qoy gənclərimiz maşın alanda bu körpülərin üstündə gedib tıxaca düşməsinlər. Onlar onsuz da cəhənnəmdə yanacaqlar, əmin olun, əzizimiz Əlahəzrətimiz onları mütləq  cəhənnəmə göndərəcəyik.

Əlahəzrətin üzündən darıxdığını sezib danışan adam büzüşüb irişdi. Səsini birdən kəsib oturdu, əyləşən kimi də robort kimi başını dik tutub əllərini masanın üstünə qoyub gözlərini asta-asta açıb örtüb dodaqlarını bir-birinə sıxıb gülümsəməyə çalışdı.

– Yaxşı, bunu keçək. İndi gələk əsas məsələyə… Hamı bu şəhərə girə bilməz. Bundan sonra daha da inkişaf etməliyik ki, dünyada bizim analoqumuz olmasın.

Əlahəzrət yumru, kipriksiz gözlərini hamının üzərində hərləyib  yenə dartındı. Bir az irəlidə oturmuş, vaxtı ilə yazar olan, ancaq indi Əlahəzrətin əlinin altında məmur kimi can qoyan Elgün  Əfəndiyə müraciət etdi.

– Elgün müəllim, sizin də kitablarınız çıxacaq  mütamadi R. ölkəsində… Bunu da həll edəcəyik, ancaq siz gərək bir iş görəsiniz. Bu yazarlardan son vaxtlar heç xoşum gəlmir.  Jurnalistlər işini biz həll edirik,  qoymaq olmaz ki, onlar ölkənin sabitliyini pozsunlar. Insanlarımızın istirahət hüququnu pozsunlar. Mən bayaq da dedim, yenə də deyirəm, biz elə etməliyik ki, Qarabağı geri qaytaraq. Biz bunu edəcəyik. O yalandan yazan jurnalistləri də həbs edəcəyik. Amma siz də yazarlarla məşğul olun.  Sağ olsun Kamillədin yoldaş, yaxşı saytlar açıb hamısını da işə alıb, maaşları da yaxşdır, işləyirlər, qoy işləsinlər, biz də istəyirik ki, insanlarımız işləsin. Görün biz nə qədər iş yeri açmışıq? Yazarlarımıza yaxşı maaş veririk. İnsafən onlar da çörəyimizi itirmirlər, siyasətə qarışıb üzümüzə ağ olmurlar. Bir -ikisi də ölkədən gedib, indi oturublar xaricdə,  xalqı söyürlər. Qoy söysünlər, elə başları bir-birinə qarışsa yaxşıdır. Ancaq yazarlardan az da olsa anti-milli ünsürlərlə işbirliyində olanları var. Onları deyirəm, nəzarət edin, gördük ki, alınmadı, dərhal həbs edərik.

Elgün müəllim “baş üstə” deyin  başını yellədi, ətli üzündə çənəsinin altındakı yağlı buxağı astaca yırğalandı.

Əlahəzrətin yenə yumru gözləri qıyırlıb  ağ çöhrəsi razılıqla  yumşaldı. Bir az yubanıb masadan qalxdı. Üzündə tənbəl və razılıq ifadəsi donub qalmışdı. Başını dik tutmuşdu, ağzının sağ tərəfində dodağı az aşağı dartılmışdı və o sanki indi dayandığı hündür yerdən dünyanı ayağının altında hiss edirmiş kimi idi. Xeyli dayandığı kimi qaldı, bundan sonra B. şəhərində yaşayacaq insanlarnı daha seçmə olacağını düşünüb razı halda başını yellədi. O illərdi ki, bu ölkəni istədiyi kimi idarə edirdi. Demokratiya və azadlıqdan bol-bol danışıb kimsəyə nəfəs belə almağa imkan verməməkdən ləzzət alırmış kimi özünü dünyanın ən dəyərli biri kimi hiss edirdi. Qarşısındakılardan da bunu belə qəbul edib ona hiss etdirməsini tələb edirdi.  O bu illər ərizində ölkədə iki şeyi, ağıl və sevgini məhv etmək üçün hər şey etmişdi, çünki bu iki şeyi sevməzdi. Əvəzində ölkəsində nifrət və kinin yayğın olmasını təmin edəcək  hər şeyi ləzzət alaraq edib bunu da başarı ilə sona çatdırmışdı. İnsanları qorxutmaq üçün hər zaman da bir xoxan obrazı vardı. “Daxili və xarici düşmənlərin” vəhdətindən ibarət olan bu obrazı canlı tutmaq üçün zaman-zaman  kimisə düşmənlə işbirliyində günahlandırıb həbs edirdi. Amma onun ən böyük qalibiyyəti bunlar da deyildi. İndi bunları düşünüb üzündəki razılığı da gizlətməyə çalışmadı.  Geri dönüb ağlına gələn fikri əmr formasında əyanlarına bildirib müşavirəni bitmiş elan etdi.

Ardı var