«The New York Times»ın əməkdaşları keçmiş prezidentlə bağlı araşdırmaları yayımlayıb
«Ukraynada hakimiyyət dəyişikliyi çevriliş deyil, ətrafının ona xəyanəti nəticəsində baş verdi…»
“The New York Times” qəzetinin əməkdaşları Endryu Hiqqins və Endryu Kramer Ukraynada ötən ilin əvvəlində inqilab nəticəsində devrilmiş prezident Viktor Yanukoviçin Kiyevdən qaçışından əvvəlki hadisələrlə bağlı araşdırmalarının nəticəsini dərc edib. Onlar yazır ki, Ukraynada hakimiyyət dəyişikliyi heç də Qərbin dəstəyi nəticəsində baş verən çevriliş deyildi. Həmin hadisələr Ukrayna prezidentinin ətrafının zəifliyi və güc strukturlarının ona xəyanəti nəticəsində baş verib.
“Yanukoviç ötən il fevralın 21-də razılaşma imzalayıb, hakimiyyətinin heç olmasa, bir neçə ay da qorunmasına yardım edəcəklərini düşündüyü vaxtda onun deputatlarının bir hissəsi, eləcə də milis bölmələrinin rəhbərləri, xüsusi xidmət orqanları təşvişə düşərək, müxalifətçilərlə əlaqəyə girib, hakimiyyətin durumundan daha çox şəxsi təhlükəsizliklərinin qayğısına qalmağa çalışırdılar”, – deyə “The New York Times” yazır.
Müəlliflər yada salır ki, Rusiya Yanukoviçin istefasını Qərbin “xalq üsyanı” adı altında hazırlayıb dəstək verdiyi “neofaşist çevriliş” kimi qiymətləndirir.
“Həmin hadisələrdən bir il keçir, amma hələ də bu suallar açıq qalıb ki, Yanukoviç hansı səbəbdən hakimiyyəti tez əldən verdi?”, – deyə amerikalı jurnalistlər vurğulayıb.
Müəlliflərin sözlərinə görə, müttəfiqləri Viktor Yanukoviçi taleyin ümidinə buraxmışdı. Qərb rəsmiləri də qısa müddətdə belə böyük böhranın baş verməsindən təəccüblənmişdilər. Maydanda baş verən qanlı qarşıdurmalar şok və panikaya səbəb oldu. Bu da öz növbəsində prezidentin parlamentdəki tərəfdarlarının kütləvi şəkildə ondan üz döndərməsilə nəticələndi. Bunu görən Yanukoviç müxalifətlə danışıqlara başladı.
Güc strukturlarının əməkdaşları amerikalı jurnalistlərlə söhbətdə bildiriblər ki, onlar barışıqdan ehtiyatlanırdılar. Çünki onlar hesab edirdilər ki, Yanukoviç barışığa getsə, nümayişçilərlə mübarizənin əsas ağırlığını üzərinə çəkən insanlar müdafiəsiz qalacaq.
“Berkut”un Suma vilayətindəki dəstəsində xidmət etmiş Vladimir adlı şəxs deyib ki, ağır durum yaranmışdı – nazir yoxa çıxmışdı, heç kim zənglərə cavab vermirdi.
“Etirazçıların Lvovda ələ keçirtdikləri silah-sursat həlledici amilə çevrildi. Fevralın 18-nə keçən gecə Lvovda yüzlərlə silah-sursatın ələ keçirilməsi haqda şayiələr hökumət qüvvələri arasında panikaya səbəb oldu. Şayiələrə görə, həmin silah-sursat Kiyevdəki nümayişçilərə göndərilmişdi. Lvovun milis rəisi Dmitri Zaqariya deyir ki, 1200 ədəd tapança və ”Koloşnikov” avtomatı oğurlanmışdı. Lakin həmin silahların Kiyevdə istifadə olunması haqda sübut-dəlil yoxdur”, – deyə məqalədə qeyd olunur.
Müəlliflər xatırladır ki, fevralın 20-də Almaniya, Polşa və Fransanın xarici işlər nazirləri Yanukoviçlə görüşüb barışıq məsələsini müzakirə etdilər. Eyni zamanda, Maydanın təhlükəsizlik qüvvələrinin rəisi Andrey Parubi ilə də danışıqlar aparılırdı ki, Lvovda oğurlanmış silahlar Kiyevə gətirilməsin.
Parubi bu yaxınlarda verdiyi müsahibəsində deyib ki, həmin silah-sursat Kiyevə gətirilmədi. Sadəcə, orada ələ keçirilmiş silahlar Maydanın – etirazçıların əlində Yanukoviçə qarşı güclü vasitə oldu.
Fevralın 21-də diplomatlar barışıq sazişinin imzalanması üçün Prezident Administrasiyasına toplaşdığı vaxtda Yanukoviç düşərgəsini təmsil edən şəxslər müxalifət nümayəndələrinə müraciət edərək, onlara şəhəri təhlükəsiz şəraitdə tərk etməyə imkan yaradılmasını xahiş edirdilər.
Uzun illər ərzində Yanukoviçlə birbaşa əlaqədə işləmiş Regionlar partiyasının nümayəndəsi Mixail Dobkin deyir ki, prezidentin güc strukturları əməkdaşlarının yoxa çıxmasından xəbəri yox idi. Yanukoviç müttəfiqlərinin ona xəyanəti haqqında heç nə bilmirdi və Kiyevdən qaçmaları üçün də heç kimə göstəriş verməmişdi.
“Lider öz liderliyini itirəndə ətrafındakılar da onu atıb gedir. Bu, yazılmamış qanundur”, – deyə Dobkin vurğulayıb.
Məqalədə qeyd olunur ki, barışıq sazişinə imza atmış Rusiya prezidentinin nümayəndəsi Vladimir Lukin də Kiyevdən yoxa çıxıb. Sazişin imzalanması mərasimində iştirak edən avropalı diplomatlar Prezident Administrasiyasından çıxanda yüzlərlə milisin avtobuslara minərək oradan uzaqlaşmasının şahidi olublar.
Polşanın xarici işlər naziri Radoslav Sikorski yada salır ki, güc strukturlarının nümayəndələri başqa hökumət binalarını da həmin axşam tərk etmişdilər.
“The New York Times” onu da qeyd edir ki, Yanukoviç Kiyevi tərk edəndən sonra şəhərdə zorakılıq halları kəskin şəkildə azaldı. Etirazçılar Prezident Administrasiyasına və digər hökumət binalarına maneəsiz daxil ola bildilər. Bir neçə saat sonra Yanukoviç televiziya vasitəsilə müraciətində avtomobilinin atəşə tutulduğunu bəyan etdi. O, həmin müraciətdə bir sıra şəxsləri xəyanətdə ittiham etsə də, konkret ad çəkmədi.
Yanukoviç deyir ki, vətəndaş müharibəsinin qarşısını almaq üçün çıxıb gedib.
Yeri gəlmişkən, Viktor Yanukoviç Ukraynada ötən ilin əvvəlində baş verən hadisələrlə bağlı versiyalarını dekabrda verdiyi müsahibədə səsləndirmişdi. Deyir ki, dinc etirazların silahlı qarşıdurmaya çevriləcəyini gözləmirdi.
Keçmiş prezident hesab edir ki, onu hakimiyyətdən uzaqlaşdırmaq üçün rəqiblərinə dörd konstitusion üsul tapmaq lazım idi: “Impiçment variantını həyata keçirə bilmədilər. Sağlam olduğum halda, məni fəaliyyət qabiliyyəti olmayan biri hesab etməyə də əsas yox idi. Bu halda, iki variant qalırdı – könüllü istefa və ya ölüm. Istefaya getməkdən imtina edəndən sonra mənə və yaxın adamlarıma qarşı açıq-aşkar hədə dolu konkret addımlar atmağa başladılar. Mənim fiziki məhvim barədə informasiyalar aldım. Yaranmış vəziyyətdən çıxış yolu kimi, ölkəni tərk etməyi üstün tutdum”, – deyə Yanukoviç bildirib.


