ardnf

İlham Əliyev Neft Fondunun büdcəsini niyə təsdiqləmir?

Neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan hökumətini çətin duruma salıb

Dövlət başçısı Ilham Əliyev Neft Fondunun büdcəsini hələ də təsdiqləməyib. Bu prosedurun adətən, dekabr ayında həll olunduğunu nəzərə alsaq, deməli, bu il proses gecikib.

Xatırladaq ki, Ilham Əliyev ötən il dekabrın 29-da Neft Fondunun yeni inzibati binasının açılışında iştirak edərək ölkənin həyatında bu qurumun rolu barədə danışsa da, 2015-ci ilin büdcəsini təsdiqləməyib.
Neft Fondunun büdcəsinin təsdiqi Azərbaycan iqtisadiyyatı üçün vacib hadisədir. 2015-ci ildə büdcə gəlirlərində Neft Fondunun vəsaitləri 53,5 faiz təşkil edəcək. Neft Fondunun vəsaitləri ilə “Cənub Qaz Dəhlizi”ndə, vacib neft-qaz layihələrində dövlətin payı maliyyələşdiriləcək.

Dünya bazarında neftin qiyməti nəinki günbəgün, hətta hər saat düşür. Bu baxımdan güman ki, ölkə rəhbərliyi xərclər üzrə son detalları dəqiqləşdirir.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun dekabrın sonunda xərcləri azaltmaq üçün mexanizmlər hazırladıqları barədə dediklərini də xatırlatmaq yerinə düşər. Neft Fondunun rəhbəri deyir ki, bu istiqamətdə  müxtəlif ssenarilər hazırlanır.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev də “Azadlıq”a açıqlamasında bildirib ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması Neft Fondunun büdcəsinin təsdiqini yubadır. Ekspertin sözlərinə görə, hökumət büdcədə nefti 90 dollardan hesablasa da, bir barel hazırda az qala, 50 dollara düşüb: “Neft Fondu da öz gəlirlərinin faktiki nə qədər olduğunu hesablamalıdır ki, büdcədə neftin hansı qiymətlə götürülməsini müəyyənləşdirsin. Problem bundadır. Neftin qiymətini 60-70 dollarla götürmək olar. Variantlar müxtəlifdir. Ona görə də fondun büdcəsini təsdiqləmək yubanır. Güman ki, məsələ yuxarı instansiyalarda müzakirə olunur”.

Nigar