«Azadlıq» zərbə aldı, «Azadlıq» radiosu, «Zerkalo», «Mediaforum» bağlandı
Azərbaycan Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondu (KIVDF) 2015-ci ilin I yarısında KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib. Şura ölkədə fəaliyyət göstərən 33 qəzetin tirajinın, dövriyəsinin və yayımının müsabiqənin şərtlərinə cavab verdiyini nəzərə alaraq, onlara 2015-ci ilin birinci yarısı üçün 1.234.000 manat maliyyə yardımı ayırıb.
Daha dəqiq ifadə etsək KIVDF sözəbaxan mətbuata dəstəyini davam etdirir. Məhz buna görə də “Azadlıq” qəzeti yenə də maliyyə yardımından kənarda qalıb. Amma məsələ təkcə bunda da deyil. Artıq heç kimə sirr deyil ki, KIVDF hakimiyyətin qanunsuz əməllərinə göz yuman, həqiqətləri dilə gətirməyə cəsarəti çatmayan, “xeyir-dua” ilə dərc olunan mətbuatın dostudur. Prinsipial, qəzetçiliyə xəyanət etməyən, doğruları dilə gətirən, cəmiyyətin problemlərini işıqlandıran mətbuat isə KIVDF-nin düşmənidir.
Ümumumiyyətlə, KIVDF-nin fəaliyyəti mətbuata hasnı töhfələri verdi?
Qeyd edək ki, heç bir tirajı olmayan, cəmiyyətdə tanınmayan mətbuat orqanlarının da maliyyədən bəhərləndiyi göz önündədir və bu mətbuat orqanları kimlərinsə himayəsindədir. Amma bir reallıq da var ki, 2014-cü il azad mətbuatın “ölüm ili” oldu. Yəni, KIVDF həqiqətə yardım göstərə bilmədi. Əksinə, həqiqətin carçıları yardımsızlıqdan məhv edildi.
2014-cü ildə “Azadlıq” qəzeti bütün layihələrdən kənarda qaldı, qəzetin əməkdaşları əmək haqlarını ala bilmədi, qəzetin aparıcı əməkdaşlarından biri Seymur Həzi həbs olundu, “Qasid” firmasının “Azadlıq”a borcu 70000 manata çatdı. “Ayna-Zerkalo” qəzeti fəaliyyətini dayandırdı. Ilin sonunda “Mediaforum.az” saytı və “Azadlıq” radiosunun Bakı ofisi də fəaliyyətini dayandırmalı oldu. Adını çəkdiyimiz bu media orqanları Azərbaycanda kifayət qədər tanınmış, tamaşaçı auditoriyası olan, peşəkar jurnalistlərin çalışdığı orqanlardı.
“Azadlıq” qəzetinə və “Azadlıq” radiosuna qarşı hücumlar açıq şəkildə həyata keçirildi. Ölkənin ikinci şəxsi bu mətbuat orqanları ilə bağlı geniş məqalə yazdı və onların fəaliyyətini xəyanət kimi qiymətləndirdi. “Ayna-Zerkalo” və “Mediaforum.az” isə özlərini maliyyələşdirə bilmədiklərinə görə dayanmağa məcbur oldular. Ümumilikdə Azərbaycanda azad mətbuata münasibət, KIVDF-nin qərəzli mövqeyi və hakimiyyətin bu istiqamətdə apardığı siyasət azad mətbuatın sıradan çıxarılmasına xidmət etdi.
Azərbaycan hakimiyyətinin avtoritar mahiyyəti imkan vermir ki, media orqanları özlərini maliyyələşdirə bilsin. Bu gün qəzetlərin reklam bazarı yoxdur, qəzet yayımına məhdudiyyət qoyulub, prinsipial jurnalistlər təqib edilir, tənqidi mətbuat iqtisadi yollarla qapadılır və.s
Nəticədə isə məlum olur ki, KIVDF mətbuata 1234000 manat maliyyə yardımı ayırıb. Belə mənzərə yaranır ki, KIVDF əslində azad mətbuatı sıradan çıxarmaq üçün yaradılıb. Çünki, bu fondun fəliyyəti nəticəsində heç bir tirajı olmayan mətbuat orqanları, ictimai-rəyə təsir edə bilən mətbuat nümunələrini sıradan çıxarır. Yəni, nüfuzlu mətbuat orqanları maliyyəsiz duruma düşdüyü üçün sıradan çıxır, nüfuzsuz mətbuat isə bazarda qala bilir.
Bir sözlə, 2014- cü il azad mətbuatın məhv edilməsi baxımından “effekt”li il oldu. Tendensiya onu göstərir ki, hakimiyyət bu prosesi davam etdirməkdə israrlıdı. KIVDF də bu siyasəti “uğur”la davam etdirərək həqiqi KIV-ə dəstək verməməkdə israr edir.
Akif