Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
46 il öncə bu gün – yanvarın 5-də o vaxtki Çexoslovakiyada Kommunist Partiyasının rəhbərliyinə gələn Aleksandr Dubçek SSRI-dən asılılığa son qoymaq və “Insan sifətli sosializm” yaratmaq fikrinə düşdü, müəyyən islahatlara start verdi, məsələn, senzuranı məhdudlaşdırdı, çoxpartiyalı sistemə keçid, sərbəst toplaşmaq azadlığının təmin olunması kimi mütərəqqi qərarların veriləcəyi bəyan olundu. Sonradan tarixə “Praqa baharı” kimi düşən bu proses sosialist bloku qoşunlarının Çexoslovakiyaya yeridilməsi ilə faktiki olaraq, sona çatdı.
Indi – “Praqa baharı”nın ildönümündə biz bir il əvvələdək Lazım nazirimiz olmuş Səfər Əbiyevin Çexiya vətəndaşlığı almasını müzakirə edirik. Bu hadisəni hətta “ikinci Praqa baharı” da adlandırmaq olar. Bəli, bəli, Səfər müəllimin ayağı dəyən yerdə gül, nəfəsi dəyən yerdə pul bitir. Çexlər onun qədrini bilsinlər.
Düzdür, bəzi ağzıgöyçəklər deyirlər ki, guya Əbiyev dövlət sirrinə açıq postda çalışdığı üçün ölkəni tərk edə bilməzdi, gərək o, vaqif olduğu dövlət sirlərinin məxfilik müddətinin başa çatmasını gözləyəydi və s. və i.a. Boş söhbətdir. Şəxsən mən Səfər Əbiyevin hansısa dövlət sirrindən xəbərdar olduğuna qətiyyən inanmıram, hətta ola bilsin o, Lazım naziri olmasından belə, xəbərsiz idi. Mən bu qənaətə uzun illər Əbiyevin nazirliyinin mətbuata açıqlamalarını diqqətlə oxuyan biri kimi gəlmişəm. Təsəvvür edin, cəbhə xəttindən atəşkəsin pozulduğu, düşmənin hansısa yüksəkliyi ələ keçirdiyi, ya da əsgərlərimizin bir-birini güllələdiyi xəbərləri gəlir, jurnalistlər Lazım Nazirliyinə zəng edib bu barədə soruşanda isə oradan ancaq belə cavab alırdılar: “Bizdə bu haqda heç bir məlumat yoxdur”. Yaxşı, indi belə bir nazirdə dövlət sirri hardan olsun?!
Ümumiyyətlə isə Səfər Əbiyevin məhz Çexiyadan vətəndaşlıq alması yaptokratiyanın balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirildiyini bir daha təsdiq edir. Bəs necə?! Səfər müəllimdən əvvəlki Lazım nazirimiz Məmmədrəfi Məmmədov vəzifəsindən azad edildikdən sonra Rusiyaya sığınmışdı. Əbiyevin Avropaya sığınmasından sonra isə artıq bu məsələdə də balans yaranıb, bu o deməkdir ki, biz Rusiya ilə Qərb arasında birmənalı seçim etməmişik, hələ də xarici siyasətimizi uğurla balanslaşdırmaqdayıq.
Nəhayət, yaptokratiyanın keçmiş nazirlərinin, deputatlarının bir çoxunun xarici ölkələrə üz tutması bizim həqiqətən də analoqsuz inkişafımızın, regionun lider dövləti olmağımızın göstəricisidir. Gəlin xatırlayaq: Milli Məclisin sabiq sədri Rəsul Quliyev – ABŞ-da, Fərhad Əliyev Ingiltərədə, Rza Ibadov da həmçinin. Keçmiş maliyyə naziri Əvəz Ələkbərov Türkiyədə, bir başqa keçmiş maliyyə naziri Fikrət Yusifov dünənəcən Rusiyada yaşayırdı, beyqəfil qayıdıb gəlib, hökumətin olmayan iqtisadi siyasətini elə mədh edir ki, hiss olunur, burnuna deputatlıq qoxusu dəyib, axı bu il Milli Məclisə növbəti seçki şousu olmalıdır, xeyli adam ulduzunun yenidən parlayacağını intizarla gözləməkdədir. Keçmiş Lazım naziri Məmmədrəfi müəllim haqda yazdıq – Rusiyada, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev isə hansısa Avropa ölkəsində yaşamaqdadır. Xeyli vaxtdır ləğv olunan “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti Hüseyn Hüseynov da xarici ölkələrdən birindədir.
Siyahını daha çox uzatmayaq. Göründüyü kimi, biz antimilli ünsürlərin, düşmən dəyirmanına su tökənlərin, inkişafımızı gözü götürməyənlərin dediyimi kimi dünyaya heç də yalnız neft ixrac etmirik, həm də artıq nazir ixrac edən ölkəyik. Qoy onların bilik və bacarıqlarından bir az da başqaları faydalansınlar, onlar da analoqsuz inkişaf etsinlər, öz regionlarının lider dövləti olsunlar. Biz paxıl deyilik.
Sonda: ümumiyyətlə, hətta artıq sabiq olsa belə, hansısa yaptokrat nazirin xaricə köçməsini belə top-tüfənglə qarşılamaq nəyə lazımdır? Bizdən uzaq olsunlar, istəyirlər, lap gedib Yupiterdə yaşasınlar.