Güney Azərbaycan mətbuat tarixi ilə bağlı yeni kitab

Bu günlərdə Türkiyədə tanınmış türkoloq və azərbaycanşünas alim, dr.Ənvər Uzunun “Iran Türk basınının 200 yılı” (Trabzon, 2014) adlı kitabı nəşr olunub. 

Müəllifin iyirmi illik ciddi yaradıcılıq axtarışlarının yekunu olan kitabda 1814-cü ildən 2014-cü ilədək olan iki əsrlik dövrdə Güney Azərbaycanla bağlı 1035 qəzet və dərgi haqqında biblioqrafik məlumat verilmişdir. Təqdim edilən mətbuat orqanlarının 122-i Güney Azərbaycanın hüdudlarından kənarda cap olunmuşdur. Kitabda, eyni zamanda, ayrı-ayrı qəzet və dərgilərin fotoları da verilmişdir. Araşdırmanın ümumi həcmi 432 səhifədir.

Müəllifin öz vəsaiti hesabına, yüksək poliqrafik keyfiyyətlə, rəngli çap olunan kitabın elmi redaktoru Əli Barazendeh Türkdür.

Qeyd edək ki, Ənvər Uzun son illərdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı “Hüseyn Cavid və Türkiyə ədəbiyyatı”, “Iran türk folkloru”, “Koroğlu”, “Iran izlənimlərim: tarix və etnoqrafiya”, “Zərdüşt və atəşpərəstlik”, “Yüz Güney şairi, yüz Güney şeiri” və başqa elmi və publisistik kitabların və çoxlu sayda məqalələrin müəllifidir.