Zümrüd Yağmurdan açıq siyasi hekayə

Siyasi əsərələri ilə fərqlənən yazıçı Zümrüd Yağmur bu qəbildən yeni hekayə qələmə alıb. O, hekayəsini hissə-hissə özünün facebook səhifəsində yaymağa başlayıb. Yazıçı bunu belə izah edib ki, ölkədə fəlaiyyət göstərən ədədbiyyat saytları və ədəbi nəşrlərin onu dərc etməyə cəsarət göstərəcəyinə inanmır. Hekayənin maraq doğuracağını və ölkənin ictimai-siyasi mühitini əks etdirdiyini nəzərə alaraq, onu dərc edirik.

Zülmətə yolçuluq

Böyük, möhtərəm Əlahəzrətin əmri ilə…

Bu yazılanları Əlahəzrətin əmri olaraq qəbul edin. Bundan sonra ölkəmizin torpaqlarının nə qədər bərəkətli və zəngin olduğunu bütün dünyaya sübut etmək üçün qərara alıram:

On illiyinə B. şəhərindən başqa bütün torpaqları R. adlı ölkəyə icarəyə verirəm. Ölkə əhalisinin vəziyyətini nəzərə alaraq və insanlarımızın gözəl və rahat yaşaması üçün bildirirəm ki, üç gün ərzində hamı B. şəhərinə daşınsın.

Əlahəzrət… B. şəhəri, 6.6.2006.

Molla Əlahəzrətin fərmanını oxuyan kimi dil boğaza qoymadan onu şərh etməyə başladı:

– Möhtərəm Əlahəzrətin mübarək və o gözəl əlləri iə imzalanmış razılaşmaya görə R. adlı ölkənin əlahəzrətinə on illiyinə icarəyə verilir torpaqlarımız… Ölkəmiz zəngin və bərəkətlidir və siz baxın ki, bizim Əlahəzrət nə qədər istəyir bizi dünya tanısın. Həm də böyük Əlahəzrətimiz, cənab zati-aliləri düşünüb ki, bunun ən qısa yolu torpaqları icarəyə verməkdir. İndi torpaqlarımızı icarəyə götürənlər görəcəklər ki, necə bərəkətli torpaqlardır və gedib hər yerdə, bütün dünyada bundan danışacaqlar. Amma günü-gündən yox, saatbasaat gözəlləşən paytaxtımız şükür Allaha ki, Əlahəzrətimizin mərhəməti sayəsində bizim yaşamamız üçün saxlanılıb. Üç günümüz var, gərək B. şəhərinə gedək ki, oraya daxil olaq. Vaxtımız azdır. Düzdür, Əlahəzrət bildirib ki, şəhərə girmək istəməyənlərin bu arzusunu anlayışla qarşılaycaq. Yəni girmək istəməyənlərin demokratik istək və insan haqlarına qətiyyən qarışmayacaq. Əlahəzrət bildirib ki, biz demokratik ölkədə yaşayırıq və kim harda yaşamaq istəyirsə onu da seçə bilər. Görürsünüzmü, nə qədər demokratik ölkədə yaşayırıq. Amma mən B. şəhərinə gedəcəyəm, ona görə də sabah tezdən yola düşürəm, – Molla əlindəki qəzeti sanki hamının gözünə soxacaqmış kimi yelləyib boynunu irəli uzatdı.

– Hə, bir də ayrıca bir qeyd var…

– Nədir o, ay Molla, daha nə var? – Əli müəllimin ümidsiz səsi eşidildi.

 – Ermənilərlə iş birliyində olan, sabitliyi pozmağa çalışanlarla əlbir olanlar B. kimi gözəl və qüdrətli şəhərə buraxılmayacaq. Bunu da yenə mərhəməti sayəsində öncədən deyib ki, belələri zəhmət çəkməsinlər. Əlahəzrətin nifrət etdiyi, bizim də lənətlədiyimiz anti-milli ünsürlərin ölkəmizdə, yəni B. şəhərində yaşamağa haqqı yoxdur.

Hamı çaşmışdı, kimi əlini başına atıb durmuşdu, kimi başındakı papağı əlində sıxıb susmuşdu. Kimsədən səs çıxmırdı, lal sükut qorxuya qarışıb hamının ürəyindəki cəsarət hissini əsir götürmüşdü sanki… Qorxu eynən Əlahəzrət kimi, hökmranlıq etdiyinin fərqində idi. Hamıya da gülürdü, qəhqəhə çəkib hamının ürəyindəki təpəri alıb yerinə əzik bir hiylə, cəsarətsizlik doldururdu. Kimsə də buna mane olmaq üçün qəlbinin qapısını qorxuya qapamaq istəmirdi.

Adamlar yan-yana düzülüb başını bir-birinə çevirməyə sanki xəcalət çəkirdi. Hamı da eyni şeyi düşünürdü deyəsən, “mənə nə, elə birinci mən etiraz etməliyəm?” deyib ağıllı olmaq üçün dilini dişlərinin arasına alıb sıxırdı. Əlindəki fərmanı oxuyub qurtarandan sonra Molla inadla onlara baxırdı, amma kimsədən də səs çıxmırdı.

Zaman hamıdan arxada durmuşdu. Rəngi də ağappaq ağarmışdı. Ciddi və möhtərəm üzü özünə qarşı hörmət yaradırdı. Zaman kimsəyə bənzəmirdi, hamı da bunun fərqində idi. Ən başlıcasısa yalan danışmazdı və hamı buna görə ona dərindən, lap dərindən hörmət etsə də, anlaya da bilmirdi onu… 

Hamı özünü tanıyırdı – içində kim olduğunu, yalan danışıb saxtakarlıq etdiyini, əxlaqdan danışıb əxlaqsızlığın qucağında oturduğunu, hətta Allahdan danışıb Allahsız olduğunu da bilirdi. Tək anlaya bilmədikləri Zamana bənzəmək istəməsələr də, sanki içlərində onun zəmanədən və qorxudan azad olmasına qarşı bir az həsəd aparmaları idi. Hətta ən çox Allahdan danışan, gözəl, bəlağətli nitqi olan, uzun müddət hamının abırlı və yaxşı biri kimi tanıdığı Molla belə, adamların gözündən düşmüşdü. Yalançı və ləyaqətsiz olduğu ortaya çıxanda ondan az ləyaqətsiz və yalançı olmayanlar Mollanı lənətləmişdilər, hətta bununla da qalmamışdılar, asmışdlar, kəsmişdilr, amma ürəklərdə olmuşdu bunların hamısı. Çünki ilk daş atmaq üçün günahsızı yoxdu. Hamı da bunu bilirdi və susurdu.

Zaman avazımış üzünü adamlara tutub başını həmişəki kimi dik tutdu:

– Bu günün olacağına, belə bir fərmanı, fərman nədir, əmri bir gün dinləyəcəyinizə əmindim mən. Bilirdim ki, belə olacaq. Əlahəzrəti rədd etmək lazımdır dedim, amma siz məni dinləmədiniz, gündə üzünüzə qarşı edilənlərə dözməklə elə bildiniz ki, sıra sizə gəlməyəcək. Nə oldu, bəs başınızı salamat saxlaya biləcəkdiniz, “siyasatə qarışmamaqla” həyatınızı, evinizi qoruyacaqdınız? Nə oldu, bir eviniz qalmışdı, daxmalarınızı da əlinizdən aldılar. Vətən demirəm, vətən sizin nəyinizə gərək?.. Amma baxın, sizə lazım olmayan o vətən gedincə, Əlahəzrət tərəfindəın icarəyə verilincə demək ki, evlərinizi də qorumaq olmurmuş… Bir gün mən desəydim ki, bu Əlahəzrət evlərinizdən sizi qovacaq, bu ölkəni kiməsə peşkəş edəcək, “ağ eləmə” deyərdiniz, elə deyil? Amma bax, hər şeyə, harınlığa susanda, kimsənin gözünün yaşına baxmadan, bir əmrlə məsələ həll olunurmuş.

Hamının üstünə soyuq su səpələndi sanki… Amma ən azından Zamanın danışması, ürəklərində həbs etdikləri həqiqəti dilə gətirməsi onları bir az rahatlatmışdı. Bu yerlərdə həbsxananın dəmir barmaqlıqları arasında sıxılan həqiqətin özü də sanki məmnundu. Burdakı insanlar da o gerçəyin anlıq xoşbəxtliyini duymuş, bir anlıq dustaq doğruların Zamanın dilində azadlıq əldə etməsinə sevinmişdilər. 

– Bəs indi nə edək, sən onu de! – kimsə dilləndi. Zamandan səs çıxmadı, sıxıntı ilə başını aşağı salıb susurdu. Molla bundan istifadə edib cır səsini yenə qaldırıb sözə başladı:

– Necə yəni nə edək, eşitmədiniz nə etmək lazımdır? Şəhərə yola düşmək lazımdır. Əlahəzrətin qəzəbinə gəlsəniz, sizi şəhərə buraxmazlar. Ağıllı olun, buna uymayın, Allahdan qorxun. Allah padşanının üzünə ağ olan qövümləri sevməz. Bir də, on il nədir ki, papağınızı fırlayacaqsınız, gəlib keçəcək. Bu on ildə də şəhərdə adam kimi yaşayacaqsınız, nəyi pisdir? Gərək elə burda peyinlə, tövlə ilə əlləşib, əzab çəkəsiniz? Əlahəzrət sizi düşünüb əslində…

– Sən Allahı alverinə qatma, onun adından da danışma. O Allah dediyin onu da buyurub ki, zülmə dözməyin, bunu niyə demirsən? İşinə gəlmir, səsini kəs və get burdan. Əlimdən bir xəta çıxacaq, sənin başın toyuq kimi üzülməli başdır, amma ölümün mənim əlimdən olmasın.

“Amma sənin ölümün mənim əlimdən olacaq!”. Molla dişini sıxıb ürəyində Zamana hədə biçdi. Zamanın səsi qəzəblə guruldadı. Molla onun səsindəki qətiyyəti görüb geri çəkildi, amma üzündəki ifadədən bəlli idi ki, Zamanla bu sözlərin hesabını çəkmək üçün artıq planlar cızmağa başlayıb. Zaman onun acıqla baxdığına əhəmiyyət verməyib irəli yeridi, qəzəblə Mollanın  üzünə baxıb hələ də əlində tutduğu fərmanı dartıb aldı. Diqqətlə onu təkrar oxudu, qaşları çatıldı. Araya gərgin sükut çökmüşdü, kimsədən səs çıxmırdı. Kişilər qərar verməli idi, qadınlarınsa hələ olanlardan xəbəri yoxdu.

– Camaat, bu, artıq son həddir. Sizə vətən, ana torpaq deyib, ona sahib çıxamanızı istəməyəcəm. Bilirəm ki, vətən də, torpaq da sizin elə o neçə otaqlı evinizdən, tövlənizdən ibarətdir. Vətən demirəm, evinizi, tövlənizi, həyətinizi, qadınlarınızı və uşaqlarınızı qorumaq istəyisinizsə, barışmayın bununla… İndi deyəcəyim bilirəm, xoşunuza gəlməyəcək, bəlkə məni buna görə döymək istəyəniniz də olacaq, olsun, döyün, amma mən deyəcəm. Valah belə gedərsə bir gün də deyəcəklər ki, qız-qadınlarınızı icarəyə veririk, görsünlər ki, ölkənin necə gözəl qadınları var.

– Əstafurullahhh, Allah sənə lənət etsin, sən nə danışırsan? Əlahəzrət belə bir əməli necə edər, o necə razı olar belə şeyə, Allahdan qorxun yoxdur sənin… Ay kişilər, siz niyə susursunuz, belə də şey olar? Sən kimsən, kimsən belə danışırsan? Biz məgər kişi deyilik ki, qızlarımızın, qadınlarımızın namusunu sən çəkirsən?

– Kəs səsini, hə, lazım gəlsə, sənin də qızını mən qoruyacam, sən onu qoruyacaq biri deyilsən. Öz şərəfini qoruya bilməyən, ləyaqətini satan başqa birinin namusunumu qoruyacaq? Kəs səsini, mənə Allahla da hədə gəlmə, ondan sən qorx…

– Amma Zaman, Molla düz deyir, yəni bu qədər də olmaz, sən lap bizi təhqir etdin.

– Eləmi? Təhqir etdimmi Ramiz müəllim? Üzr istəyirəm o zaman… Amma bax, sən de, nə edəcəksiniz belə olarsa? Sillə vergisi oldu, nə etdiniz? Budur, torpaqlarınızı icarəyə veriblər və sən bir gün oyanıb görürsən ki, evini tərk etməlisən. Nə edirsən sən indi? Nə edirsiniz, hamınız susursunuz və əmin olun ki, bundan da pis bir əmr olanda yenə susacaqsınız. Mənim dediyimə inciyirsiniz, ay kişilər, bu ölkənin qadını məgər elə xarici ölkələrdə fahişəlik etmir? Nədir, onların sizə aidiyyatı yoxdur, eləmi? Amma o qadınların da ataları eynən sizin kimi düşünürdü – etmərik, qoymarıq. Amma oldu da, qoydular…

Hamı susurdu.  Zaman hamının üzünə baxdı, onun nəzərlərinin altında əzilirmiş kimi yumağa dönürdülər sanki, kiçilir, xırdalanırdılar. 

– Qərar verin. Mən sizə hələ keçən il, sillə vergisi qoyulanda demişdim ki, bunun axırı yaxşı olmayacaq. Onda da susurdunuz, sonra bu Mollaya uydunuz. Yox, günahkar o da deyil, siz uymaq istədiniz. İstəməsəydiniz o heç nə edə bilməzdi. Onun sözləri sizin qorxunuzu bəsləyirdi, sərf edirdi sizə, ona gərə də dedikləri ilə razılaşırdınız. Həm də ona görə ki, sonra bunun pis olduğunu özünüzə etiraf edəndə bir günahkar tapıb onu qamçılaya biləsiniz… “Biz etmədik, Molla bizi azdırdı” deyib, onun arxasında gizlənməkdən ötrü, özünüzlə üzləşmək istəmədiyiniz üçün belə etdiniz. Yox, kimsəni, istəməsə azdırmaq olmur, kim azmaq istəyirsə o azır, kim hara getmək istəyirsə, ora yürüyür. Kim nəyi tapmaq istəyirsə, onu axtarır. Siz də axtardığınızı tapmısınız – Mollanı. Ona uymaq işinizə gəlir. Mollanın Şükür kimi himayədarı var, yığılan nəzri də xərcləyib, istədiyi kimi yaşayır. Ona kim şərait yaradıb? Əlahəzrət, təbii. Ona görə də onun köləsi olmaqdan razıdır. Bəs sizə nə edib? Nə işiniz var, nə haqqınız. Varmı? Əkdiyiniz məhsul belə əlinizdə qalıb çürütmürmü? Ömürünüz də onlar kimi çürüyür. Qərar verin! Nə vaxta qədər belə yaşayacaqsınız?

Zaman əlindəki fərmanı yerə atıb üstündən də adlayıb keçdi.

Molla tez irəli atılıb fərmanı yerdən qaldırıb sığalladı, acıqla Zamanın arxasınca baxıb onu baxışları ilə hədələdi.

– Qardaşlar, mömunlər ona inanmayın. Sillə vergisindən kim əziyyət çəkdi ki, bu bir ildə. Nə oldu, kim öldü? Hər gün gedib üzünüzə bir sillə vurdurmaqla kimin nəyi əskildi? Siz buna baxmayın, ləyaqət, heysiyyatmış… Özü lütün biridir, acından ölür, hamımızn da ölməsini istəyir. Ləyaqətlə, qürurla qarın doymur. Siz ona qulaq asmayın, öz uğursuzluğunun qisasını bizdən almaq istəyir, – Molla bir nəfəsə danışıb dayandı.

Yenə kimsədən səs çıxmadı.

Molla onları  ələ aldığını hiss edib  canlandı.

– Baxın, mənim yaxşı əlaqələrim var. Şükür ağa ilə danışıb həll edəcəyəm. Keçən il sillə vergisində nə demişdimsə, onu tutmuşam. Nə demişdim, Sükür ağaya tapşırtdıraram, silləni vuranda yavaş vurarlar. Siz Allah deyin, birinizə bərkdən sillə dəyib bu günə qədər. Buna görə yığdığınız pulu son qəpiyinə qədər yuxarı ötürdüm. Baxmayın siz bunun Şükür ağanın arxasınca danışmasına, Allahdan qorxan adamdır, əgər elə olmasaydı, bizi qorumazdı ki…

İndi də soz verirəm, bizi sağ salamat şəhərə buraxacaqlar. Buna uysanız, hər şeyi məhv edərsiniz, B. şəhərinə də yaxın düşə bilməzsiniz. Kimdir bu yoxsul biçarənin sözünə məhəl qoyan? Əlahəzrət bunun kimi acızdənmi qorxacaq? Nə edə bilər ki? Belə azad edə biləndir, qardaşını həbs ediblər, onu azad etsin. Qardaşına bir gün ağlaya bilməyən indi gəlib bizə ağıl öyrədir. Mənsə sizə nə söz vermisəmsə tutmuşam. Di indi gedin, qərarınızı verin və sabah yola çıxaq. Yubanmaq olmaz, bütün ölkə dayanacaq şəhərin qapısına, basabas olacaq, üç gün vaxtımız var. Şəhərə çatmaq asandır, maşallah Əlahəzrətimizin siyasəti nəticəsidə hamının qapısında maşını var, 4-5 saata ordayıq. Dağılışaq, sabah sillə vergisını ödədikdən sonra qərarınızı deyin, mən də işimi bilim. Əgər getmək istəsəniz, deyin ki, mən də Şükür ağadan bu işin qiymətini öyrənim.

– Bu vurhavurda yenə də sillə vergisi ödəyəcəyik?! – Əli müəllim dilləndi.

Molla başını yana əyib üzünə yazıq ifadə verdi.

– Ay Əli müəllim, bir ildir hər səhər sənə bir sillə vururlar, nə olub, haran parçalanıb, haranda zədə var, nə olacaq bir dürtmə ilə.. İnsafən, Səməd də Allah adamıdır, yavaş vurur də… Di uzatmayın, sabah qərarınızı verərsiniz, – Molla fərmanı hörmətlə qatlayıb üzündəki yaltaq ifadəni gizlətmədən camaata bir nəzər salıb uzaqlaşdı. Uzaqlaşanda üzündə elə ifadə vardı ki, sanki indi hamının taleyi ondan asılı idi. Hamı bunu düşünsə də susdu, çünki elə doğurdan da hamı ondan asılı idi bir az. Molla bu yerlərin balaca Əlahəzrəti idi və bunu da gizlətmirdi. Keçən il sillə verigisini qoymadan öncə olan seçkilərdə Əlahəzrət  onların rayonuna gəlmişdi. Camaatı tökdülər yollara, amma Əlahəzrəti kimsə yaxından görə, şikayətini deyə bilmədi. Rayona qaz çəkilmişdi, adamların sevincinin həddi-hüdudu yoxdu. İllərdi ki, hər qış zülm çəkirdilər, evdə soyuqdan donmamaq üçün yandırmadıqları şey qalmazdı. Mazut, hətta quru peyinə neft töküb yandıranlar da vardı. Qışda mazutun qara tüstüsü göy üzünü görməz etdiyi kimi, peyin iyindən də beyin çatlayırdı. Ona görə də qazın gəlməsinə hamı sevinirdi. Plan quran, qazla evinə istilik sistemi çəkdirmək haqqında danışan kim… Amma  kimsənin planı həyata keçmədi, kimsə də qazın istisinə isinmədi. Əlahəzrət gələndə onun getdiyi bir-iki evə qaz verildi, pilətələrdə qazın yanmasını kameralar çəkib televiziyalarda göstərdi. Onlar da bunu izlədi, hər gün də çəkilmiş boruları ümidlə yoxladı, yox, qaz gəlmədi. Sonra da bəlli oldu ki, televiziyalarda göstərilən o alovlanan qaz borudan gəlməyb, balon qazını yandırıb bu yalanı da bayram edib, hamı dağılıb.

O gün ancaq Molla Əlahəzrətə yaxın düşə bilmiş, əlindən tutmuşdu və bildiyi bütün duaları cır səsi ilə oxuyub hətta ömründən kəsilib Əlahəzrətin ömrünə calanmasını diləmişdi.  O gün bu gün Molla bu mahalda ən hörmətli adam olmuşdu. Qazın gəlmədiyini görən adamlar da  şikayətini ona bildirmişdi. Əli müəllim yenə də özünü saxlaya bilməyib düşündüklərini onun üzünə söylədikdə Molla da onun dediklərinə eyni şəkildə etiraz etmişdi.

– Nə danışırsan, sən Əlahəzrətlə bizi eyni tutma… O başqa, biz başqa… And olsun Allaha, onun əlini tutanda xəcalət çəkdim, ömrümdə belə təmiz və yumşaq əl görməmişdim. İndi deyirsən, biz özümüzü onunla bir tutaq?

Orada olan Zaman yenə də dayana bilməyib tərs-tərs Mollanın üzünə baxmışdı.

– Əli təmizdi, amma vicdanı deyil. O əlini hər gün yuyur, amma bir gün ruhunu, vicdanını yuya bilər gör? Yox, sənin Əlahəzrətin qaniçəndir, qanla bəslənir, məhz buna görə də üzündən qan damır. Əlləri yumşaqdır deyirsən hə, niyə də olmasın, ömrümdə bir dəfə iş görüb o? Yox, doğulandan pambıq içində böyüyüb, hazır da hakimiyyəti alıb ələ, sənin kimi biverclərin hesabına olub Əlahəzrət. Onun Əlahəzrət stajını sənin kimilər yazır.

– Tövbə de, çarpılarsan, Allahın xoşuna gəlməyən hərəkətlər, sözlərdir bunlar…

– Eləmi? Bəs sən onun-bunun son pulunu da nəzir kimi alanda, o nəzirləri fahişəxanada xərcləyəndə Allaha xoş gəlir etdiklərin? Yxsa sənin o Şükür ağanın etdikləri xoşdur Allaha? Şeytana fatihə xuyanda günah yazılmır ona? 

Molla heyrətlə Zamanın üzünə baxdı. Hər cizgidə hiss olunan o qətiyyət, az yuxarı dartılmış qaşlarının altındaki gözlərindən süzülən o öfkə… Bir anlıq bu üz ona sanki öz cəlladının siması kimi göründü. İçindəki həsəd od kimi onu qovurub keçdi. Nəyə görə onun üzündə sürünən bir yaltaqlıq, irişmə varkən, Zamanın üzündə hər zaman qətiyyət və inam vardı?! Molla bunları düşünüb dilxor oldu, amma bütün bunların onun günahı olmadığına inanmaq üçün sürətlə özünə “həqiqət” uydurdu. Bu, onun günahı deyildi, xeyir! Üz xətlərini, taleyini Allah belə yaratmışdı, özünü o yaratmamışdı. Amma özünü yaratmış olsaydı belə Zaman kimi yaratmazdı. Çünki Zaman çulsuzun təkiykən, o buraların əlahəzrəti idi. Tam tərsi, Zaman ona həsəd aparmalı idi. Bunları düşünərək özünü sakitləşdirdi. Nəzərlərini Zamandan çəkib çayxanaya diqqət yetirdi. Gülənlər də vardı, cəsarət edib gülməyənlərsə boğazını dartıb udqunurdu. Çünki Mollanın kinli olduğunu hamı bilirdi. Bir də Mollanın yuxarıda əlaqələri vardı. Şükür ağa da Əlahəzrətin yaxın silahdaşı idi. Hər dəfə də adamlar televizorun qarşısında əyləşib bunu görür və bilirdilər ki, Şükür ağa elə-belə adam deyil, böyük adamlarla, Əlahəzrətin özü ilə oturub durursa, demək ki, hər şey edə bilər.

Hətta adamlar onu da bilirdi ki, Zamanın qardaşı Rüstəmin həbs olunması Mollanın işidir. Zamanı sındıra bilmədiklərindən onun qardaşını girov götürmüşdülər, cibinə narkotik maddə atıb saxlayanda Molla da yanında olmuş, sonra da elə məhkəmədə Mollanın öyrətdiyi adamlar üzünə durub onlara da  narkotik maddə satmaq istədiklərini demişdilər. Beləcə, Rüstəm həbs olunmuşdu. Mollanın kimsənin fərqində olmadığı bu “yaxşılıqları” etməyə can atmasını kimsə anlamazdı. Bu sadəcə Mollanin kimliyində inşa etdiyi, ruhunun can atdığı zavallılığın təntənəsi idi və o bundan məmnun halda Rüstəmi həbs etdirəndə Zamandan qisas almışdı.  

O qisasçı adam idi. Bildiyini biçir, bilmədiyini də torpağa əkirdi.

Qorxu  qanla bərabər  hamının canına yayıldı.

Beləcə illər ötürdü, Əlahəzrət möhkəmləndi, qorxu böyüdü, xalq kiçildi…

Ardı var